“Ehtiram müəllimi 10 ildi şəxsən tanıyan adam kimi deyə bilərəm ki, güclü, iradəli insandı, yoluna davam edəcək”. Bu fikri iyunun ilk günlərində “Facebook”da şəxsi səhifəmdə statusumda “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev haqda yazmışdım. Onda “Turan Tovuz” üçün sevinc kədərlə əvəzlənmək üzrə idi. Çünki Premyer Liqamızın son mövsümündə bürünc medalçı kimi Konfrans Liqasına vəsiqə qazanan Tovuz klubu UEFA-nın avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərarın olacağıyla bağlı narahatlıq içərisində idi. Yekunda gözlənilən oldu, min hoqqadan çıxaraq Tovuzun 22 ildən sonra Avropaya yolunu kəsdilər.
Bundan sonra normalda Azərbaycan klubu gözlənilən sonrakı gedişat nə ola bilərdi? Klub rəhbərinin əli işdən soyuyur, geri şəkilir və tənəzzül dövrü başlayır. Elə bununla bağlı həmin statustda fikrim vardı ki, bu cür səxavətli iş, futbol adamını da futboldan küsdürün - elə bilirsiniz əliniz bala batacaq? Amma daxilimdə əmin idim ki, Quliyev tez küsən adamlardan deyil. Əksinə, möhkəm insandı və Avropaya çıxmadıq deyə klubu atan rəhbərlərdən deyil. Və ən əsası, əli işdən soyumayacaq, işə yeni güclə, yeni həvəslə davam edəcək.
Zaman da göstərdi ki, haqlı imişəm. UEFA-nın “qara xəbər”indən çox keçmədi ki, tovuzlulara, elə Azərbaycanda da avrokuboklara ilk rəqib olmuş Trükiyə nəhəngi "Fənərbaxça"nın yenidən ölkəmizə oyunla bağlı gələcəyilə bağlı xəbər yayıldı. Bunu reklam xatirinə ortaya atıblar kimi fikirləşənlər üçün İstanbul klubunun prezidenti Əziz Yıldırımın bugünlərdə Bakıya səfəri, Ehtiram müəllimin onunla işgüzar görüşü zamanı oyunun vaxtıyla bağlı konkret müzakirələrin olması yaxşı cavab oldu. Artıq tam bəlli oldu ki, həmin dostluq matçı millilərin sentyabr oyunları zamanı fasilədə olacaq.
Təkcə əsas komanda yox, klub infrastukturu üçün nə qədər böyük işlər görmüş tovuzlu iş adamı Ehtiram Quliyevin növbəti “bombası” hamının ürəyinə yağ kimi yayıldı. Axı, söhbət futboldan illərdi ən böyük problemlərdən sayılan sponsorun cəlb olunmasıyla bağlıydı. Özü də Ehtiram müəllimin təsisçisi və rəhbəri olduğu “Huner Group” kimi şirkət “Turan Tovuz”un əsas himayədarı olduğu halda. Bununla kifayətlənməyən hünərli Quliyev rəsmi şüarlarında olduğu kimi “Hünərimiz var tarix yazmağa!” deyərək, "PeakEye" şirkəti ilə böyük məbləğdə sponsorluq müqaviləsi imzalanması mərasimə hamımızı topladı.
Ehtiram müəllim həm də ona görə hünərlidi ki, anlaşmanın maliyyə tərəfini də açıqlamaqdan çəkinmədi. Bunu əbəs yerə vurğulamıram, çünki sponsorluq müqavilələri zamanı biz media mənsublarını əsas maraqlandıran suala cavabda məbləğ açıqlanmayaraq, kommersiya sirri olduğunu deməklə yola verirlər. Amma “Turan Tovuz” rəhbəri bu sualın verilməsini gözləməyənədək 2 milyon dollarlıq əməkdaşlıq olduğunu bəyan etdi.
Bəli, futbolda, idmanda nəticə - qələbə vacibdi. Amma elə qələbə var ki, tək meydanda yox, ondan kənarda da qazanılır. Necə ki Quliyevli “Turan Tovuz” bunu qazanır. Klub Avropaya gedə bilmədisə, bunu unutduran qələbəni meydana çıxmadan əldə edir. Artıq media üçün maraqlı persona olan Ehtiram Quliyev də dünənki sponsorluq müqaviləsi imzalanması mərasiminə qırmızı rəngli qalstukla gəlməyi lazım bildiyini əbəs yerə açıqlamadı. Axı, qırmızı rəng şadlıq, uğur, bayram deməkdi. Bayramınız mübarək, tovuzlular!
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC