“Neftçi”nin veteran futbolçuları – Asif Əliyev və Aydın Ələkbərov “Palms Sports” Futbol Mərkəzində qonaq olub.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub nümayəndələri ilə görüşən A.Əliyevə 70, A.Ələkbərova isə 60 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.
1956-cı il fevralın 10-da Gəncədə dünyaya gələn Əliyev bir müddət doğma şəhərinin “Tərəqqi” klubunda oynayandan sonra “Neftçi”yə dəvət olunub. 1973-cü ildə SSRİ çempionatının I Dəstəsində “İnşaatçı” (Aşqabad) klubuna qarşı debüt matçındaca qol vuraraq "ağ-qaralar"a 1:0 hesablı qələbə qazandırıb. Həmin mövsümdə meydana çıxdığı 7 oyunda 2 qol vuran hücumçu növbəti mövsümdən etibarən əsas heyət üzvlərindən biri olub.
Ümumilikdə, “ağ-qaralar”ın heyətində keçirdiyi 12 mövsüm ərzində 258 oyunda meydana çıxıb, 43 qola imza atıb.
1985-ci ildə “Neftçi”ni tərk edəndən sonra 6 il “Kəpəz”in şərəfini qoruyub və 1990-cı ildə karyerasını “Göyəzən”də başa vurub.
Daha sonra məşqçiliyə başlayan A.Əliyev 1995-2000-ci illər ərzində baş məşqçilər – Kazbek Tuayev, Ruslan Abdullayev və Əhməd Ələsgərovun köməkçisi olub, 1996, 1998, 1999-cu illərdə isə baş məşqçi vəzifəsini yerinə yetirib.
1966-cı ildə anadan olan A.Ələkbərov isə 5 mövsüm – 1993-97-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bu müddət ərzində 130 rəsmi matçda meydana çıxan müdafiəçi 1996 və 1997-ci illərdə bakılılarla Azərbaycan çempionatının, 1995 və 1996-cı illərdə isə ölkə kubokunun qalibi olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC