Futbolla maraqlanan siyasətçilərimiz yetərincədi. Hətta aralarında yaxşı top qovanlar da var. Müsahib kimi seçdiyimiz Fəqani Məhərrəmliylə söhbətimizin mövzusu futbol olsa da, burda əsas fikir mübadiləsi keçən mövsümü “Kəpəz”in U-15 komandasında keçirmiş, hətta əsas komandanın məşqlərinə cəlb olunmuş, bu ayın sonunda isə İatliyanın “Peruca” klubunun akademiyasına yollanacaq Qüdrət Qarayevlə bağlı oldu. Məhərrəmli Presssport.az-a çüsahibəsində yeniyetmə futbolçunun əmisi olaraq onun gələcək perspektivini dəyərləndirib.
- Futbola marağınız necədi? Azərbaycan futboluyla nə dərəcədə yaxından maraqlanırsınız?Bəlkə dünya, Türkiyə futbolu sizə daha maraqlı gəlir?
- Futbola hər birimizin marağı uşaqlıq illərindən çox böyük olub. Hər birimiz kimi, mən də küçə futbolu oynamışam. Sonra rayon mərkəzində UGİM üzvü olmuşam, orda top qoşmuşam. Uşaqlığımızdan həm Azərbaycan futbolunu, həm dünya futbolunu - xüsusilə Avropa və Latın Amerika futbolunu ciddi şəkildə izləmişik, bundan zövq almışıq, oyunları təhlil eləmişik. Futbolla bağlı həm kitabları, həm də mətbuatdan məlumatları daim oxumuşuq, maraqlanmışıq. Bu gün dünyada futbolun özünəməxsus bir yeri var. Həm də futbol insanları, ölkələri, millətləri bir-birinə yaxınlaşdıran bir idman növüdü. Hesab edirəm ki, hər bir insanın idmanın müxtəlif növlərinə, xüsusilə də futbola ciddi marağı olmalı, baxmalı, təhlil eləməlidi. Son illər Azərbaycan futbolu da özünəməxsus bir inkişaf yolu keçib. Əvvəlcə bunu qeyd edim ki, Azərbaycanda bir futbol ənənəsi, bir futbol məktəbi var. Bunda “Neftçi”nin vaxtilə keçmiş SSRİ-də oynadığı futbol, yetişdirdiyi oyunçular, eyni zamanda “Kəpəz” bir vaxtlar əsas liqada çıxış etməsi faktoru var. Buna görə bu futbol ənənəsi Azərbaycanda artıq yeni dövrdə yeni bir vüsət alıb. Xüsusilə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı bir daha sübut edir ki, futbolumuz yeni bir mərhələdi. Klublarımızın oyunu bir daha göstərir ki, Azərbaycan futbolunun gələcəyi ümidvericidi.
- Futbol və siyasət arasında paralel aparsaq, hansısa bir oxşaqlıq varmı? Hansı daha çətindi? Yaxud hansında daha çox baş işlətmək lazımdı?
- Bayaq da qeyd etdim ki, futbol idman növü müasir dünyamızda hər zaman insanların, dövlətlərin, millətlərin bir-biriylə yaıxnlaşmasında, daha da sıx təmas qurulmasında çox böyük rol oynayır. Əslində, futbol bir sülh oyunudu. Hər ikisi - futbol və siyasət sözün həqiqi mənasında bir-birinə çox uyğun gələn terminlərdi. Çünki hər ikisində baş əsas rol oynayır. Futbol da başla oynanılır sözün məcazi mənasında, siyasət də başla aparılır. Hətta sizə bir məsələni açıqlamaq istəyirəm ki, keçmiş Yuqoslaviyada belə bir deyim vardı: bu ölkənin keçmiş rəhbəri, 30 il hakimiyyətdə olmuş Broz Tito ölkəsinin çoxmillətli ölkəsinin mövcudluğunu uzun müddət futbolla sürdürmüşdü. Yəni, futbol insanları daha yaxınlaşdırmış, daha çox bir-birinə bağlamışdı. Hətta bu gün modern dünyamızda futbol diplomatiyası deyilən bir termin də artıq mövcuddu. Buna çoxlu paralellər və misallar gətirmək olar. Belə ki, münasibəti gərgin olan 2 dövlət adətən bu münasibətlərin düzəlməsində, formalaşmasında, yenidən müsbət dinamika qazanmasında adətən futbol yarışlarından, oyunlarından məharətlə istifadə edir. Buna görə futbol hər zaman sülhə, insanların, millətlərin, dövlətlərin yaxınlaşmasına xidmət etdi. Elə bu konteksdə də götürəndə, futbol çox önəmli bir idman növü imici qazanmışdı.
- Doğma rayonunuz Goranboy 1992-ci ildən keçirilən milli çempionatlarımızda heç vaxt təmsil olunmayan azsaylı bölgələrimizdəndi. Bu, goranboyli tanınmış insan kimi sizə necə təsir edir? Və ən əsas, bunun səbəbini nədə görürsünüz ki, Goranboyun hələ də yüksək liqada təmsilçisi yoxdu?
- Sözsüz ki, buna ancaq təəssüflənə bilərəm. Əsfuslar olsun ki, Goranboyda vaxtilə hər zaman yaxşı perspektiv vəd edən futbolçular olsa da, rayonun özünün komandası olmayıb və Azərbaycan milli çempionatlarında iştirak etməyib. Buna dediyim kimi, yalnız təəssüflənirəm. Amma səbəblərini araşdırdıqda, sözsüz ki, bunun ilk növbədə uşaq futboluyla bağlı problemi olduğunu düşünmək lazımdı. Goranboyda uzun müddət futbolçu yetişdirmək üçün stadionların olmaması önəmli faktorlardan biridi. Amma son illlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı və göstərişi ilə Goranboyda Olimpiya İdman Kompleksi tikilib təhvil verildi. Hər gün ora gedirəm və gənclərin nə qədər böyük həvəslə müxtəlif idman növləriylə, xüsusilə futbola məşğul olduqlarını, maraqlandıqlarını görürəm. Eyni zamanda burda maliyyə sıxıntılarının da olması sözsüz ki, qaçılmazdı. Lakin bir önəmli faktor da ondan ibarətdi ki, adətən Goranboyun perspektiv vəd edən idmançıları, xüsusən futbolçuları daha çox Gəncədə oynamağa üstünlük verir. Bir növ Goranboy da Gəncəbasar bölgəsidi. Ola bilsin ki, bu faktor da Goranboyun özünün bir komandasının formalaşdıra bilməməsində önəmli rol oynayıb. Ancaq ümid edirəm ki, artıq Olimpiya İdman Kompleksinin varlığı Goranboyun da yaxın illərdə bir komandasının Azərbaycan futbol səhnəsinə çıxacağını şərtləndirəcək əsas amilə çevriləcək.
- Yeri gəlmişkən, Goranboyun perspektiv vəd edən və Gəncəyə üz tutan futbolçularından biri də Qüdrət Qarayevdi. Bu yeniyetmə qapıçının uşaqlığı gözünün qabağında keçib. Onda həmin vaxtda futbol, xüsusilə qapıçılıqla bir potensial, bacarıq görürdünüz? Bununla bağlı daxili hissiyatınız nə deyirdi?
- Əvvəla, onu deməliyəm ki, Qüdrət bir idmançı ailəsində göz açıb, böyüyüb. Onun atası Yalçın Qarayev Azərbaycanı dünya miqyasında uğurla təmsil etmiş və müxtəlif medallar qazandırmış idmançımızdı. Dszdü, o daha çox döyüş növlərində - karate sahəsində mükafat qazanmış insandı, Prezident diplomlarıyla təltif olunmuş idmançımızdı. Amma əsas olan odur ki, Qüdrətin bir idmançı ailəsində doğulub boya-başa çatması faktdı. Onun uşaqlıqdan futbola böyük marağı olub. Bayaq qeyd etdiyim kimi, Goranboy Olimpiya İdman Kompleksinin verdiyi üstünlüklər də yeniyetmələrimin bu marağını daha da yüksəldir. Artıq Qüdrət Gəncədə - “Kəpəz”in futbol akademiyasında uzun müddət məşqlərini davam edib. Hesab edirəm ki, o, arzu etdiyimiz, gözlədiyimiz nəticələri əldə edəcək. Mübaliğəsiz deyə bilərəm ki, bu ad - Qüdrət adı Azərbaycan idman arenasında bundan sonra daha çox, sıx-sıx eşidiləcək, müzakirə olunacaq. Onun həvəsi, potensialı, futbola olan sevgisi və marağı, xüsusən ucaboyu qapıçı-futbolçu kimi uğur qazanacağına dəlalət edir. Biz də arzu edirik ki, Qüdrətin gələcəyi parlaq olsun və ümidləri doğrultsun. İnanırıq ki, bunu da edəcək. Bildiyiniz kimi, onun oyun tərzi, qapıçılıq məharəti Avropanın bir sıra futbol məktəblərinin diqqətini cəlb edib. Sözsüz ki, bu, Qüdrətin futbol menecerləri vasitəsilə həyata keçirilir. Avropanın bir neçə futbol akademiyasından dəvətlər var. Qüdrətin həm futbol menecerləri, həm də futbol məşqçiləri, eyni zamanda valideynləri İtaliyanın futbol məktəbinə daha çox üstünlük verib. Bildiyim qədərilə Qüdrət bu ayın sonlarında İtaliyanın Peruca şəhərində yerləşən eyniadlı futbol akademiyasına yollanacaq, orda təhsilini və məşqlərini davam etdirəcək. Ona uğurlar, bol şanslar arzulayırıq. Niyə məhz İtaliya? Çünki təhlillərdən, inidiyə qədər gördüklərimizdən belə nəticə çıxarırıq ki, İtaliya futbolu nəinki Avropanın, hətta dünyada ilk yerlərdəndi. İtaliya futbol məktəbinin çox güclü ənənələrinin olduğu bir ölkədi. Xüsusən “Peruca” Futbol Akademiyası dünya futboluna kifayət qədər güclü qapıçılar yetişdirib, verib. Buna görə də hesab edirəm ki, Qüdrətin İtaliyanı, "Peruca"nı seçməsi çox uğurlu bir variantdı və o, orda öz sözünü deyəcək. Bəribaşdan da Qüdrətin bu yolçuluğunda uğurlar arzulayırıq.
- Sizcə, 15 yaşlı bir futbolçunun bu yaşda ölkə xaricinə çıxaraq futbolun sirlərini öyrənməsi nə dərəcədə ona üstünlük verir? Digər tərəfdən, bu yaşda ailədən kənarda qalmaq, qərib bir ölkədə adaptasiya olmaq, dili öyrənmək, psixoloji məsələlər narahatıq doğura bilərmi? Yeni ölkəyə adaptasiya istənilən halda, zaman alacaq - kimdə bu, az müddət olur, kimdəsə çox…
- Onu deyim ki, Qüdrətin futbolu seçməsi öz şəxsi arzusu olaraq həyata keçirilib. Yəni, öz iradəsini ortaya qoyaraq - baxmayaraq ki, yeniyetmədi - valideynlərini inandıraraq razı salıb ki, onlar da onun qapıçı-futbolçu kimi yetişməsinə razılıq verib. Valideynlər də sözsüz ki, oğullarının idmanlarında, məşqlərində daha yaxşı yerlərə gəlməsi, daha sanballı oyun nümayiş etdirməsi üçün çox əziyyət çəkir, çalışır. Sözsüz ki, bu sözləri məşqçilərinə də bunu şamil edərdik. Soyuq-isti demədən qapıçının üzərində çox işləyirlər. Qüdrət də yetkin, artıq həyatı başa düşən bir yeniyetmə kimi bütün bunların hamısını görür. Həm validenylərinin, həm də məşqçi-müəlimlərinin əziyyətini görür. İnanıram ki, o, bu etimadları doğruldacaq. Sözsüz ki, bir yeniyetmə üçün başqa bir ölkədə yaşamaq, orda valideynlərindən, ailəsindən xeyli uzaqda yaşamaq müəyəyn psixoloji çətinliklər yaradacaq, müəyyən daxıxmalar da olacaq. Amma hesab edirəm ki, müasir texnologiyaların verdiyi üstünlüklər, xüsusən vatsap vasiləsilə danışıqlar Qüdrətin qürbətdə darıxmasına imkan verməyəcək. Valideynləriylə, bizlərlə bu əlaqələr mürəmadi qurulacaq və nəticədə özü orda darıxmayacaq. Bir sözlə, Qüdrət girdiyi işin nə qədər çətin, amma nə qədər şərəfli bir yol olduğunu şübhəsiz ki, hiss edir, bilir, fərqindədi. Buna görə bu işin, yolçuluğun uğurla nəticələncəyinə səmimi qəlbdən inanırıq. Məncə, Azərbaycanda belə nümunələr azdı. Çox arzu edirik ki, könül istər belə nümunələr daha da çoxalsın və Azərbaycan yeniyetmələri, gəncləri Avropa futbol məktəbinin yetişdirməsi kimi təkcə Avropada yox, həm də dünyada öz sözlərini desin.
- Bir az da Qüdrətin validenylərinin, xüsuilə atasının dəstəyindən danışaq. Çünki atası Yalçın Qarayev istər maddi, istərsə də mənəvi planda çox böyük dəstək göstərir ki, oğlu güclü qapıçı, futbolçu olsun. İnkişafda da məhz belə dəstək böyük rol oynayır. Onun oğlunun döyüş idman növlərində yox, futbolçu olmağında, yaxud xaricə getməyi seçməyində tərəddüləri zamanı, yəqin, sizinlə məsləhətləşmələr aparıb. Maraqlıdı, bu zaman ona tövsiyələriniz nə olub?
- Bilirsiniz, Qüdrətin özündən 2 böyük bacısı var. Onlardan biri iqtiisadiyyat üzrə təhsil alır, digəri də tibb üzrə. Qüdrət də potensallı bir yeniyetmədi, o da istəsəydi - validenyləri də sözsüz ki, bunu istəyərdi - Bakıda universitetlərin birində dediyim, yaxud istənilən sahə üzrə təhsil ala bilərdi. Qüdrətin futbolu seçməsi, eyni zamanda məşqlərini, təhsilini xaricdə davam etdirmək qərarı sözsüz ki, validenylərinin də, yaıxnlarının da düşündürən bir qərar idi. Çətin qərar idi, amma belə bir ərəfədə biz dostlar, qohumlar olaraq bir yer yığışdıq və məsləhət elədik ki, Qüdrətin bu həvəsinin, bu istedadının qarşısını almamaqda fayda görək. Ümumi qərar belə oldu ki, o, öz istəyilə hərəkət eləsin, biz də ona dəstək verək. Qapıçı-futbolçu kimi yetişməsində hər kəs öz töhfəsini versin. Ancaq sözsüz ki, ən çətin qərarı vermək məsuliyyəti onun atasının üzərində idi. O da övladının, oğlunun bu qərarına hörmətlə yanaşdı və biz qohumlar, dostlar olaraq bilirik ki, Yalçın müəlim bu işdə çox əziyyət çəkdi. Qüdrətin bu istəyinin həyata keçməsi üçün əsl valideyn kimi, eyni zamanda həyat yoldaşıyla birgə hər cür fədakarlığı göz önünə aldı. Qüdrət evin tək oğludu və bu faktor da qərar vermək işini xeyli çətinləşdirir. Amma artıq qərar verilib və Qüdrət öz arsusuna çox yaxındı. Allahdan arzu edirik ki, onun bu arzusu, istəyi həyata keçsin, uğurla nəticələnsin. Və Qüdrətdən gözlədiyimiz o nəticələri, uğurları bir ölkə olaraq - təckə qohumlar, dostlar olaraq yox - görək və sevinək.
- Futbolda belə bir deyim ki, yaxşı qapıçı komandanın yarısıdı. Bununla nə dərəcədə razısınız? Bəlkə bu faiz etibarilə daha çoxdu, yaxud azdı? Ən əsas, Qüdrət bu tələblərə nə dərəcədə cavab verir? Onun məşqlərini izləyərkən hansı bəyəndiyiniz keyfiyyətlər var ki, onları xüsusilə vurğulayırdınız və bu, sizdə yaxşı qapıçı olacağına inam yaradır?
Təbii ki, bu yaşda boyunun 1,90 metrə yaxınlaşması faktoru…
- Əlbəttə ki, futbolda qapıçının çox önəmli bir yeri var. Çünki qapıçı futbolda sonuncu müdafiəçidi. Həm də əllə oynamaq səlahiyyətində olan sonuncu müdafiəçidi. Buna görə də qapıçıdan keçən top artıq qol olur. Yəni, müdafiədən keçən top qol olmaya bilər, amma qapıçıda keçən top artıq qol olur. Buna görə qapıçının məsuliyyəti çox böyükdü və o üzdən deyirəm ki, Qüdrət çox məsuliyyətli işin altına girib. Bu yolda iradəsi, həvəsi, istəyi sözsüz ki, ona uğur gətirəcək. Bir daha deyirəm ki, bizlər də buna inanırıq. Qüsdətin məşqlərinin demək olar böyük hissəsini izləyirəm. Özü də çox həvəslə, çox sevərək, çox sevinərək. Qüdrətin toplara çox çevik reaksiyası, ucaboylu olması, tullanışları, qurtarışları və bu zaman da xüsusən ağlından, hissiyatından uğurla istifadə etməsi bizdə belə bir inam yaradır ki, Qüdrət çox rəqabətli Avropa futbol məktəblərində öz sözünün deyəcək.
- Qüdrət bu yaşda İtaliya kimi güclü qapıçı yetişdirən ölkəyə gedir və necə deyərlər, qapıçının üzünə qapılar açılır. Şans var, ona inamınız var, bu, aydındı. Bəs, sizcə, həlledici amilər nə olacaq ki, Qüdrət bu baryerləri uğurları aşaraq Azərbaycanın ən güclü qapıçılarından biri və ən nəhayət, millimizin "1 nömrə"si olacaq?
- Bilirsiniz, bayaq da qeyd etdik ki, Qüdrətin bədən quruluşu, yaşı, ucaboyu, çevikliyi , idmançı ailəsində göz açması - bütün bunlar hamısı ona dəlalət edir ki, Avropa futbolunu mənimsəyəcək, Avropa futbolunda öz yerini tutacaq. Və sözsüz ki, günün birində də Azərbaycan milli komandasının şərəflə qoruyacaq. Lakin qeyd etdiyiniz kimi, uğur qazanmaqda əsas məsələ məncə, inamdı. Qüdrət dərindən inanır ki, o, bu işin öhdəsindən uğurla gələcək. Onun inamı da, əzmi də bizdə böyük ümidlər yaradır. Biz də Qüdrətin inamından, əzmindən yola çıxaraq açıq ürəklə deyirik ki, o, Avropa futbolunda vaxt gələcək öz sözünü deyəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC