Futbolumuzun problemlərindən söz düşəndə, daha çox oyunçu qıtlığından şikayətlənirik. Aydın məsələdi ki, bizdə futbol ölkələrində olduğu qədər futbolçu, güclü rəqabət yoxdu. Amma olanlar arasından da yaxşı seçim etmək lazımdı ki, dəvət olunmağa haqq edən də ruhdan düşməsin, özün də sonda haqqına danışasan.
U-21-mizin Portuqaliya yığmasıyla rəsmi oyunöncəsi baş məşqçimiz Rəşad Eyyubovun brifinqində “Araz-Naxçıvan”ın gənc qapıçısı Süleyman Həsənovla bağlı sualı əbəs yerə vermədim. Dəyərli həmkarımız Kənan Həsənovun oğlunun 20 yaşı hələ bu yay - iyulun 6-da tamam olacaq. Burda söhbət dostluqdan, kolleqalıqdan getmir. Azərbaycanda Süleyman kimi neçə-neçə futbolçu var ki, yığma planında diqqətdən kənarda qalır. Axı, şablona çevrilmiş bir ifadə var ki, millinin qapıçıları bütün futbolçular üçün açıqdı. Gəlin, bunu sözdə yox, əməldə göstərək.
19 yaşlı Süleyman yaxşı məktəb keçib, qapıçı üçün vacib olan yaxşı boya da malikdi. Rəşad hoca onu yaxşı tanımalıdı və unutmadığına şahid olduq. Axı, Həsənov 17 yaşında, 2023/24 mövsümündə Eyyubovun da məşqçi kimi bir müddət çalışdığı "Sabah-2"də oynayıb. Masazır təmsilçisində oynamaq perspektivinin olmadığını görəndən sonra doğru qərar verilib - klubu dəyişmək. Həsənov “Araz-Naxçıvan”a ilk olaraq icarəyə gəlib və 2024/25 mövsümündə bu əsasda onun heyətində Gənclər Liqasında davamlı şəkildə forma geyinib. Bu mövsümün əvvəlində isə "Araz-Naxçıvan"ın əsas komandasına 3-cü qapıçı kimi cəlb olunub.
Süleyman hələ sabiq baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında Türkiyədə yay təlim-məşq toplanışında olub, 1 yoxlama matçında meydana çıxıb. Həmin matç da kimlə olub - Türkiyənin aparıcı klublarından, 7 dəfə ölkə çempioni olan “Trabzonspor”la ki, onu 3:2 hesabıyla məğlub etmişik.
Hər futbolçu, xüsusilə qapıçı üçün oyun praktikası nə qədər vacibdirsə, əsas komandayla məşq də çox önəmlidi. Həsənov da xeyli vaxtdı Moldova yığmasının üzvü olan Kristian Avram və təcrübəli azərbaycanlı həmkarı Tərlan Əhmədliylə birgə hazırlıq keçir, Premyer Liqa oyunları üçün komandanın iştirak ərizəsində dəfələrlə yer alıb, Əvəzedicilər Liqasında əsas komandanın oyun qrafikinə uyğun olaraq forma geyinib.
Süleymanı U-21-in baş məşqçinin köməkçiləri də yaxşı tanıyır. Çünki Rəşad Hüseynovun da məşqçiliyi “Sabah”a bağlı olub, Qara Qarayev isə “Araz-Naxçıvan”da futbolçu olarkən həmin Həsənovla komanda yoldaşı olub. Yəni, gənc qapıçını hərtərəfli tanıyır, insani keyfiyyətlərinə də bələddi. Bu mənada baş məşqçiyə onlardan da yaxşı “pas” gələ bilər.
Avropada, dünyada U-21-in üzvləri klublarının əsas heyət üzvü olduğu, təəssüf ki, bizdə heyəti müəyyənləşdirmək üçün “dubl”la, aşağı liqalara da müraciət etməli oluruq. Legioner limiti də götürüləndən sonra yerli futbolçuların əsas komandalarda oynamaq işləri birəbeş çətinləşib. Nəticəyə, avrokuboklara oynayan komandalar da gənclərə çox az şans verir. Halbuki, hər şey bir yerdən güvəndən başlayır. Futbolçunun fiziki və psixoloji hazırlığı, motivasiyası o vaxt yüksək səviyyədə olur ki, əsas komandada, peşəkar mühitdə və peşəkar futbolçularla davamlı məşqlərdə, onlara qarşı ikitərəfli oyunlarda iştirak edir. Bu baxımdan Süleyman da daxil olmaqla əsas komanda üzvləri olan gənclərin U-21-dən dəvət gözləmək, heç olmasa təlim-məşq toplanışına qatılmaq istəyi tam təbiidi.
Aydın məsələdi ki, debütantı birbaşa rəsmi matçda oynatmaq düzgün deyil, onu “odun içinə atmaq” kimi bir şeydi. Bu olmaması üçünsə çoxlu yoldaşlıq görüşü keçirilməlidi ki, əfsular olsun bu planda da “axsayırıq”. Məlum səbəblərdən milli üzvlərinin çoxunun normal oyun praktikası yoxdu ki, bu da məşqçilər korpusu üçün ciddi problemdi və özünü rəsmi matçlarda göstərməyə bilməz.
Hazırda U-21-mizin əsas qapıçısı sayılan Xəyal Fərzullayevin da 2005-ci il təvəllüdlü olduğunu unutmaq olmaz. Bu isə o deməkdi ki, növbəti tsikldə o, yaşına görə U-21-də artıq oynaya bilməyəcək. Deməli, gələcək üçün 2006-cı ildən başlayaraq qapıçıları gündəmdə saxlamaq lazımdı ki, Süleyman buna da uyğun gəlir.
Bir sözlə, milliyə çağırılmağı onun kriteriyalarına uyğun hər bir futbolçu haqq edir. Bu şansdan maksimum istifadə etməyəndə isə o, heç kimdən yox, özündən küsməlidi…
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC