Qaçırmayaq...

Ehtiram Quliyevi 10 ildi şəxsən tanıyıram. Onda təbii ki, futbolda deyildi, tam fərqli sahədə tanış olmuşduq. Həmin vaxtdan futbola həvəsi olan bu şəxsin necə mədəni, nəzakətli, yüksək insani keyfiyyətlərə malik olduğuna şahid olmuşdum. Ən əsası, səbrli insandı. Amma görünür, onun da səbir kasasının daşan vaxtı olur və bunu da təbii qarşılamaq lazımdı. Axı o da insandı və aşkar haqsızlığı görəndə, göz yuma bilmir. 

“Turan Tovuz”un İdarə Heyətinin sədrinin haqlı olduğu bu gün rəsmən təsdiqləndi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov nəhayət, səhnəyə çıxaraq, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” - “Zirə” matçını idarə edən baş hakim Əliyar Ağayevin iki səhv qərar verdiyini təsdiqlədi. Bu o deməkdir ki, FİFA referimiz tovuzluların 2 penaltisini verməyib. Bu isə son illərdə ən yaxşı hakimimiz sayılan Ağayevə yaraşmayan idarəçilikdi.

Adətən baş hakim VAR monitoruna çağırılırsa, əksər vaxt VAR otağından gələn qərar təsdiqlənir. Amma məhz Əliyarın VAR-ın qərarıyla razılaşmadığına buna qədər də görmüşük. Sumqayıtda həmin matçdakı ilk epizoda görə Əliyar yalnız özünü günahlandırmalıdırsa, 2-ci epizodda bütün komandası günahkardı. Ağayev çox yaxşı mövqe seçsə də, aşkar penaltiyə göz yumdu, VAR-dan da “pas” gəlmədi. 

Quliyev son dövrlərin İlk klub rəhbəridi ki, qərəzli qərara bu çür sərt reaksiya verdiyini gördük. Ola bilər ki, mətbuata açıqlamasında bir qədər fərqli ifadələr işlətsəydi, daha düzgün başa düşülər və dedikləri bu qədər də rezonans doğurmazdı. Amma burda əsas məsələ ondadı ki, futbola bu qədər sərmayə qoyan insanı futboldan küsdürmək olmaz. Təsadüfi deyil ki, Quliyev belə davam edəcəksə, investisiya qoymağın, əziyyət çəkməyin heç bir anlamı olmadığını aşkar bəyan edib. Ehtiram müəllimin isə təsisçisi və rəhbəri olduğu “Huner Group”un “Turan Tovuz”a sahib olduğu bu 3 il 2 ayda nə qədər böyük işlər gördüyünü unutmayaq - klubun maddi durumu, infrastruktur necə yaxşılaşdı. Halbuki, bunadək Tovuz klubunun avtobusu belə yox idi. 

Futbolumuzda uzun illər sponsor yoxluğundan gileylənmişik. Ehtiram Quliyev kimi futbola təmənnasız yatırım edənləri necə deyərlər, gündüz çıraqla axtarmışıq. İndi nə deyirsiniz, futbola cibinin pulunu xərcləyəi futboldan qaçıraq? Əsla! Bunun olmaması üçün gərək hakimlər də işlərinə məsuliyyətlə yanaşıb, vicdanla görməli, ən əsası, qayda pozuntularını gözdən qaçırmamalıdı. İndi mövsümün həlledici mərhələsidi və qırğın oyunlar gedir. Bu zaman ədalət təmsilçilərimiz meydanda baş verən heç bir şeyi nəzərdən qaçırmamalıdı. Azərbaycan futbolu isə Tovuz futbolunun timsalında milyonlar xərcləyən səxavətli iş adamına sahib olmaq şansını qaçırmamalıdı…

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC