“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq, bu, klub tarixinin ən yaxşı komandasıdı” - Tahir Gözəl

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının Avropa Liqasının 1-ci təsnifat mərhələsinin Bakıda “Vestri”yə (İslandiya) qarşı keçirilən ilk oyunundan (3:0) sonra brifinq keçirib.

Klub rəhbəri Presssport.az-ın əməkdaşının da suallarını cavablandırıb.

- Mövsümün ilk oyunu - nöhtəşəm start barədə nə deyə bilərsiniz?

 - Qeyd etmək istərdim ki, Azərbaycan klubları yeni mövsümə fantastik start verib. “Sabah” və “Zirə” inamlı çıxış etdi. Biz də yaxşı başladıq. Həm oyundan, həm də nəticədən çox razıyam. Sevindirici haldır ki, 3 qoldan 2-sini yeni transferlər vurdu.

- Qarabağ” yeni mövsüm öncəsi heyətini ciddi şəkildə yeniləyib…

- Bu, komandamızın ilk oyunu idi. Qarşıdakı matçlarda daha yaxşı olacaq. Həm müdafiə, həm də hücum xətti inamlı təsir bağışladı. Çoxdan komandanı yeniləmək istəyirdik, baş məşqçi də bunu arzulayırdı. Amma alınmırdı. Yeni mövsüm öncəsi heyətə 8 futbolçu cəlb etdik. Qurban Qurbanov hamıya şans verdi.

- Yeni transferlər olacaq?

- Ümid edirəm. “Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq. Hesab edirəm ki, bu, klub tarixinin ən yaxşı komandasıdı. Baş məşqçi istəsə, daha 1-2 transfer etməyə hazırıq.

 - Deməli, ötən mövsüm çempionluğu əldən verməyiniz sizi dəyişikliklərə sövq edib?

- Bilirrsiniz, həyat insanı dəyişikliklərə vadar edir. Görünür, radikal addımlar atmaq üçün buna ehtiyacımız var idi. Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik. Çətinliklər bizə kömək etdi.

- Kamilo Duran böyük məbləğ qarşılığında Şotlandiyanın “Seltik” klubuna keçdi. Bu transfer necə baş tutdu?

- Əslində, onu buraxmaq planımız yox idi. Futbolçunu pul qazanmaq üçün satmağa ehtiyacımız da yox idi. Amma gələcəkdə “Qarabağ”a gələcək futbolçular üçün belə keçidlər böyük motivasiyadı. Onlar anlamalıdı ki, “Qarabağ”a transfer olunmaqla gələcəkdə böyük klublara keçə bilər.

- Ötən mövsüm legioner limitinin ləğvinə qarşı olduğunuzu demişdiniz. İndi də eyni fikirdəsiniz?

- Fikrim dəyişməyib. Qısamüddətli perspektivdə bu, klublara kömək edir, amma yerli futbola xeyir verməyəcək. Bununla belə, hansı qaydalar tətbiq olunursa, biz də onlara əməl edirik.

- Elvin Cəfərquliyev hələ də komandadan ayrıla bilər?

- Şəxsən mən onun getməsini istəməzdim. Böyük potensiala malik futbolçudu. İstəyirəm ki, komandada qalsın. Amma son qərarı baş məşqçi verir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC