ABB ilə "Qarabağ" Futbol Klubu arasında memorandum imzalanıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur.
İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəl imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş etdirilib.
Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaq.
İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını deyib: “Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, Qarabağ Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq".
Gözəl bunları qeyd edib: “ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC