"Qüdrət Qarayev İtaliyada 2-3 ay ərzində özünü yaxşı cəhətdən göstərsə, nəhənglərin diqqətini çəkər"

Keçən mövsümün sonuna yaxın “Kəpəz”in əsas komandasının məşqlərinə cəlb olunan U-15 komandasının “1 nömrə”si Qüdrət Qarayev yeni sezona İtaliyada başlayacaq. Belə ki, növbəti ayda - avqustda Apennin yarımadasına yollanacaq Qüdrət “Peruca” Futbol Akademiyasında yer alaraq qapıçılığın sirlərini öyrənəcək. Onun bu gedişinə yardımçı olan azərbaycanlı futbol agenti Kamran Şahverdiyevlə söhbətləşməyi məqsədəuyğun saydıq. Bu yerdə bildirək ki, xeyli vaxtdı İtaliyada yaşayan həmyerlimiz ən azı 20 azərbaycanlı oyunçunun Polşa, Slovakiya, Yunanıstan, İngiltərə, İtaliya, Portuqaliya kimi ölkələrə transferinə köməklik göstərib. 28 yaşlı Şahverdiyev Presssport.az-a müsahibəsində maraqlı mətləblərə toxunub.

- Qüdrət Qarayev necə diqqətinizi çəkdi?

  • - Qüdrət Qarayev adı diqqətimizi “Kəpəz”in akademiya komandasının oyunlarında çəkdi. Şirkət olaraq 2-3 əməkdaşımız mütəmadi olaraq aşağı yaş qrupların oyunlarını izləyir. Həmin ərəfələrdə əməkdaşlarımız boy və fiziki göstəricilərinə görə digər mövqedaşlarından fərqlənən Qüdrətin oyun raportunu yolladı. Mən də izlədikdən və potensialı gördükdən sonra dərhal atası Yalçın Qarayevlə əlaqə saxladıq. Ona Qüdrət üçün necə karyera planlaması edə biləcəyimizi bildirdim. Yalçın bəy ilə fikirlərimiz üst-üstə düşdü və Qüdrəti rəsmi olaraq nəzarətimizə götürdük.
  • - Maraqlıdı, atasının razılığını almağınız çox vaxt almadı ki? Yoxsa onu fikrindən daşındırmaq üçün bir müddət gözləmək lazım gəldi?
  • - Bir qədər vaxt aldı Yalçın bəylə danışığımız. Həmin nəzərdə tutduğumuz planlamanı məsələn, fiziki göstəricilərinə və oyun xarakteristikasına görə İtaliya və Polşa futboluna daha uyğun olduğunu, bu tip ölkələrdə Qüdrətin karyerasının daha da inkişaf edəcəyini, ilbəil növbəti addımlarımızın necə olacağını necə yönələcəyimizi və hansı yanaşma ilə işləyəcəyimizi dedikdən sonra ortaq məxrəcdə razılaşdıq.
  • - İtaliya ilə Polşa arasında seçim edərkən, birinci ölkə hansı planda üstün gəldi? Burda İtaliyada yaşamağınız nə dərəcədə həlledici rol oynadı?
  • - İtaliya qapıçı məktəbinə görə dünyada ən öndə gedən ölkələrdəndi. Ən azı 5 ildən bir bu ölkədən Top səviyyədə qapıçı yetişir. Əsas seçim bu yöndən oldu. Həm də elə akademiyaları nəzərdən keçirdik ki, daha əvvəl qapıçı yetişdirmiş oldu. Müəyyən səviyyələrə çatdırmış akademiyalar Qüdrət üçün müsbət rəy verdikdən sonra proses daha da sürətləndi.
  • - Məlumdu ki, Qüdrətin boyu 15 yaş üçün çox yaxşıdı - 1,90-a çox az qalıb. Bu dəqiqə Avropada boy amili xüsusilə yeniyetmə, gənc qapıçılar nə dərəcədə üstünlük sayılır ki, əsas diqqəti məhz buna yönəldirlər?
  • - Bəli, Avropada ilk diqqət yetiriləcək məqam boy amilidi qapıçı üçün. 1.85-1.86 m və aşağısı qapıçılar üçün hansısa komandada oynamaq çox çətindi. Onun üçün də düşünürük ki, İtaliya qapıçı məktəbinin metodikası ilə Qüdrət ən azı 1.96 cm boya malik olacaq. Bu da istənilən klub və akademiya səviyyəsində həmin qapıçıya maraq yaradır.
  • - İtaliyanın futbol ölkəsi olduğu bəllidi və orda akademiyalar çoxdu. Maraqlıdı, niyə məhz “Peruca”?
  • - Əslində, ilk əvvəl nəzərimizdə “Novara” Futbol Klubu var idi, akademiya ilə də razılaşmışdıq. Daha sonra “Peruca” Futbol Akademiyası bizə müsbət fikir bildirdikdən sonra onunla razılaşdıq. Çünki bu, italiyanın ən güclü Top səviyyədə oyunçu yetişdirən akademiyasıdı.
  • - Bir az da detallara toxunaq - İtaliyaya səfər konkret nə vaxta nəzərdə tutulub, nə vaxtdan məşqlər, oyunlardı?
  • - İlk 2-3 ay ərzində artıq bəlli olacaq bütün bunlar. “Peruca” Futbol Məktəbi olduğu üçün gözlər hər daim həmin akademiyada olur. Qüdrət 2-3 ay ərzində özünü yaxşı cəhətdən göstərsə, nəhənglərin diqqətini çəkər. Buna uyğun keçmişdə nümunələr var - "Peruca"da fərqli illərdə yetişmiş 2 qapıçıdan biri “Yuventus”, digəri “İnter” akademiyasına cəlb olunub və bunlar 6 ay “Peruca”da oynadıqdan sonra baş verib. 
  • - İngilis dilini bilən Qüdrət hələ ki məktəblidi və onun təhsil məsələsi də maraqlı məqamdı. Bu yöndə də məlumat verərdiniz…
  • - Elə akademiyanın təkidi ilə İdman Liseyində təhsil alacaq. Oranı bitirdikdən sonra isə elə İtaliya universitetlərin birində İdman Menecmenti ixtisasında təhsilini davam etdirəcək. Təbii ki, bütün tədris səviyyəsində dərslər italyancadı. Bunun üçün də artıq yavaş-yavaş dili təkmilləşdirməyə başlayıb.
  • - Xeyli vaxtdı İtaliyada yaşayan həmyerlimiz kimi bunu sizdən soruşmaq yerinə düşür ki, bu ölkəyə tam adaptasiya olmaq üçün Qarayev hansı amillərə xüsusi fikir verməlidi?
  • - Əsas dil məsələsidi. Dil daha səlis olsa, adaptasiya daha rahat olacaq gündəlik həyatda. 
    Futbol baxımından isə məşqlərin tempi və innovativliyi tam fərqli olduğu üçün ona uyğunlaşmağa azı 2 həftə - 1 ay vaxt lazımdı.
  • - O da bəllidi ki, bizim futbolçular legioner həyatı yaşayanda darıxaraq Vətənə qayıtmağa daha çox can atır. Bəs, 15 yaşı olan bir futbolçuda bu problem yarada bilər? Bu yöndə yeniyetmə Qüdrət Qarayevə hansı tövsiyələrinizi verərdiniz?
  • - Müəyyən yaşa çatmış, evdən, ölkədən kənara çıxmamış azərbaycanlı oyunçular üçün xaricdə adaptasiya olmaq qəlizdi. Lakin Qüdrət kimi deyək ki, 15-16 yaşlı bir azərbaycanlı futbolçu xaricə - fərq eləmir İtaliya, İspaniya, Portuqaliya olur-olsun - çıxdıqda adaptasiyası daha rahat olur. Yəni, bu yaşdakı uşaqların adaptasiyanına maksimum 1-2 ay vaxt lazımdı ki, yeni həyatlarına öyrəşsinlər. Bunun üçün də çalışdığımız odur ki, azərbaycanlı uşaqları müəyyən - 15-16 yaş qrupunda xaricə göndərərək, adaptasiya olaraq xaricdəki legioner həyatına daha tez öyrəşdirək. 
  • - “Kəpəz”lə ayrılmağınız necə oldu? Sabah Qüdrət başqa bir kluba keçsə, Gəncə klubuna yetişdirmə haqqı düşəcək?
  • - Qüdrətin “Kəpəz”lə müqaviləsi bu yay bitir. Bundan sonra rahat bir şəkildə İtaliyaya gedəcək. Lisenziyasını da bu ölkədə çıxarmış olacağıq. Çünki “Kəpəz"də müqaviləsi həvəskar müqavilə sayılır. Bu müqaviləyə əsasən də yetişdirici klub olaraq ”Kəpəz" heç bir haqq qazanmır. Bundan əlavə, klubda keçirdiyi müddət yalnız 1 il ərzində olduğu üçün gəncəlilərə heç bir məbləğ ödəniləsi deyil. 
  • - Bəs, futbolçuyla şəxsi anlaşmanız neçə illikdi?
  • - Hələ ki kağız üzərində 2 illikdi. İlkin mərhələdə bu müddətdə anlaşma imzalamışıq FİFA-nın qaydalarına uyğun olaraq. İnşallah, sonradan da müqavilənin müddətini öz aramızda artıracağıq. 
  • - Qüdrət Qarayevin gələcəkdə güclü apıçı olaraq ölkəmizi xarciə uğurla təmsil etmək, milli komandamızın “1 nömrə”si olmaq perspektivini necə dəyərləndirərdiniz?
  • - Qüdrətin potensialına əsasən bəli, biz də inanırıq ki, gələcəkdə karyerasını xaricdə davam etdirəcəyi təqdirdə, İtaliyanın hansısa Top bir komandasında oynadığı müddətdə Azərbaycanın “1 nömrə”li qapıçısı olacaq - həm ölkə, həm də milli səviyyəsində.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC