Premyer Liqamızda yeni mövsümün başlanğıcına saylı günlər qalıb. Artıq bu cümə günü - avqustun 14-də 2026/27 mövsümü Tovuzda - “Turan Tovuz” - “Qəbələ” matçıyla start götürəcək. Tovuz şəhər stadionunda olduğumuz müddətdə direktor Firudin Məmmədovla söhbətləşməyi lazım bildik: “Gördüyünüz kimi, yeni mövsümün açılış oyununun Tovuzda keçirlməsiylə bağlı PFL nümayəndələri gəlmişdi. Yoxlama keçirdilər, bütün hazırlıqların səviyyəsini yoxladılar. Stadiona hərtəfəli baxış keçirdilər, yüksək qiymət verdilər. Şükürlər olsun ki, stadionumuzda hər şey qaydasındadı. Qlobal işimiz qalmayıb, ancaq kosmetik işlər olur ki, günü bu gün də işçilərimiz məşğuldu. Onları da ilk oyunadək tamamlayacağıq”.
“Huner Group”un kluba baş sponsor olmasından sonra adı dəyişdirilərək “Hünər Arena” adlanan Tovuz şəhər stadionunda diqqətimizi çəkən plastik oturacaqların artıq rəngbərəng olması idi: “Bildiyiniz kimi, bunadək plastik oturacaqlarımızın hamısı göy rəngdə idi. İlk olaraq bütün sınıq-qırıq oturacaqlar dəyişdirdik. Avrokubok oyunlarına hazırlıq mərhələsində bayramsayağı yenilik etmək istədik, oturacaqları rəngbərəng etdik. Demək olar bütün rənglərdən istifadə etmişik. Hazırda stadionumuz demək olar 6500 nəfərlik tutumluqdu. Konkret 6480 sayda oturacaq var. Keçən mövsümdə müəyyən yerlərdə oturacaqlar quraşdırılmamışdı. İndi demək olar həmin yerləri də doldurmuşuq. Daha say artırmaq mümkün deyil. Hər halda, keçən mövsümlə müqayisədə 500 oturacaq artıra bilmişik. Eyni zamanda qarşı tribunada qonaq komandanın azarkeşləri üçün ayrıca yer düzəltmişik, ayrıca qapı açmışıq ki, stadiona fərqli yerdən daxil olsunlar. Bu, əsas yola baxan hissədi. Rəqib fanatlar üçün sektorlarda xüsusi şərait yaratmışıq, orda hər bir xidmət təşkil olunub”.
Məmmədov ardından media sektorunda olan dəyişikliyə toxunub: “Media sektorunda yer sayı baxımından xeyli fərq var. Belə ki, əvvəl 30 nəfərlik idisə, indi 25 nəfərlik də artım olub və hazırda 55 yer var. Bu sektor də internetlə yüksək səviyyədə təmin olunub. Ümumiyyətlə, stadionun hər yerində şərait belədi".
Məlumdu ki, Ehtiram Quliyevin “Turan Tovuz”un rəhbərliyinə gəlişindən sonra arenada tabloda və projektorlar quraşdırılıb. Stadion direktoru tabloyla bağlı yeniliyin olmadığını vurğulayıb: “İşıqlandırma sistemi bürün ərazidə demək olar yenidən çəkildi, kor nöqtə qalmayıb. Projektorlarımız əvvəl də güclüydü, ümumiyyətlə, hamısından istifadə etmirdik. Amma indi lazım olarsa, tam yararlana bilərik. Ərazinin hər nöqtəsində kameralar quraşdırılır. Paltardəyişmə otaqlarını təmir etmişik, orda olan müəyyən çatışmazları aradan qaldırmışıq. “Sky-box”da əlavə işlər görülüb, hardasa 17 nəfərlik artım etmişik. Kameraraların mərkəzdirilmiş qaydada çəkilişiylə bağlı plastik kabinet yaratmışıq. Orda xüsusi avadanlıqlar quraşdırılıb. Yəni orda oturub bütün ərazini görərək hər şeyi rahat idarə etmək olur, hər yerdə kameralar var".
Keçən mövsüm Tovuz stadionuyla bağlı əsas görülən iş süni ot ortüyünün təbii ilə dəyişdirilməsi oldu. İsti yay günlərində qazonu qorumaq qarşıda duran əsas işlərdən biri olub. Məmmədovu dinləyək: “Təbii qazonun saxlanılması üçün əsas şərt yaşıl otun vaxt-vaxtında suvarılmasıdı. Ona xidməti müqaviləmiz olan xüsusi şirkət həyata keçirir. Biz də eyni zamanda onlara dəstək oluruq. Bu, həm işçi baxımından olur, həm də hər dəqiqə lazım olanda suyumuz var, onunla təmin edirik. Nə lazımdırsa, ota yüksək səviyyədə texniki qulluq olunur. Buna görə stadionun ot sistemində bugündədək heç bir problem yaranmayıb, inşallah, bundan sonra da yaranmaz. Yay vaxtında olan isti havalar üçün qazonumuzu ideal vəziyyətdə saymaq olar”.
Məlum olduğu kimi, Tovuz klubu Premyer Liqamızda keçən mövsümün bürünc medalçısı kimi Konfrans Liqasına vəsiqə qazansa da, yekunda UEFA-nın 1 illik cəzasına görə avrokuboklara buraxılmadı. Buna qədərsə mayın son həftəsində UEFA stadion inspektoru Skott Struters, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov "Turan Tovuz"un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçirmişdi. 4 saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunmuşdu. Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılmışdı. Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılmış, arenada həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilmişdi. Arena rəhbəriylə söhbətimizdə həmin səfərə də toxunduq: "Bura gələn UEFA nümayəndəsi təcrübəli şotland mütəxəssis idi. Ən birinci internet, mərkəzləşmiş kamera sisteminin istənilən vəziyyətdə olması tövsiyə edilmişdi. Ki, bütün stadion ərazisinə nəzarət olsun. Bura meydançanın özündən tutmuş kənarlarınadək hər bir yer aiddi. Bayaq dediyim qonaq komandanın fanatları ayrıca yerin, ayrıca qapının olması da beynəlxalq oyunu keçirmək üçün vacib görülməli iş idi. Orda hardasa 337 nəfərlik yer hazırlamışıq. Həm də yerli və rəqib azarkeşlər arasında bir sədd olmalıdı ki, qarşıdurma olmasın. Bu tövsiyyəni də icra eləmiş, müəyyən xırda işləri də görmüşük. UEFA-nın parkinqlə də bağlı tövsiyələri olmuşdu. Hələlik xətləri çəkməmişik, ancaq yerlər müəyyənləşib. Yerimiz ona imkan verir ki, stadion ərazisində təxminən 70-80 nəqliyyat vasitəsi yerləşdirmək mümkün olsun. Bu da UEFA oyunu üçün yetərlidi. Artıq stadion beynəlxalq matç üçün qəbul olunub və günü sabah burda oyun keçirmək olar. UEFA-nın 2-ci kateqoriyalı stadionuyuq, buna müvafiq olan lisenziyamız var. Stadionda girişdə avtomatik turniketləri gələcəkdə quraşdırsaq, kateqoriyamız bir az da artırılaraq, “3-cü kateqoriya” olacaq".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC