"Turan Tovuz"da legioner bolluğu - çay qırağında yeni meydança istifadədə, dağıstanlı, özbək, nepallı, afrikalı sınaqda

Ehtiram Quliyevin “Turan Tovuz”a rəhbər gəlişindən sonra təsisçisi və baş direktoru olduğu “Huner Group” şirkətinin 3 ildə infrastrukturla bağlı gördüyü işlər göz qabağındadı. Təkcə Tovuzla kifayətlənməyən klub başçısı paytaxtda, konkret olaraq Kürdəxanı qəsəbəsində də təlim-məşq bazasının açılışını etdi.

2025-ci ilin martın 28-də Tovuz şəhər stadionunda əsas komanda üçün nəzərdə tutulan yeni inzibati binasının açılışı zamanı isə bölgə təmsilçisinin doğma məkanda daha bir təlim-məşq bazası inşa etdirəcəyi haqda məlumat aldıq, hətta məkanla yerində tanış da olduq. Məlum oldu ki, yeni təlim-məşq sahəsi rayonun Abulbəyli kəndinin ərazisində yerləşəcək.

Çay (Tovuz çayı) qırağında yerləşən 2 hektara yaxın ərazidə 2-si təbii, 1-i süni örtüklü olmaqla, 3 meydança salınması nəzərdə tutulmuşdu. Ehtiram Quliyev, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının rəsmiləri və media nümayəndələrinin iştirakı ilə əraziyə tanışlıq turunda onu da öydəndik ki, tikinti işlərinə həmin ilin yayında start veriləcəkdi.

Bugünlərdə Tovuza səfərim zamanı şəhər stadionunda sakitliyə şahid oldum. Əsas komanda hələ ki doğma rayondan kənarda olsa da, akademiya komandaları artıq yeni mövsümə Tovuzda hazırlaşır. Sadəcə, çay qırağındakı həmin yeni meydança hazır olduğundan artıq orda hazırlaşırlar. Bu isə iyulun 27-dən başlayaraq reallaşıb, U-15-U-19 komandaları ilə həyata keçirilir. Daha aşağı yaş qrupları isə stadionun ərazisində olan kiçik ölçülü meydançalarda məşq edir.

Təbii ki, yeni məşq meydançasına baş çəkməyə bilməzdim. Standart ölçüdə, sintetik örtüklü meydançada 2 gün ərzində məşqlər yox, yoxlama oyunları oldu. Episentrdə U-19 komandası idi ki, ilk olaraq əvəzedici, sonra U-17 komandasıyla qüvvəsini sınadı. Əlbəttə, belə matçlarda nəticə önəmli olmasa da, 19 yaşlıların hesabda üstün olduğunu da vurğulamalıyam.

U-19-un diqqət mərkəzində olması əbəs yerə deyil. Çünki bu komanda yenidən formalaşdırılıb və qarşısına yeni hədəf də qoyulub. Bu da çempion olmaqdı. Məlumdu ki, U-19 Liqasının çempionu UEFA Gənclər Liqasında ölkəmizi təmsil etmək hüququ qazanır. Komandanın heyətinin gücləndiirlməsi məqsədilə düşərgədə çoxlu - 30-40 futbolçu var. Belə say çoxluğu hərəsi 30 dəqiqədən ibarət hissələrdə tam fərqli heyətin buraxılmasına imkan verirdi. 

Baş məşqçi də yenidi. Təkcə U-19-a yox, Tovuz klubu üçün də demək olar. Çünki paytaxtdan gəlib, “Vətən” Futbol Məktəbində, "Sabah" klubunun akademiyasında məşqçi kimi çalışmış Namiq Həsənovdu. Bir məqam da var ki, əslən tovuzludu və məşqçilik karyerasını artıq doğma rayonunda davam etdirir.

Həsənovun köməkçisi, “Turan”ın sabiq futbolçusu Akif Tağıyevlə birgə sınaqdan keçirdiyi futbolçular arasında Tovuzdan kənar bölgələrimizdən dəvət olunanlarla yanaşı, xaricdən gələn əcnəbi oyunçular da var. Belə ki, düşərgədə afrikalı, nepallı, dağıstanlı, özbək futbolçulara da rast gəldim. Legioner sayı 10-dan çox olsa da, bunlardan 4-5-nin saxlanılması nəzərə tutulub. Unutmayaq ki, U-19 Liqasında limit var - meydanda 2 legionerin olmasına icazə verilir.

Oyunlar zamanı təkcə komandaların məşqçiləri yox, “Turan Tovuz”un akademiyasının rəhbərliyi da iş başında idi. Belə ki, akademiyanın direktoru Eltay Aslanovla koordinatoru Ülfət Mədətovun gözəl tandemi həmişəki kimi uğurlu şəkildə özünü göstərirdi. Oyunları diqqətlə izləyən akademiya rəhbərliyi təkcə seyrçi mövqeyində olmur, məşqçilərlə ayaqüstü söhbətlərində lazımı tövsiyələrini, məsləhətlərini verir, futbolçularla da maraqlanır, problemlərini soruşaraq bunların operativ şəkildə həllinə çalışırdı. Tovuz futbolunun canlı əfsanəsi, akademiyada qapıçılar üzrə koordinator olan Nizami Sadıqov isə gənc həmkarlarını diqqətdə saxlayırdı. 

Onu da bildirim ki, meydançanın yanında olan vaqonlarda paltardəyişmə otaqları var və yeni mövsümdə liqa oyunlarının orda keçirilməsi gözlənilir. Təbii ki, bu, AFFA nümayəndələri ora baş çəkərək vəziyyətlə yerində tanış olub rəsmi icazə veriləndən sonra.

Sonda onu da bildirim ki, çay qırağındakı ərazidə digər 2 meydançanın inşası planda qalır və bunu da “Qəbələ”dən tanıdığımız, "Turan Tovuz"un meydançasının öt örtüyünün sünidən təbiiyə dəyişən ingilis mütəxəssis Filip Şarples həyata keçirəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC