Azərbaycanda qapıçı sarıdan korluq çəkilməsi tez-tez vurğulanır. Amma əslində, bölgələrimizdə istedadlı qapıçılar var. Sadəcə, onları axtarıb tapıb üzə çıxarmaq, tanıtmaq, onlara güvənmək, onları yetişdirmək lazımdı. Bugünkü qəhrəmanımız da belə istedadlı, böyük perspektiv vəd edən yeniyetmə qapıçıdı. 15 yaşı hələ 2 ay sonra - 2025-ci ilin fevralında tamam olacaq və artıq 1,87 sm boya malik Qüdrət Qarayev futbol rayonu sayılmayan Goranboyun yetirməsidi. O, bu mövsümdən “Kəpəz”in üzvü olaraq peşəkar çıxışına başlayıb. Qüdrəti Presssport.az-a müsahibəsiylə yaxından tanımaq imkanınız olacaq.
- Futbola sevgin hardan yaranıb?
- Əslində, bir vaxtlar artıq çəkim olduğuna görə atam arıqlamağım üçün məni futbola qoymuşdu. İlk vaxtdan məndə bu idman növünə sevgi yarandı. Halbuki, uşaq vaxtlarımda futbola marağım olmayıb, televiziyada da baxmamışam. Mənə bu sevgini ilk məşqçim olan Ceyhun müəllim (Ceyhun Əhmədov-müəllif.) yaratdı. Özü də futbola hücumçu kimi başlamışdım.
- Niyə belə olmuşdu?
- Yaşıdlarım arasında ucaboylu olduğuma görə məni hücuma qoydu müəllimim. Sonradan bir gün elə oldu ki, oyunda qapıçımız olmadığına görə məni “çərçivə”yə qoymalı oldu. Mən də yaxşı durdum. Ceyhun müəllim bunu gördü və dedi ki, bundan sonra daha qapıçı olacaqsan. Beləcə hücumda oyunum bitdi.
- Buna görə indi peşman deyilsən?
- Yox-yox (gülür) Qapıda özümü rahat hiss edirəm.
- “Kəpəz”ə keçidin necə alındı?
- İlk dəfə 2023-cü ildə gəldim bura. Bizim rayona - Goranboya ən yaxın Gəncə olduğuna görə atam buranı seçdi. Həm də “Kəpəz” tanınmış klubdu. Avqustda liqamız başladım və burda oynamağa başladım.
- Gəncədə özünü necə hiss edirsən?
- Gözəl. Yaxşı komandamız, mehriban kollektivimiz var. Yaxşı ab-hava var, burda özümə yeni dostlar qazandım. Onlar mənə gəncəli olmadığımı hiss etdirmir. Baş məşqçimiz İlqar Hüseynov də yaxşı müəllimdi, yaxşı insandı. Bizə futbolun sirlərini öyrədir, hər dəfə dəstək verir. Yaxşı oynamağımız üçün əlindən gələni edir. Taktiki məşqlərə də böyük diqqət ayırır. Qapıya zərbələr üzərində çox işləyirik.
- Bəs, qapıçılar işləyən məşqçin əsas nə üzərində işləyir?
- Ayaqla oynamağa. Çalışıram ki, məşqçilərimizin dediklərini düzgün edim, səhvlərimdən nəticə çıxarım.
- Bu mövsüm penaltilər dəf etməyinlə də yadda qaldın. Məşqçiləriniz bu zərbələr zamanı sənə nəyə diqqət yetirməyi tövsiyə edir?
- Qapıma 3 penalti təyin olunub. Onlardan yalnız 1-i qol olub - Sumqayıtda. “Neftçi” və "Qəbələ"ylə matçlarda rəqib futbolçulardan “11 metrlik”dən mənə qol vura bilməyib. Belə eşitmişəm ki, penalti lotereyadı. Burda bəxtin də gətirməlidi. Çalışıram ki, zərbə vurulandək diqqətli olub, rəqib futbolçuların topu vuracaqları küncü tapım.
- Artıq qış fasiləsinə yollandınız. Komandanızın mövsümün ilk yarısında çıxışı haqda nə deyə bilərsən?
- Məncə, pis oynamadıq. Razı qaldım. Düzdü, xal itirdiyimiz matçlar da oldu ki, qələbə qazanmalı idik. Yəni, daha çox xal toplaya bilərdik. Hazırkı yerimiz (10-cu pillə) layiq olduğumuz yerimiz deyil.
- Ən uğurlu və ən uğursuz oyunlarınız hansıları sayırsan?
- Ən uğurlu “Qəbələ”ylə Gəncədəki matç oldu. 0:2 uduzurduq. İkinci hissədə 22 dəqiqəyə 3 qol vuraraq qalib gəldik. Uşaqlar böyük əzmkarlıq göstərdi. Ən uğursuz matç isə son turda Bakıda EFA-ya 1:4 məğlub olduğumuz görüşü sayıram. Mənim üçün uğursuz oyun oldu. Bir də “Vətən”lə matçdı ki, onda da Bakıda 1:4 uduzduq. Həmin görüşdə isə hakim səhvlərinə görə məğlub olmuşduq.
- Bəs, özün üçün uğurlu və uğursuz oyunlardı?
- Ən uğursuz "Qarabağ"a Gəncədə 1:5 uduzduğumuzdu. Onda nasaz idim və belə vəziyyətdə oyuna çıxmışdım. Ən uğurlu oyunumu isə "Sabah"la öz meydanımızdakı görüşü sayıram. Baxmayaraq ki, onda da uduzmuşduq - 2:3, amma yaxşı çıxış etdiyimi düşünürəm. “Sabah"ın, habelə “Vətən”lə "Qəbələ"nin məşqçisi məni oyundan sonra yaxşı oyunuma görə təbrik etmişdi.
- “Kəpəz”in əsas komandasının qapıçılarla işləyən məşqçisi Vüqar Məmmədovla da səninlə fərdi çalışır. Onun sənə əsas məsləhətləri nədi?
- Vüqar müəllim çox gözəl məşqçidi. Mənimlə maraqlı məşqlər keçir, zəif cəhətlərimi düzəltməyə, çıxışlarda inamlı oynamağım üzərində çox çalışır.
- Azərbaycanda hansı iddialı klubda oynamaq istəyərsən?
- "Qarabağ"da. Xoşuma gəlir bu komanda. Avropada oyunlarını daim izləyirəm, futbolçularını tanıyıram.
- Ən çox sevdiyin qapıçı - həm Azərbaycanda, həm də dünyada - varmı ki, onu bəyənərək ona oxşamaq istəyirsən?
- Azərbaycanda Rza Cəfərovdu, xaricdə idə David de Xeadı.
- Onlarda əsas nə xoşuna gəlir?
- Rza gənc, perspektivli yerli qapıçıdı. “Neftçi”nin və millimizin artıq əsas qapıçısıdı. De Xea isə dünyada güclü qapıçılardandı. Ayaqla yaxşı oynayır, cəldliyi də xoşuma gəlir.
- Qarşıda duran əsas hədəfin nədi?
- Avropaya getmək. İstəyirəm ki, güclü qapıçı olum.
- Hansı ölkəyə yollanmaq istəyirsən?
- İspaniyaya.
- Niyə məhz ora?
- Bu ölkədə qapıçılar həmişə güclü olub. Komanda oyunu çox yaxşı olur İspaniyada. İtaliya da var ki, ordan həmişə yaxşı qapıçılar çıxıb. Amma komanda oyunu İspaniyada daha yaxşıdı.
- Xaricdə, Azərbaycandan çox uzaqda olsan, ailənin üçün darıxmayacaqsan?
- Darıxmayacam, çünki mənim üçün əsas Avropada yetişib yaxşı qapıçı olmaqdı.
- U-15 yığmamıza hələ ki çağırılmamısan. Bu, səni ruhdan salmır?
- Yox. Əlbəttə, istəyərəm ki, milli komandaya çağırılım. "Zirə"ylə Bakıdakı oyunumuza yığmamızın 2 məşqçisi gəlib izləmişdi. Boyumun uca olması üstünlüyümdü, bundan yaxşı istifadə etməliyəm. Məncə, qapıçı üçün də boy də vacibdi, ayaqla yaxşı oynamaq da.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC