Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb.
Presssport.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, yarışın sonuncu - XI turunda Azərbaycan qrossmeysterlərinin duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə edib.
Son tura lider kimi qədəm qoyan Nicat Abasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla bərabərliyə razılaşaraq yarım xalla kifayətlənib.
Eyni xala malik Ukrayna şahmatçısı Roman Deqityarov son turda ispan David Gixarronu məğlub edərək Avropa çempionu olub. 11 turdan sonra hərəyə 8,5 xal toplayan Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüb. Nicat Abasov Avropa çempionatını 2-ci, Aydın Süleymanlı isə 3-cü pillədə başa vurub.
Son Azərbaycan çempionu Məhəmməd Muradlı qitə çempionatında 4-cü olub. Hər üç şahmatçı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Beləliklə, 43 ölkənin təmsil olunduğu Avropa çempionatında 2 medal Azərbaycan şahmatçılarına təqdim olunub. Yarışın yekunlarına əsasən ilk “4-lük”də üç Azərbaycan təmsilçisi qərarlaşıb.
Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə 2-ci yeri tutan Teymur Rəcəbov qazandırıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC