Avrokubklarda yeni mövsümdə mübarizəyə Avropa Liqasında başlayacaq “Qarabağ”ın yay transfer dövründə heyətinə qatacağı növbəti futbolçu müəyyənləşib.
Presssport.az İsveç mətbuatına istinadən xəbər verir ki, bu ölkənin “Yurqorden” klubuna məxsus hücumçu Zakariya Savo karyerasını “köhlən atlar”da davam etdirməyə çox yaxındı.
Bildirilir ki, cari mövsüm Kiprin AEL klubuna uğurla çıxış etmiş 26 yaşlı forvarda Ağdam təmsilçisi artıq ilkin təklif göndərib. Danışıqların son mərhələdə olduğu da vurğulanır. İsveç klubu keçidin növbəti həftədə başa çatacağına ümid edir.
Zakariya “Yurqorden”ə keçən il Limassolun “Aris” klubundan keçsə də, orda bəxti gətirməyib. Belə ki, o, 18 oyunda cəmi 1 qola imza atıb. Bundan sonra - konkret olaraq 2025-ci ilin dekabrında yenidən Limassola üz tutub. Sadəcə, bu dəfə həmin şəhərin digər təmsilçisi AEL-ə icarəyə verilib. Burda isə çıxış çox uğurlu alınıb. Belə ki, Savo 4,5 ayda 17 oyunda 8 qol müəllifi olub.
Məlumatda o da bildirilir ki, AEL Zakariyanı birfəfəlik transfer etmək istəyir, ancaq bu yolda futbolçuya rəsmi təklif göndərən “Qarabağ”la ciddi rəqabətlə üzləşib. Özü də ağdamlılar keçidi yaxın günlərdə bitirəcəyinə ümidlidi. Təbii ki, gözlənilməz bir şey baş verməzsə.
Onu da bildirək ki, əslən Qambiyadan olan Savo İsveçdə doğularaq bu ölkənin vətəndaşlığını da daşıyır. 2018-ci il İsveçdə başlayan peşəkar karyerası 2022-ci ilədək orda davam edib. 2022-cü ildəsə Norveçin “Start” klubuna keçərək 1 il orda çıxış edib. Zakariya Kiprə 2023-cü ildə gəlib və 2 il sonra müqaviləylə məxsus olduğu İsveç klubuna transfer olunub. Bu isə “Qarabağ”ın və millimizin hücumçusu Musa Qurbanlının “Yurqorden”dən gedişindən sonra baş verib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC