70-ə çatan parlaq ömür - Asif Əliyev yubileyini qeyd etdi

Dünən - 13 fevral tarixində futbol ictimaiyyətimiz üçün xoş bir gün idi. Tanınmış veteran futbolçumuz, “Neftçi”nin və “Kəpəz”in tarixində ən yaxşı oyunçulardan olmuş Asif Əliyevin işığına yığışmışdıq. Elə bu həftə - fevralın 10-da 70 yaşı tamam olan səbəbkar ad gününü həmkarlarıyla birgə təmtəraqlı şəkildə qeyd etməyi lazım bildi. Axı, necə də olmasa, bu, yubileydi. Məclisdə iştirak edən yeganə media mənsubu olaraq mən də xoş anlara şahid oldum, xoş hisslər keçirdim.

Asif müəllim haqda çox xoş sözlər deyildi və təbii ki, hər birinə də layiqdi. Onun əsas üstünlüyü ondadı ki, həm yaxşı futbolçu olub, həm də yaxşı insandı. Bu ikisini cəmləşdirmək isə heç də hər bir veteran futbolçuya nəsib olmur. 

Səbəbkara hədiyyələr də təqdim olundu ki, bu sırada Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev AFFA rəhbərliyi adından təbriklərini çatdıraraq millimizin “70 nömrə”li formasını hədiyyə etdi. 

Əliyevə digər “70 nömrə”li forma isə Bakı Futbol Federasiyası tərəfindən hədiyyə olundu. Bunu edən adıçəkilən qurumun prezidenti Tahir Süleymanov səbəbkara xatirə diplomu da təqdim etdi.

Tədbirdə Əliyevin nəsli və orta nəsillə yanaşı, gənc veteranlar, gənc məşqçilər də yer almışdı. Onlar təkcə yaıl meydanda yox, rəqs meydanında oynamağı bacardıqlarını nümayiş etdirdi. Məharətlərinə söz ola bilməz, qol çırmalayıb yaxşı da rəqs etdilər.

Yubilyarın məşqçilik karyerası əsasən “Neftçi”yə, həmçinin “Bakı”ya bağlı olub ki, dəvət etdiklərinin bir çoxu onun futbolçuları olub, indisə özləri də məşqçilik edir. Demək olar hər qonaq da Asif müəllimin futbolçu keyfiyyətindən olmasından danışarkən qapıya güclü zərbələr vurmasıyla fərqləndiyini xüsusi vurğulayırdı.  

Əliyevin həyatda da yaxın dostlarından olan Abdullayev çıxışında zamanın necə keçdiyini, artıq qocalaraq 70 yaşa çatdıqlarını qeyd etdi. Allah sizlərə ömür versin Oqtay müəllim, ona qalsa, bizim nəsil də artıq yaşlanır. Halbuki, 80-ci illərdə SSRİ dönəmində “Neftçi”nin oyunlarını izləmək üçün səbirsizlənirdik, 90-ci illərdə artıq müstəqillik dövründə bunun üçün daha çox stadiona gedirdik, 2000-ci illərdəsə bu sahəyə gəlib, futboldan yazmağa başlayaraq Azərbaycan futbol ailəsini birgə üzvü olduq. Sizlərlə keçmiş haqda söhbət edərkən, maraqlı xatirələrinizlə futbolumuz haqda biliyimizi daha da genişləndirmək imkanına malik oluruq. Arzu edirəm ki, hamımızın yerə aldığı Azərbaycan futbol gəmisi taleyi “Titanik”in aqibəti kimi olmasın.

Mübarəksiniz, Asif müəlllim! Pressssport.az saytı adından sizi 70 illiyiniz münasibətilə bir daha təbrik edirik. İndi elə yaşdasınız ki, sizə ilk növbədə möhkəm can sağlığı arzulamaq lazımdı. AFFA nümayəndəsi kimi fəaliyyətiniz bundan sonra da uğurlu olsun, hələ uzun illər ad günləri, yubileylər keçirərək bizləri - futbol ailəmizi bir araya gətirəsiniz…

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC