Azərbaycan futbol ictimaiyyətinin nümayəndələrinin biri, tanınmış veteran futbolçu, SSRİ idman ustası, Sovet və Azərbaycan futbolunun tanınmış siması Asif Tofiq oğlu Əliyev.
Bu gün onun üçün əlamətdar gündü. Belə ki, ad günü olan səbəbkar 70 illik yubileyini qeyd edir.
A.Əliyev 1956-cı ilin fevralında, o vaxt Kirovabad adlanan Gəncə şəhərində dünyaya gəlib. 14 yaşında - 1970-ci ildə futbolda ilk addımlarını Konstantin Abramenkonun rəhbərliyi altında “Lokomotiv” cəmiyyətində atıb. Bundan 2 il sonra isə Krasnodar şəhərində keçirilən “Dəri top” yarışının qalibi olub.
Peşəkar futbolçu karyerasında 17 yaşında başlayan Əliyev SSRİ çempionatında 2-ci liqasında Kirovabad təmsilçisi “Dinamo”nun formasını geyinib. 1976-cı ildəsə Azərbaycan futbolunun flaqmanı olan “Neftçi”yə dəvət olunur. O, “ağ-qara” formada 1973-1974, 1976-1985-ci illər ərzində çıxış edərək 258 oyunda 43 qol vurub.Peşəkarlığı və oyun keyfiyyətləri ilə seçilən A.Əliyev 1981-ci ildə SSRİ idman ustası adına layiq görülüb.
1985-ci il mövsümünün gedişində doğma şəhərinə qayıdan futbolçu yerli “Kəpəz”də 161 oyunda 88 qola imza ataraq azarkeşlərinin sevimli oyunçularından biri olub. Onun zərbələri o qədər güclü olub ki, bir çox rəqib komandaların qapıçıları bunu dəf etmək qarşısında aciz qalıb. 1990-cı ilə qədər "Kəpəz"də çıxış edən yarımmüdafiəçi peşəkar futbolçu karyerasını 1991-ci ildə SSRİ çempionatının 2-ci liqa təmsilçisi Qazax "Göyəzən"ində başa vurub.
Futbolçu karyerasını başa vurduqdan sonra A.Əliyev məşqçilik fəaliyyətinə başlayıb və 1996, 1998 və 1999-cu illərdə “Neftçi”nin baş məşqçisi kimi çalışıb. O, “Bakı”da isə məşqçi işləyərək Azərbaycan çempionu olub.
Yubilyar hal-hazırda Azərbaycan Regional Futbol Federasiyasının aparıcı mütəxəssisi və AFFA nümayəndəsi kimi PFL bayrağı altında keçirilən yarışlarda fəaliyyət göstərir.
A.Əliyevin zəngin karyerası, meydandakı liderliyi və gənc futbolçulara verdiyi töhfələr Azərbaycan futbol tarixində əvəzolunmaz iz qoyub. Onun idman yolu həm veteranlar, həm də gənc futbolçular üçün əsl nümunə olaraq qalır.
Presssport.az saytı A.Əliyevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və işlərində yeni-yeni uğurlar arzulayır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC