"Koroğlu"yla gəliş, "topa tutulma"yla gediş

Sərlövhə sizləri çaşdırmasın. Deyə bilərsiniz ki, Koroğlu hara, topa tutma hara? Koroğlunun dövründə igidlər at belində qılınc əllərində savaşardılar. Məsələ ondadı ki, “Zirə” avrokuboklarda yeni mövsümə - Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisi "Torpedo"suyla Sumqayıtdakı ev matçında “Koroğlu” uverturasının sədaları altında meydana çıxdı. Bu ideyanın müəllifi olan zirəlilərin yeni idman direktoru Elman Himayətoğlunu yalnız alqışlamaq olar. Bu qəhrəmanlıq marşı bizimkiləri elə coşdurdu ki, ilk dəqiqələrdən coşaraq möhtəşəm qələbə qazandılar, rəqibi “topa tutdular”. Hətta doğma komandalarını dəstəkləmək üçün qonşu ölkəyə gələn gürcü azarkeşlərin 90 dəqiqə dəstəyi də rəqibə kömək etmədi. SSRİ çempionatında da çıxış etmiş, Gürcüstan müstəqillik qazandıqdan sonra isə ölkə çempionu, kuboku və nəhayət, Super Kuboku da qazanmış 80 yaşlı “Torpedo” Sumqayıtda aciz göründü və buna dözməyən fanatları da final fitindən sonra qəzəblənərək futbolçularını təhqir etməkdən belə çəkinmədilər. 

Bəli, gürcü futbolu bizdən öndədi. Bunu yığma səviyyəsində, legionerlərinin Avropaya axınında görürük. Ancaq bir daha əmin olursan ki, Gürcüstan çempionatı Azərbaycan Premyer Liqasında öndə deyil, deyərdim ki, çox geridi. Təsəvvür edin ki, Kutaisi təmsilçisi çempionatının son bürünc medalçısıdı, Rəşad Sadıqovun komandası isə keçən mövsüm 4-cü olaraq ölkə kubokundan da avrokuboklara vəsiqə qazana bilməmişdi. Sadəcə, bürünc mesalçı “Turan Tovuz” UEFA-nın avrokuboklarla 1 illik bağlı cəzasına məruz qaldığından, onu ən yaxın izləyicisi “Zirə” əvəzlədi. Digər vacib məqam ondadı ki, Gürcüstanda mövsüm “yaz-payız” sistemiylə olduğundan bizdən fərqli gedir. Zirəlilər isə istirahətdən tez-bazar toparlanaraq yaşıl meydana qayıtmışdı. Ancaq 90 dəqiqədən sonra belə düşünmək olardı ki, hazırlıqlı komanda Azərbaycan, hazırlıqsız isə Gürcüstan təmsilçisi idi. 

Təbii ki, baş məşqçi amili də nəticədə həlledici amil oldu. Rəşad Sadıqov təcrübəli alman həmkarı Dirk Şusteri şahmat diliylə desək, mat etdi. Rəqibi çox yaxşı analiz edən 44 yaşlı Sadıqov ehtiyat qüvvəsi az olduğu, heyəti komplekləşdirmədiyi vaxtda “Torpedo”nun daşını daş üstə qoymadı. Onun aparıcı futbolçularından olan braziliyalı mərkəz müdafiəçisi Ruan Renato təkcə arxa xəttə etibarlı olmadı, həm də dublla (avrokubooklarda onun üçün ilk idi-müəllif.) qələbədə pay sahibi oldu. Daha bir qolun müəllifi həmyerlilərini cəzlandıran gürcü hücumçumuz Davit Volkov oldu. Digər gürcü legionerimiz Georgi Papunaşvili isə oyunu ümumilikdə yaxşı keçirsə də, yersiz sarı vərəqə alması gələcəkdə komandasına problem yarada bilər.

Təbii ki, 3:0 hesabı böyük üstünlük olsa da, formal sayıla biləcək cavab matçına arxayın çıxmaq olmaz. Çünki futbol arxayınlığı sevmir və dərhal səni cəzalandıra bilər. O da aydındı ki, “Zirə” yenə transferlər edərək heyəti gücləndirməlidi. Bu heyət təkcə Avropa yox, eə daxili yarışlar üçün də yetərli deyil. 

Bəli, “Koroğlu” uvertürası insanda qələbə, qürur hissi, mübarizə əzmi yaradır. Üstəlik, “Zirə” rəmzi olan “qartal” da qorxaq deyil. Rəşad Sadıqovu yaxşı tanıyanlar bilir ki, nə ona, nə də onun komandasına qorxaq damğası vermək olmaz. Bu, sadəcə, absurddu…

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC