Azərbaycan futbolunda bir “professor” olub, o da Mahmud Qurbanov. Özü də bu adı ona ölkəmizdə yox, futbol ölkəsi olan Ukraynada veriblər.
Presssport.az həmin müsahibəni təqdim edir:
– Uşaqlığınız Gəncənin hansı hissəsində keçib?
– Gəncədə “Yasəmən” İdman məktəbi var, onun da yanında xalça kombinatı yerləşir. Mən elə o kombinatın yanında böyümüşəm. 18 saylı Azərbaycan təmayüllü məktəbin şagirdi olmuşam.
– Bəs futbola maraq necə yaranıb?
– Futbola ilk dəfə 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında baxmışam. İlk baxdığım oyun da SSRİ ilə Braziliya milliləri arasındakı görüş idi. SSRİ Balın qolu ilə 1:0 hesabı ilə udurdu, sonra braziliyalılar oyunu çevirdi. Sokrates mükəmməl qol vurmuşdu. Düzdür, ona qədər də küçədə futbol oynayırdım, amma həmin matç məni bu oyuna bağladı. Əslində, mən o vaxt əsasən güləşə meyilli idim. Uşaq olanda arzular çox olur axı. O vaxtlar mən daha çox güləşirdim.
– Bəs futbol dərnəyinə necə yazıldınız?
– Əvvəlcə, yanımızdakı idman məktəbinə getdim, 1 il orada oynadım. Sonra “Kəpəz”ə keçdim. O vaxt bu klubda Masallıdan olan Şakir Abdullayev var idi. O bu klubda qapıçı olub. Karyerasını bitirəndən sonra məşqçi işlədi. 1 il onun başçılığı altında oynadım. O vaxt bizim komanda şəhər birinciliyində müntəzəm olaraq “Lokomotiv”ə uduzurduq. Gəncədə ən yaxşı komanda da Konstantin Abramenkonun çalışdırdığı “Lokomotiv” idi. Özümü orada sınamaq istədim. Mən də özümlə yanaşı 2 nəfərlə getdim, o iki nəfəri qırmamaq üçün “sentyabrda gələrsən” dedi, məni isə saxladı.
– Valideynlərinizin futbola maraq salmağınıza münasibəti necə idi?
– Futbolçu olmağımı istəmirdilər. Mən musiqi məktəbində qarmon kurslarına getmişəm. O da vağzalın yaxınlığında yerləşirdi, Abramenkonun stadionu da o tərəfdə idi. Qarmon alıb məni musiqi məktəbinə yazdırdılar. Amma mənim fikrim futbolda idi. Elə vaxt olurdu ki, qarmonun içinə idman paltarlarımı yığıb oynamağa gedirdim.
– Bəs qarmon ifa edə bilirdiniz?
– Yox, elə bir marağım olmayıb. 5 il oxudum, amma ifa etmək mənlik olmadı.
– Abramenkonun inkişfanınızda nə kimi rolu oldu?
– Tək mənim yox, o, Gəncədən çıxmış bir çox futbolçunun həyatında böyük rol oynayıb. Onun özəlliyi uşaqları balaca meydançada oynadıb maraqlı təmrinlər vermək idi. Biz dar yerdə 4/4, 5/5 və 6/6-ya oynayırdıq. Sonra böyük meydançaya çıxıb özümüzü rahat hiss edirdik. Bir də o adamın xarizması dəhşət idi. Uşaqlara can yandıran biri idi. “Kəpəz” və “Neftçi”də oynamış bir çox futbolçu Abramenkanın tələbəsi olub.
– Hazırda onun Gəncədə qohum-əqrəbası yaşayır?
– Yox, heç kimləri qalmayıb. Bir özü idi, bir həyat yoldaşı, bir də qızı. Onlar vəfat etdi, qızı da Azərbaycandan köçüb getdi.
– Bəs “Kəpəz”in əsas komandasına necə düşdünüz?
– 1990-cı il mart ayında şəhər çempionatı keçirilmişdi. Onda Abramenkonun komandasında oynayırdım. Həmin vaxt “Kəpəz”in baş məşqçisi Zahid Hüseynov, rəisi Müzəffər Qasımov idi. Gəlib bir həftə məşq etdim. Sonra mənə dedilər ki, səni nəzərdə saxlayırıq, xəbər edərik, o vaxt gələrsən. Bir sözlə, mədəni formada məni göndərdilər. Sözün düzü, bu, mənə çox pis təsir etmişdi. Buna görə 1-2 ay futbol oynamadım. O vaxt heç 17 yaşım olmamışdı. Bir müddətdən sonra yenidən Abramenkonun yanına qayıtdım. Elə oldu ki, biz Dnepetrovsk vilayətinin Pavlador şəhərinə “Lokomotiv” cəmiyyətlərinin turnirində oynamağa getdik. Orada finalda Ukrayna lokomotivçilərinə uduzduq. Orada turnirin ən yaxşı oyunçusu mükafatını qazandım. Qayıdanda Abramenko qatarda mənə dedi ki, gedib “Kəpəz”lə danışacağam, səni götürsünlər…. Onda da “Kəpəz”də məşqçi dəyişikliyi oldu, Əhməd Ələsgərovu gətirdilər. Bizim “Kəpəz”lə də yoldaşlıq görüşümüz oldu. Oyundan sonra Şahmil Hüseynov Abramenkoya dedi ki, Əhməd müəllim bu uşağı bəyənib, onu “Kəpəz”də görmək istəyir. Beləcə “Kəpəz”ə düşdüm.
– “Kəpəz” karyeranız necə alındı?
– Vallah, oynadıq da. Bizdə həm veteran, həm də cavan futbolçular var idi. Hamısı da Gəncə futbolunun yetirməsi idi. Yaxşı da oynayırdıq, doğrudur, müstəqilliyin ilk illərində çempion olmadıq. 1993-cü ildə 3-cü yeri tutmaq şansımız var idi, 1994-cü ildə çempion olmaq şansımızı qoruyurduq, amma 1995-ci ildə bunu bacardıq. Pulsuz vaxtlar idi, futbola olan sevgimizin sayəsində oynayırdıq. Çempion olanda sevincimizin həddi-hüdudu yox idi. Halbuki, “Neftçi”, “Qarabağ” və “Turan”ın heyəti bizdən güclü idi. 1995-ci il dekabrın 31-də məşqdən qayıdanda Ceyhun Tanrıverdiyevin avtomobilində qəzaya düşdüm. Qolum qırılmışdı, əməliyyat olundum və nəticədə 5 ay futboldan aralı düşdüm. Sonra məşqləri bərpa etdim, elə oldu ki, “altılıq” sisteminə yetişdim. Sonra da “Neftçi”dən təklif aldım, getdim.
– “Neftçi”də sizi kim bəyəndi?
– Onda baş məşqçi Kazbek Tuayev idi. Əslində, buna qədərki illərdə də mənə “Neftçi” və başqa klublardan təkliflər var idi. Məsələn, “Kür-Nur” xidmətimdə maraqlı idi. Ondan da əvvəl, yəni 1992-ci ildə Ruslan Abdullayev məni “Turan”a dəvət də etmişdi. Ora keçdim. Amma gördüm ki, oynamaq şansım yoxdur, bir həftə məşq etdim, qayıtdım. O vaxt “Turan”da Vidadi Rzayev, Tərlan Əhmədov, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov, Nizami Ocaqverdiyev və Rüfət Quliyev kimi oyunçular var idi. Yarımmüdafiə xəttləri çox güclü idi. 19 yaşım var idi, ümidim yox idi. Sponsorları Vidadi Əhmədovla danışmışdıq, pul da almışdım. Amma Gəncəyə qayıdıb oturdum fikirləşdim ki, yox, bu, alınası iş deyil. Pullarını da qaytardım. 1996-cı ildə isə artıq “Neftçi”də oynamağa razılıq verdim. Mənim üçün birinci yer həmişə “Kəpəz” olub, ondan sonra isə zirvə “Neftçi” idi. Mən gələndə “Neftçi”nin rəhbəri mərhum Rasim Rəfiyev idi. Onda da komandanın yaxşı vaxtları deyildi, klubun o qədər də güclü imkanları yox idi. Sonra Aydın İbrahimov komandanı himayəsinə götürdü. O vaxt bilirsiniz ki, əvəzediciləri də haqq-hesaba qatıb “Qarabağ”ı çempion etdilər, UEFA da onları yox, məhz bizi 1-ci yerin sahibi kimi qəbul etdi.
– “Vidzev” faciəsinin də iştirakçısı olmamısınız deyəsən…
– Hə, mən onda yaranan iki “Neftçi”nin avrokubokda oynamayan tərəfinə düşmüşdüm. Onun da baş məşqçisi Ruslan Abdullayev idi. Mənə də o komandadan təklif gəlmişdi. Uşaqlardan çoxu getdi, mən getmədim. Fikirləşirdim ki, çempion biz olmuşduq, orada da biz oynamalı idik. Belə qərara gəldim ki, Gəncəyə qayıdım. Onda “Kəpəz” kubokun qalibi olmuşdu, kluba təzə sponsor gəlmişdi. Belə baxanda məni dəvət edən o biri “Neftçi” “Kəpəz”dən yaxşı pul verirdi. Amma Gəncədə yaxşı heyət quruldu. Onda baş məşqçi Rəşid Özbəyov idi, sonradan Ruslan Abdullayev gəldi. Mehman Allahverdiyev orada yaxşı heyət qurmuşdu. Sonra da bu komanda məğlubiyyətsiz çempion oldu. Bir müddət keçdi, yenə maliyyə problemləri yaşandı. Amma biz yenə də çempion olduq. Belə məqamda “Neftçi” yenə mənə təklif göndərdi. Onda Əhməd Ələsgərovun komandası UEFA Kubokunda “Srvena Zvezda” ilə oynamalı idi. Məni çağırdılar, dedim ki, yox, “Kəpəz”lə çempion olmuşam, Çempionlar Liqasında da komandaya kömək edim, çıxışımızı dayandırandan sonra “Neftçi”yə gələcəyəm. “Kəpəz”dən getmək istəyimin əsas səbəbi çempionluq mövsümündə müqavilədə yazılan məbləğin yarıdan çoxunu mıənə verməmələri oldu. O vaxtlar müqavilələr indiki kimi deyildi, ağ kağıza yazılırdı, biz də kişi kimi onun arxasında durmalı idik. O pulu mənə vermədilər. Müqaviləm başa çatdığına görə mən də “Neftçi”yə keçmək istədim. Çempionlar Liqasında oynadım, çıxışımızı başa vurandan sonra Bakıya köçməyə hazırlaşırdım ki, mənə zəng gəldi. Dedilər ki, Mahmud, “Neftçi” artıq səni istəmir, sənin yerinə başqa oyunçu götürmüşük… Halbuki, hər şeyi razılaşdırmışdıq. Bu normal hal olmasa da, normal qarşıladım. Belə məqamda “Kəpəz”ə də qayıtmaq istəmirdim, elə oldu ki, “Şəmkir”dən təklif gəldi. Əslində “Neftçi” ilə danışıqlar aparanda mənə “Şəmkir”dən də dəvət gəlmişdi. Özü də rəhmətlik Şahbaz Süleymanov “Neftçi”nin təklif etdiyi pulu mənə verirdi. Onlara nə “hə”, nə də “yox” demişdim. Elə oldu ki, “Şəmkir” “Neftçi”nin məndən imtina etdiyini bildi, getdim Şəmkirə. Elə komandanın məşq vaxtı idi, Şahbaz müəllimlə söhbət etdik, məşqə baxdıq, bir-birimizin əlini sıxdıq. Doğrudur, daha “Neftçi” qədər artıq pul vermirdilər, amma razılaşdıq.
– Və “Şəmkir”dəki xoş xatirələr, çempionluqlar, “Skonto” zəfəri…
– Mən oynadığım güclü komandalarda oyunçuların bir-birinə hörmətini görmüşəm. Uğur qazanmaq üçün kollektivdə ab-hava yaxşı olmalıdır. “Şəmkir” də elə oldu. Burada çoxu ilə ilk dəfədir ki, oynayırdım. Hamı ilə dil tapdım. Həmin mövsüm çempion olduq, “Skonto”nu keçdik. Badri Kvaratsxeliya het-trik etməklə bizi növbəti mərhələyə daşıdı…
– Sonra Fuad Musayevin devrilməsi nəticəsində çempionatın dayandırılması hadisəsi oldu. Siz də boşluqdan istifadə ediib İrana yollandız, “Fulad”ın oyunçusu oldunuz…
– Biz iki il dalbadal “Şəmkir”də çempion olduq, üçüncü ildə də lider mövqeyində idik, çempionat dayandırıldı. Həmin boşluqda biz ancaq məşq edirdik. Bakıda İtaliyaya 0:2 hesabı ilə uduzduğumuz oyundan sonra milliyə İrandan təklif gəldi. Bizi turnirdə oynamağa çağırırdılar. Çempionat yox idi, belə təkliflər göydəndüşmə olurdu. Getdik İrana, adını bilmədiyim bir komandaya qarşı hazırlıq oyunu keçirdik, görüşdən sonra bir daz kişi gəlib mənimlə görüşüb getdi. Gördüm ki, bu adam iranlı deyil, amma kim olduğunu bilmədim. Üzü yadımda qaldı. Bakıya qayıtdıq, üstündən bir müddət ötüb keçdi, evə İrandan Rəsul adlı bir oğlandan zəng gəldi. Mənə dedi ki, “Fulad” adlı komanda səni görmək istəyir. Razılaşdım, amma adam dedi ki, özünlə birgə Vadim Vasilyevi də gətir, onu da bəyəniblər. Bakıya gəlib Vadimlə danışdım, amma o, imtina etdi. Dedi ki, “Neftçi”yə keçirəm. Dekabrın son günləri idi, uçdum İrana. Həmin Rəsul məni qarşıladı. O da Tehranda yaşayan İran azərbaycanlısıdır, İran çempionatında yan xətt hakimidir. Adam Azərbaycan dilini bildiyinə görə bunu mənimlə danışmağa təhkim ediblər. Oradan Əhvaza getdik. Elə komandanın nahar vaxtına gəlib çıxdıq, gördüm ki, həmin oyundan sonra gəlib mənimlə görüşən daz kişi də buradadır. Sən demə, biz “Fulad”la oynamışıq, bu kişi də komandanın baş məşqçisi imiş, özü də xorvat idi. Vadimi soruşdular, dedim gəlmədi. Mənə dedilər ki, hücumçu axtarırıq, kimi gətirmək olar? Hücumçu olmasa da, İlham Yədullayevi də istəyirdilər, Fərrux İsmayılovu da. Onlar da Abadanda idi. Soruşdu ki, ümumiyyətlə kimi gətirə bilərsən? Fikirləşdim ki, yaxşısı budur, Rəşad Sadıqovla danışım. Onda Kazbek Tuayev onu “Turan”dan “Neftçi”yə gətirmişdi. Cavan vaxtları idi, münasibətimiz də sadəcə “salam, sağ ol”dan ibarət idi. Millidəki oyununu göstərdim, bəyəndi. Rəşadla danışdım, o da razılaşdı. “Neftçi” ilə anlaşdı və İrana gəldi. Biz mövsümün sonuna qədər “Fulad”da oynadıq.
– Komanda necə idi?
– Yaxşı. Əsas heyətinin 4-5 oyunçusu İran millisinin üzvü idi. Qapını İbrahim Mirzəpur qoruyurdu. Behnam Sarac da bu komandada idi. Həmin mövsümü biz 5-ci yerdə başa vurduq. Mövsüm bitən kimi “Persepolis” onu apardı. Biz də qayıtdıq.
– Saxlamadılar?
– Təklif var idi, sadəcə, bizi gətirən məşqçi getdi deyə geri qayıtdıq.
– Dil məsələsində problem yox idi?
– Məşqçi xorvat idi deyə, dilləri rus dilinə yaxın olduğuna görə haradasa başa düşürdüm. Bir də ki, bizim fizioterapevt Moskvada oxumuşdu, rus dilini bilirdi. O bizim aramızda vasitəçi idi. Komandada bir nəfər də olsun azərbaycanlı yox idi.
– İran həyatı haqqında nə deyərdiniz? Orada yaşamaq necə idi?
– Təsəvvür edin, Tehrandan Əhvaza təyyarə ilə 2 saat yol gedirsən. Mən buradan qarlı havada getmişdim, orada qızmar günəş idi. Əhvaz İraqa yaxın yer idi, arada haradasa 70 km məsafə var. Dəhşətli dərəcədə isti var idi. Məşqin ortasında fasilə götürürdük, soyuq su içirdik, onu ayaqlarımıza da tökürdük ki, yanmayaq. Hər 20 dəqiqədən bir istiyə görə məşqi saxlayırdıq. Səhər və günorta şəhərin küçələrində adam tapa bilməzdin. Bir az cansıxıcı idi. Xuzistan vilayətinin mərkəzi idi, bir az iqtisadi çəkisi olan məkan idi. Belə deyim də, orada heç nə yox idi. Şəhərdə hündür mərtəbəli bina görə bilməzdin. Bizim dili də bilən yox idi. Çətin idi. Amma insan hər şeyə uyğunlaşa bilir. 2-3 aydan sonra artıq öyrəşmişdik. Yavaş-yavaş dillərini başa düşməyə başlayırdıq.
– Bəs oradan Simfereopola necə yollandınız?
– Gəldim Gəncəyə. Artıq evdə olanda mənə “Neftçi”dən təklif gəldi. Kazbek müəllim məni axtarırdı. Bakıya gəldim, “Azneftyağ”ın rəhbərliyi ilə görüşdüm, amma onlardan vaxt istədim. Doğrusu, İrana qayıtmaq haqda fikirləşirdim. Bizdə çempionat hələ başlamamışdı, alternativ liqa təşkil olunmuşdu. Bu məqamda Gəncəyə qayıtdım, mənə yenə zəng gəldi. Bu dəfə dəstəyin o biri tərəfində Cahangir Həsənzadə idi. Mənə dedi ki, “burada, yəni Ukraynada səni axtarırlar, məşqçimiz soruşur ki, baxışa gələrmi?” Dedim gələrəm, niyə gəlməyim ki? Nə isə, bilet alıb uçdum, ora çatanda gördüm ki, İlham Yadullayev da buradadır. İki gündən sonra ikitərəfli oyun oynadıq, birinci hissədən sonra baş məşqçimiz Anatoli Zayayev İlhamla məni çağırıb klubun rəhbərliyi ilə tanış etdi. Müqavilə bağladıq. “Tavriya”da gürcülər də var idi, bir braziliyalı futbolçu da çıxış edirdi. Qalanı hamısı yerlilər idi.
– Orada günləriniz necə keçdi?
– Pis deyildi, güclü çempionat idi. Samir Əliyevlə Kamal Quliyev də “Volın”da idi. Təsəvvür edin ki, biz “Volın”la Sevastopolda oynayanda (stadionumuz hələ hazır deyildi), meydanda 7 azərbaycanlı futbolçu var idi.
– Orada çox qala bilərdiniz? Başqa Ukrayna komandalarından təklif almışdınız? Məsələn, Samir Əliyev Kiyevə gedib “Arsenal”da oynaya bilərdi, amma “Uralan”ı seçdi…
– Mən orada 6 ay oynadım. 2003-cü ilin dekabrında millimiz ərəb ölkələrinə yoldaşlıq görüşləri keçirməyə yollandı. Biz BƏƏ, Səudiyyə Ərəbistanı və Omanda olduq. Bu əsnada “Tavriya”da təlim-məşq toplanışı tez başladı, biz də icazəli idik. Federasiya onlara məktub ünvanlamışdı. Yanvarın əvvəlində ora qayıtdıq, gördüm məşqçi bizdən inciyib. Nə isə, bir ay Aluştada təlim-məşq toplanışında iştirak etdik. Mən orada xəstələndim. Ağrılarım olsa da, bunu heç kimə bildirmədim. Amma həkim bunu hiss etdi, Zayayev də bildi. Əziyyət çəkdiyimi söylədim, o mənə dedi ki, “vəziyyətimiz yaxşı deyil, yuxarı qalxmalıyıq”. Mən dedim ki, müalicə olunmalıyam, həkim də bunu təsdiqlədi. Haradasa 1-2 ay vaxt gedə bilərdi. Həqiqətən də bağırsağımla bağlı ciddi problemlə üzləşmişdim. Zayayev dirəndi ki, mən bu qədər gözləyə bilmərəm… Dedim ki, “yox, mənim üçün sağlamlıq hər şeydən önəmlidir”. Xoş ayrılmadıq. Cahangirlə İlham qaldı, mən qayıtdım. Simferepola gəlib orada 10 gün müstəqil müalicə aldım. Bu da tam müalicə deyildi, hələ burada da “tibbi sınaqlar”dan keçdim.
– Bu fəsadlar Ukrayanadan qaynaqlandı?
– Həm soyuqa vermişdim, həm də yeməyə həssas bir adam kimi problemlər yaşadım. Orada hər şey yeyə bilmirdim. Burada da iki il müalicəm getdi.
– Qayıdıb “Neftçi”də oynadınız…
– Bəli, çempion da olduq, sonra da “Xəzər Lənkəran”. “Qızıl oyun”dan sonra “Neftçi”nin bir neçə oyunçusu Lənkərana getdi, mən də onlardan biri idim. Mənim “Neftçi” ilə müqaviləm bitsə də, danışıqlarımız gedirdi. Elə oldu ki, Ramin Musayevlə ortaq məxrəcə gələ bilmədik. “Xəzər Lənkəran” daha sərfəli müqavilə təklif edirdi. Ramin Musayevə dedim ki, “32 yaşım var, artıq məhəbbət naminə futbol oynamaq vaxtlarım gedib, verdiyiniz müqavilə məbləğinin üstünə 10 min dollar da qoy, “Neftçi”də qalım”. Söhbət bir həftə uzandı, gördüm ki, yox, Musayev prinsipiallıq edir, məbləği artırmır. Bilirdilər ki, əks halda “Xəzər”ə keçəcəyəm, məni saxlamaq üçün istədiyim məbləği ödəmədilər. Bir sözlə, Lənkərana getdim, 2 il orada oynadım. İlk mövsümümdə komandada 3 məşqçi dəyişikliyi həyata keçdi. Növbəti mövsümdə isə Ağasəlim Mircavadovla həm çempion olduq, həm də kubok qazandıq.
– Bu yaradılan şəraitlə “Xəzər” ümidləri doğrultmadı. Avrokubokda fiasko nə ilə əlaqəli idi?
– Düzü, orada elə də fantastik imkanlar yox idi. “Xəzər Lənkəran”da ən yaxşı şərait Mirça Rednikin vaxtında olub. Bizim vaxtımızda sadəcə pis deyildi. Amma daha çox büdcəni Rednikə ayırıblar. Məşqçi dəyişiklikləri komandanı çox dala saldı.
– Sonra “İnter” və “Bakı”…
– Mənim onda “Xəzər”lə müqaviləm bitirdi. Düzü, Lənkərandan incik ayrıldım. Rəhbərliklə belə razılığa gəlmişdik ki, nə vaxt getmək istəsəm, problem yaratmayacaqdılar. Amma arada anlaşılmazlıq yarandı. Daha doğrusu, arada pasport problemi yaşandı. Komanda Avstriyaya təlim-məşq toplanışına yollanmamışdan əvvəl bizim xarici pasportlarımızı yığdılar. Səfirlikdə dedilər ki, mənim pasportumda möhür yeri qalmayıb. Pasport dəyişilməli idi, klub bunu etmədi, bunu bir gün ərzində özüm etdim. Sanki bunun günahkarı mən idim. Hamıya da elan etdilər ki, pasportumu özləri dəyişib. Elə oldu ki, komanda təlim-məşq toplanışına getdi, mən qaldım. Hiss etdim ki, maraqlarında deyiləm. 2 ay qaldım burada. Komandaya başqa oyunçular gətirdilər, braziliyaılılar idi.
– Ağasəlim müəllim rəhbərliyə demədi ki, mənə Mahmud lazımdır?
– Bilmirəm, bunu onların öhdəsinə buraxıram. Onların söhbətində olmamışam. Oradan gəlib Zaqreb “Dinamo”suna qarşı oynadılar. Mən də ortada qalmışam. “Neftçi”yə keçmək söhbəti yaranmışdı, o da alınmadı. “İnter” variantı çıxdı. Məni çempionata 1 gün qalmış transfer etdilər. “İnter”dən mənə görə 50 min dollar aldılar. Pul da mənim müqaviləmdən çıxıldı. Halbuki müqavilləm 1+1 illiyinə idi, üstəlik söz vermişdilər ki, istəyən olsa, rahat buraxacağıq. Sözlərinin üstündə durmadılar. “İnter”lə çempion olduq, sonra da “Bakı”ya keçdim. Baş məşqçimiz Qyoko Haciyevski idi, onunla millidə bir yerdə olanda münasibətim yaranmışdı. “İnter”də az oynadığımdan bura keçdim.
– Amma həmin vaxt “Bakı”ya yox, “Kəpəz”ə keçib karyeranızı doğma klubda bitirə bilərdiniz…
– Əslində, elə karyeramı “Kəpəz”də də bitirmək istəyirdim. O ərəfədə Gəncəyə qayıtmaq niyyətim var idi. Baş məşqçi Mehman Allahverdiyev də məni sərəncamında görmək istəyirdi, amma rəhbərlik bundan imtina etdi. Halbuki, “Kəpəz” I Liqada da oynasaydı, orada top qovmağa razı idim. Mən bu komandadan çıxmışam. “Bakı”dan sonra “Sumqayıt”a getdim. Orada da bir neçə təcrübəli oyunçunu çıxmaq şərti ilə qalanı cavan uşaqlar idi.
– Hara gedirdiniz, çempion olurdunuz. “Mahmud harada, çempionluq orada” deyimi yaranmışdı. Komanda sizin ətrafınızda qurulurdu, yoxsa belə alınırdı? Bəlkə daha yaxşı pulu və şəraiti olan komandaya getdiyinizə görə bu belə olurdu?
– Bunu şəraitlə bağlamazdım. Güclü komandalarda oynamışam, amma biz çempion olarkən bizdən də şəraitli klublar oynayıb. Mən bir klubdan o biri kluba keçəndə deyirdilər ki, “bax, bu dəfə Mahmud çempion olmayacaq, çünki başqa imkanlı klub var”, amma mənim komandam yenə də çempion olurdu.
– 6 müxtəlif komanda ilə 12 çempionluq. Mənə elə gəlir ki, bu mənada sizin rekordunuzu daha heç kim qırmayacaq.
– Bədavi Hüseynov mənə çatıb da demək olar ki…
– Bunu “Qarabağ”da edib, sizin kimi fərqli komandalarda bacarmayıb axı…
– Nə deyim, qismətdir də…
– Azərbaycanda oynayarkən getdiyiniz “Fulad” və “Tavriya”dan başqa hansısa xarici klubdan təklif almısınız?
– Biz tez-tez milli ilə Bolqarıstana toplanışa gedirdik. Varnaya yaxın Qara dəniz bölgələrinə. Bir dəfə hazırlıq görüşlərindən birindən sonra mərhum Fuad Musayev mənə dedi ki, “Mahmud, səninlə Bolqarıstan klubları maraqlanır, bu ölkənin çempionatında oynayarsan?” Dedim ki, “əlbəttə”. Dedi “danışıb sənə deyərəm”. ÇSKA, “Lokomotiv” və bir neçə klub mənimlə maraqlanırdı. Sonradan o söhbət bağlandı.
– Millidə 76 oyun, 1 qol. O da Finlandiya millisinə. Sizə elə gəlmir ki, bu potensialla çox az qol vurmusunuz.
– Hə, yığmada az qol vurmuşam. Niyə belə alındığını bilmirəm.
– “Professor” ləqəbini də sizə “Tavriya”da Anatoli Zayayev verib. Bəlkə xatırlayarsınız, ilk dəfə bu söhbət nə vaxt ortaya çıxdı?
– Sevastopolda Donetskin “Metallurq” komandası ilə oynayırdıq. Orada Camarauli və Demetradze kimi oyunçular var idi. Həmin matç 1:1 hesabı ilə başa çatmışdı, məhsuldar ötürməni də mən etmişdim. Bu matçda gürcü hücumçumuzu 4 dəfə qapıçı ilə təkbətəyə çıxarmışdım. Matçdan sonra Bakıdan bir nəfər mənə zəng edib demişdi ki, “Zayayev sənin haqqında belə deyib”. Dedim “vallah, xəbərim yoxdur”. Sən demə, bunu mətbuat konfransında deyib, həmyerlim də oxuyub. Özüm də TV-də turun icmalına baxdım, gördüm Zayayev mənim haqda bu fikri səsləndirib.
– Klublarda baş məşqçi kimi fəaliyyətiniz elə də uzun çəkməyib. “Kəpəz” və “Səbail”…
– Mən əvvəlcə “Tərəqqi”də idim, gətirib “Kəpəz”ə qoydular. Həmin dövrdə “Kəpəz” I Liqaya yuvarlanacaqdı. Mahmud yox e, başqası olsun, bu baş verəcəkdi. Mən bir müddət sonra istefa verdim, bunu qəbul etmədilər. Gəncəli idim, bu komandaya məxsus idim deyə qaldım. Hərçənd bilirdim ki, burada qalmaq mənə mənfi təsir göstərəcək. Komandanın heyəti çox zəif idi. Axıra kimi komandada qaldım. Sonra millidə köməkçi məşqçi oldum, “Neftçi”nin əvəzedicilərində çalşşdım və nəticədə “Səbail”dən təklif aldım. İndi çoxu deyir ki, “Səbail”də uğursuz olmuşam. Halbuki, “Səbail”in də imkanlarının aşıb-daşdığı ilə bağlı deyilən fikirlər doğru deyildi. Mən 6 ayda bu komandanın oyunçularını tanıdım. Mənimlə də 2 illik müqaviə imzalamışdılar, üstəlik demişdilər ki, 1 il sənə dəyməyəcəyik. Amma bilmirəm nə oldusa, rəhbərlik sözünü geri götürdü. Onlara dedim ki, mövsüm başa çatsın, özüm gedəcəyəm… Ümumiyyətlə, futboldan getmək istəyirdim. Bu yerdə olmaq mənim özümə xoş deyil. Heç vaxt belə mövqelərdə olmağı xoşlamamışam. Elə oldu ki, yollarımızı ayırdıq.
– Klub məşqçisi kimi ən uzun iş yeriniz “Neftçi”nin əvəzedicilərdən ibarət komandası olub. Bu komandanı hətta çempion da etmisiniz. “Neftçi”yə kimi qazandırmısınız? Mən bilən Murad Məmmədov sizin yetirmənizdir…
– Mən təzə gələndə klubun 17 yaşılıarından İsmayıl Zülfüqarlını, Vüsal Əsgərovu, Nihat Qurbanlını, Seymur Məmmədovu, növbəti il Fərid Yusiflini götürdüm. Onların yanında 2-3 təcrübəli futbolçunu oynatdıq. Birinci il 3-cü yeri tutduq, daha sonra çempion olduq. O vaxt da əvəzedicilər müstəqil klublarla birgə I Liqada oynayırdılar. Həmin ərəfədə Rza Cəfərovu da kəşf etdim. Murada gəlincə, onun 15 yaşı var idi, keçirtdim U-19-a. Onda Kamran Quliyevlə danışmışdım ki, 19 yaşlıları da bizə verin. Onu da Rəşad Abdullayevin çalışdırmasını istədik. Onda Rəşad köməkçim idi. Bunu sintez üçün etdik. Həm gənclərdə bura düşmək üçün də stimul yaransın. Bir müddət sonra Ağadadaş Salyanskini dəvət etdik. Bizim çətin Zaqatala, Tovuz və Gəncə səfərlərimiz var idi. Bu oyunçularla çempion olduq. Özü də 7-8 xal fərqi ilə…
– Millidə Norveç yığması ilə oyunda komandanı müvəqqəti baş məşqçi kimi meydana çıxartmısınız, amma bir xeyli müddətdə də Berti Foqts və Robert Prosineçkinin köməkçisi kimi işləmisiziniz. Həmin dövrlər haqda danışmağınızı istərdik…
– Onda “Kəpəz”dən ayrılmışdım, AFFA-dan mənə təklif gəldi. Foqtsun köməkçilərindən biri kimi fəaliyyətə başladım. İşlərimiz pis getmirdi. İşə münasibət, heyət… Futbolçular da pis deyildi. Mənim üçün millidə məşqçi işləmək şərəf idi. Amma Foqtsla bir yerdə az olduq. Xorvatiyaya 0:6 hesabı ilə məğlubiyyətdən sonra onunla yollar ayrıldı. Komandanı Norveçlə oyuna mən çıxartdım. Sonradan Prosineçki gəldi, onunla da 3 il bir yerdə işlədik. Orada da yaxşı məşqçi heyəti yığılmışdı. Robert özü də insan kimi yaxşı insan idi. Məsuliyyətli idi, işini sevirdi. Yaxşı oyunlarımız oldu. Fikrimcə, oradakı 3 il mənim üçün yaxşı təcrübə oldu. Həmin təcrübəni “Neftçi”nin əvəzedicilərində tətbiq etdim. “Neftçi”nin əvəzedicilərində mənim işimə heç kim qarışmırdı. Orada əsasən akademiyanın uşaqlarını oynadırdım, çox da “Neftçi”nin əsas heyətindən aşağı düşənlərdən heyəti formalaşdırmamışdım. Mənim dövrümdə akademiyanın uşaqlarından 4-5-i “Neftçi”nin əsas heyətinə düşmüşdü.
– Sizə elə gəlmir ki, bizim millinin tarixdə ən parlaq oyun sərgilədiyi dövr Prosineçkinin zamanında olub…
– Mən də belə fikirləşirəm. Oyun baxımından bu belədir. Komanda futbol oynayırdı. Yaxşı futbolçularımız var idi, rahat oynayırdılar. Uduzduğumuz matçlarda da meydanda oyun var idi.
– Mənə elə gəlir ki, Prosineçkinin buradakı işlərini “Bursaspor” korladı. Təklif göndərdilər, AFFA onu buraxmadı, onun da beyni qarışdı.
– Bəli, beyni qarışdı, bəlkə də nəticələrin pisləşməsi bununla əlaqəli oldu, amma tam deyə bilmərəm. Bu hadisə yay aylarında olmuşdu, 6 aydan sonra da müqaviləsi bitdi və getdi. O da Türkiyə çempionatında işləmək istəyirdi. Arzusu Türkiyə və İspaniya idi. Normal haldır.
– Bu sualı sizə çox verirlər, mən də təkrar soruşmaq isrəyirəm: niyə kənardasınız? Hələ də fikirləşirsiniz ki, kimin adamı var o da işləyir?
– Bizdə nə pisdir, hamı deyir ki, Mahmud “Səbail”də nə işlədi ki, bundan sonra nəsə umsun. Mahmud “Səbail”də nə etməli idi ki? Mən hələ futbolçuları təzə tanıyırdım. “Neftçi”nin əvəzedicilərində də birinci işim uşaqları bir müddət tanımaq olub. Bilirəm, televiziya verilişlərində də dillərinə düşüb ki, “Mahmud nə edib ki?” Başa düşmürəm, Mahmud “Səbail”də nə etməli idi ki?
– Bu mənfi hala görə sizə dəvət gəlmir?
– Bilmirəm, nəyə görə dəvət gəlmir. Amma mən ona görə də deməzdim. O qədər uğursuz məşqçilər var ki, bir komandada yarıtmayıb, amma başqa yerdən iş təklifi gəlib. Ad çəkmək istəmirəm. Nəticə verməmək söhbəti deyil. 6 aya heç kim nəticə verə bilməz. Boş söhbətlərdir. Adamı uzaqlaşdırmaq üçün ən yaxşı bəhanə budur.
– Azərbaycan futbolunda baş verən proseslər və çempionatın səviyyəsi haqda nə deyərdiniz?
– Çempionatın səviyyəsi pis deyil. Normal liqadır, çalışıram ki, oyunların hamısını da izləyim.
– Millinin Ayxan Abbasova təhvil verilməsi haqda nə deyərdiniz?
– Mən həmişə demişəm ki, milliyə əcnəbi gətirmək istəyirsənsə, sənin xaricdı oynayan ən azı 7-8 futbolçun olmalıdır. Heç olmasa ortabab çempionatlarda. Amma bizdə əksəriyyəti yerli çempionatda oynayır. Belə olan halda Ayxan, sən, mən, ümumiyyətlə, yerli olmalıdır. Burada mentalitet söhbəti var. Adlı-sanlı məşqçi alındıra bilməyəcək.
– Bu gün çempionatda Mahmud Qurbanov IQ-sündə oyunçu görürürsünüz?
– Hər dövrün bir futbolu var. İndiki futbol hərəkət və sürət üzərində qurulub. Fərdi keyfiyyətləri önə çıxan futbolçu azdır. “10 nömrə” yox dərəcəsindədir. Bizim çempionatımızda da belə oyunçular azdır. İndi cinahlara üstünlük veriblər (futbolinfo.az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC