Xalq artisti “Neftçi” adında komanda tanımır, Ayxan Abbasovun "Şamaxı"dan gedəcəyindən qayğılıdı: "Qarabağ"a paxıllıq var..."

Şamaxıda eyniadlı komanda ilə “Qarabağ”ın Azərbaycan Kubokunun ilk 1/4 final qarşılaşmasını izləyənlərin arasında xüsusi qonağın olması diqqətimizi çəkməyə bilməzdi. Belə ki, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” Ordenli, Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomuna sahib tanınmış aktyor, teatr rejissoru, İlham Namiq Kamal kimi tanıdığımız İlham Əhmədov dumanlı və şaxtalı havada baş tutan oyuna baxmaq üçün Şamaxı şəhər stadionuna təşrif buyurmuşdu.

İlham bəyi futbol azarkeşi kimi tanısaq da, hər imkanda stadionlarda qarşılaşmırıq.

Odur ki, matç başa çatandan sonra məşhur simadan Presssport.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının suallarını cavablandırmasını xahiş etdik. Xalq artisimiz də sağ olsun, “yox” demədən gündəm yaradacaq açıqlamalarla həmsöhbətimiz oldu.

- Bu cür şaxtalı, dumanlı havada sizi stadionda görmək xoş oldu. Şamaxıya səfərinizin xüsusi səbəbi var?

- Hamı bilir ki, dədə-babam Şamaxının Saritorpaq məhəlləsindəndi. Bir-iki vaxtım var idi deyə, Şamaxıya gəlmişdim. Dedilər, futbol var, mən də bu şansı əldən vermək istəmədim.

- Yəqin ki, komandalardan birinin “Qarabağ” olması da rol oynayıb…

- “Şamaxı” mənim üçün doğma komandadı. Qurban Qurbanov qardaşımın komandası da mənim üçün doğmadı. Qurban son günlər qayğılıdı. Bir söz deyim? 

  • - Buyurun…
  • - Paxıllıq bu milləti qıracaq. Başqa heç nə demək istəmirəm.

- Qurban Qurbanovun paxıllığı?

- “Qarabağ”ın paxıllığı. Bir klub ölkənin, futbolunun adını dünyada şöhrətləndirirsə, ona şərait yaratmaq lazımdı. Baxın, fevralda “Qarabağ”ın neçə oyunu var. Sıx qrafikdə oynayacaq. Belə vəziyyətdə “Qarabağ”a kömək etmək lazımdır axı….Futbolçuların canı dəmirdən deyil, qazla, işıqla işləmirlər.

- Yeri gəlmişkən, “Qarabağ” fevralın 21-də “Neftçi” ilə oyunun başqa vaxta keçirilməsini xahiş etsə də, “ağ-qaralar” təkliflə razılaşmayıb…

- Üzr istəyirəm, bağışlayın məni, elə adda komanda tanımıram.

- “Qarabağ”a qarşı göstərdiyi münasibətə görə, yoxsa ümumiyyətlə?

- Belə əməl olmaz! Azərbaycanlıyıq, gərək hamı bir-birinə dost olsun, qardaş olsun. Futbolçu da insandı, istirahət etməli, qarşıdakı oyuna hazırlaşmalıdı. Məndən də yaxşı bilərsiniz, Bakıdan Nyukasla neçə saatlıq yoldu. Ümumiyyətlə, Azərbaycan xalqı bir-birinə qayğı göstərsə, paxıllıq etməsə, bütün sahələrdə inkişaf edərik. Elə incəsənətdə də.

- Qayıdaq bugünkü matça. Dumanlı havada baş tutan oyundan zövq ala bildiniz?

- Oyunu təşkil edənlər hava şəraitini nəzərə alıb matçın keçirilməməsinə qərar verə bilərdi. Meydanda heç nə görünmürdü. Şüşənin arxasında dayanıb isti çay içirdim ki, əsəbləşməyim. Bu gün futbol yox idi. Şərait yoxdursa, məcbur oynatmağın mənası nədi? Futbolçuları axtarırdım, tapa bilmirdim. Bəzən qırmızı topu görürdüm, onda da oyunçuların qırmızı butsları ilə səhv salırdım.

- Premyer Liqanın turnir cədvəli ilə maraqlanırsınız? Yəqin xəbəriniz var, “Sabah” hazırda liderdir…

- Əlbəttə, baxıram, izləyirəm. Amma 4 xallıq fərq heç nə demir.

- Milli komandamız Ayxan Abbasova tapşırılıb. Bu təyinata münasibətiniz necədi?

- Necə olacaq - çox yüksək münasibətlə yanaşıram. Ayxanın komandalarını izləyənlər bilir, müdafiədən hücuma çıxmağı çox yaxşı bacarır. Bu gün millimizdə buna ehtiyac var. Ayxanın özü də tərbiyəli, abırlı, yerini bilən adamdı. Ona da yığma komandada uğurlar arzu edirəm. Ümid edirəm ki, Azərbaycan millisi Ayxanın rəhbərliyi altında uğurlu nəticələr qazanacaq.

- Abbasovun azarkeşlik etdiyiniz “Şamaxı”dan mövsümün sonunda ayrılması sizi qayğılandırır?

- Əlbəttə, qayğılandırır. Bu cür döyüşkən komanda yaradıb, bütün rəqibləri “Şamaxı” ilə ayaqlaşmağa məcbur edir. Getməsini istəməzdim. Ümumiyyətlə, Azərbaycanda legioner məşqçilərin işləməsinə qarşıyam.

- Millidə, yoxsa klublarda?

- Hər ikisində. O qədər istedadlı məşqçilərimiz var ki, özləri işləsinlər də.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC