Azərbaycanda yeni işə başlayan baş məşqçi "Presssport"a səmimi etiraflar etdi: "Məqsədimiz “1 nömrə” ilə oynamaq, avrokuboklara çıxmaqdı"

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi Andrey Demçenko müsahibə verib.

Naxçıvan təmsilçisinin 49 yaşlı yeni çalışdırıcısı “Qəbələ”yə Bakı Olimpiya Stadionunun ehtiyat meydanmasında uduzduqları oyundan sonra (0:1) Presssport.az-ın suallarını cavablandırıb.

-Azərbaycana xoş gəlmisiniz. Özünüzü necə hiss edirsiniz?

- Ooo, hava küləklidi, soyuqdu. Hiss olunur ki, Bakı küləklər şəhəridi. Neçə gündür məşqlərdə küləyi hiss edirdim. Amma məncə, bu dəfə sürəti daha çox idi. Həm də çiskinli, yağışlı. İşləməliyik.

- Bunadək işlədiyiniz Qazaxıstanın iqlimi də bizimkinə yaxındı…

- Razıyam, Qazaxıstanda da soyuq olur, küləklidi. Ancaq sizdə yəqin ki, dənizə görə belədi. Astanada işləyəndə “Astana Arena”da məşq edirdik. Ora isə hər tərəfdən qapalıdı. Bu baxımdan işimiz asan idi.

- Bəs, insanlarımız necədir? Onlarda soyuqluq hiss edirsiniz, yoxsa əksinə?

- İnsanlar hər yerdə fərqlidi. Hər ölkənin özünə görə koloriti var. Qazaxlar, gürcülər, azərbaycanlılar – hərəsinin özünə görə xüsusiyyətləri var.

- “Araz-Naxçıvan”a gəlişiniz necə baş tutdu?

- “Jenis”lə müqaviləm başa çatandan sonra perspektivli görünən yeni variantları gözdən keçirirdik. Həmin anda agentim əlaqə saxlayaraq “Araz-Naxçıvan” barədə məlumat verdi. Araşdırmaq, özüm üçün maraq doğuran məlumatları öyrənmək üçün vaxt istədim. Baxdım ki, çempionatda çox yaxşı komandalar var, oyun üslubları xoş gəlir, maliyyə dayaqları etibarlı və sabitdi. “Qarabağ” hər il avrokubokların qrup mərhələsində mübarizə aparır, əlavə olaraq 4-5 komanda çox yaxşı səviyyədədir. Premyer Liqada vəziyyət elədir ki, istənilən komanda rəqibindən xal ala bilər.

- Qarşınıza konkret məqsəd qoyulub?

- Avrokuboklara vəsiqə qazanmaq. Bunu bacarsaq, müqavilənin müddətinin daha 1 illik uzadılması klubun ixtiyarındadı.

- Nəzərə alaq ki, avrokuboklara vəsiqə uğrunda 6-7 komanda mübarizə aparır. Çətin olacaq hər halda..

- Asan olmayacağı dəqiqdi. Rəqiblərimizin adlarına baxın – “Qarabağ”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz”, yeni baş məşqçiyə qovuşan “Neftçi”... Qarşımızda çətin hədəf dayanıb, amma əlçatmaz deyil.

- Rəhbərlikdən yeni transferlər istəmisiniz?

- Heyət komplektləşib. Hazırda 12 legionerimiz var. Növbəti əcnəbi üçün Peşəkar Futbol Liqasına rüsum ödəmək lazımdı. Bu yöndə iş gedir. Alınsa, nə yaxşı, alınmasa da, belə davam edəcəyik.

- Komandanızın “Qəbələ”yə qarşı oyunu sizi nə dərəcədə razı saldı?

- İndiki məqamda mənim üçün önəmli olan topa nəzarət etmək, top itkisindən sonra pressinq etmək, verdiyim tapşırıqları qavramaq və icra etməkdi. Futbolçular texnika deyil, insandı. Ona görə də biri dərhal anlayır, digəri bir az gec başa düşür. Məqsədimiz “1 nömrə” ilə oynamaq, meydanda diqtə edən tərəf olmaqdı. Yavaş-yavaş müəyyən oyun cizgiləri görməyə başlayırıq.

- Bu gün daha çox hücumçulara qəzəbləndiyinizi gördük...

- Elə şeylər var ki, onları mən yox, müasir futbol tələb edir. Avrokubokları düşünürüksə, tələblərə cavab verməli, ona uyğun oynamalıyıq. Hücumçu hansı anda nə etməlidir, yaxud cinahdakılar hansı qərarı verməlidi – bunlar çox vacibdi. Hər mövqenin özünə görə qaydaları var. Əvvəl başqa futbol oynayıblar, indi nisbətən dəyişiklik etmişik. Ola bilsin, buna görə futbolçulara bir az çətindi.

- Oyunun məzmunu ürəyinizcə oldu?

- Hədəfimiz təkcə taktiki-texniki cəhətdən yox, həm də psixoloji baxımdan nəyəsə nail olmaqdı. Futbolçuları inamlı, gümrah olmağa səsləməli, hücum futbolu oynamaları üçün əlimizdən gələni etməliyik.

- Azərbaycan futbolu barədə məlumatlarınız zəngin idi, yoxsa “Araz-Naxçıvan”dan aldığınız təklifdən sonra zənginləşdi?

- Yalan danışmayım, xüsusi bilgilərə sahib deyildim. Bir ölkə, yaxud onun futbolu barədə nələrisə anlamaq üçün mütləq orada yaşamalı, yerində hiss etməlisən. Məlumatım “YouTube” üzərindən əldə etdiyim analitika ilə bağlı idi. Hələ ki, dərindən heç nə bilmirəm. Zaman keçdikcə hər şey mənə məlum olacaq.

- Hazırda Azərbaycanda top qovan bir neçə ukraynalı futbolçu var. Onları şəxsən tanıyırsınız yəqin.

- Rüstəm Əhmədzadə ilə Aleksey Kaşuku tanıyıram. Anatoli Nuriyevlə Vladislav Veremeyev barədə də eşitmişəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC