Rövşən Nəcəf FİFA prezidentini təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinonun FİFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Təbrikdə İnfantinonun FİFA prezidenti seçilməsinin 10-cu ildönümü münasibətilə səmimi təbriklər ifadə olunub və qurumlararası uğurlu tərəfdaşlıq vurğulanıb.

"Hörmətli prezident Canni İnfantino. Sizi FİFA prezidenti seçilməyinizin 10-cu ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adından səmimi-qəlbdən təbrik edirəm. Ötən onillikdə Sizin rəhbərliyiniz futbolun birliyini möhkəmləndirib və bütün dünyada bu idman növünün inkişafı üçün geniş imkanlar yaradıb".

AFFA rəhbəri FİFA ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrə və əldə olunan uğurlara da toxunub:

"Azərbaycanda futbolun inkişafı FİFA ilə sıx əməkdaşlıq nəticəsində real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdi. 2024-cü ilin martında Bakının "FİFA Series"in pilot layihəsinə ev sahibliyi etməsi bu etimadın bariz nümunəsidi. Milli komandamızla yanaşı, Bolqarıstan, Monqolustan və Tanzaniya yığmalarını qəbul etdik. Bu təşəbbüs FİFA-nın üzv assosiasiyalar üçün daha geniş beynəlxalq oyun imkanları yaratmaq öhdəliyinin bariz nümunəsidir. Həmçinin "FİFA Forward" proqramı çərçivəsində ölkəmizdə VAR sisteminin tətbiqi, regional futbol akademiyalarının inşası və infrastruktur layihələri gələcəyə yönəlmiş mühüm investisiyalar Azərbaycan futbolunun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir".

R.Nəcəf məktubda İnfantinonun COP29 sammiti çərçivəsində Bakıya səfərini və qarşıdakı mötəbər turnirləri xüsusi qeyd edib:

"Sizi 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 sammiti zamanı qəbul etmək bizim üçün şərəf idi. FİFA-nın iqlim dəyişikliyi və davamlı inkişaf sahəsindəki fəallığı futbolun qlobal əməkdaşlıqdakı rolunu göstərir. Bununla yanaşı, Azərbaycanın Özbəkistanla birlikdə 2027-ci ildə keçiriləcək FİFA U-20 Dünya Çempionatına ev sahibi seçilməsi bizim üçün böyük qürurdu. AFFA FİFA və bütün tərəfdaşlarla sıx əməkdaşlıq edərək ali standartlara cavab verən və dünya futbolunun ən yaxşı nümunələrini nümayış etdirən bir turnir təşkil etməyə tam sadiqdi".

Təbrikin sonunda AFFA prezidenti İnfantinoya xoş arzularını çatdırıb və konstruktiv əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC