Sərlövhəyə əsasən Premyer Liqamızda yeni mövsümün başlandığını nəzərdə tutduğumu düşünə bilərsiniz. Bəli, yeni çempionatımız yeni başlansa da, əslində, hakim səhvlərinin başlandığına işarə vururam. Hələ cəmi 2 tur arxada qalıb, artıq kobud xəta göz qabağındadı. Haqqı yeyilən komanda hansıdı - keçən mövsüm bundan çox əziyyət çəkən “Turan Tovuz”. Tovuzluların Premyer Liqanın 2-ci turunda “Şamaxı”yla öz meydanındakı matçda cərimə zərbəsindən sonra qapı tirindən qayıdan top xətti aşkar keçsə də, nə meydandakı hakimlər briqadası bunu gördü, nə də VAR-da oturanlar. Halbuki, bu, Tovuz şəhər stadionunda tribunadan belə aşkar göründü.
Həmişə demişəm, yenə deyirəm ki, Azərbaycanda yan xətti hakimləri zəifdi, müstəqil dəqiq qərar verə bilməyərək, hətta elementar autda belə, gözləri baş hakimdə olur. Adları hakim-köməkçiləridi, ancaq hakimə kömək etmirlər, daha doğrusu, edə bilmirlər. Bu anda dünya üzrə məşhur hakimimiz Tofiq Bəhramovun qəbirdə sümükləri sızıldayır. Axı necə də olmasın, kişi düz 60 il əvvəl dünya çempionatında finalında (İngiltərə-Almaniya- 4:2) məhz yan xətdə olaraq doğru qərarıyla bütün dünyada məşhurlaşdı, indiyədək adı ehtiramla xatırlanır. Amma Bəhramovun gənc həmkarları, futbola külli miqadarda yatırımlarıyla səxavətli iş adamı Ehtiram Quliyevin rəhbəri olduğu “Turan Tovuz”a qarşı ədalətsizliklə yadda qalır. Özü də maraqlıdı ki, birəbir həmin epizodda - top tirə dəyərək qapı xəttindən keçir.
Yaxşı, deyək ki, hakim insandı, səhv edib, indi VAR var axı. Referi topun qapı xəttini keçib-keçməməsini dəqiq ayrı edə bilmirsə, VAR-da oturanlar bunu müəyyənləşdirsin. Onlarda da hər cür görüntü olmalıdı. Yoxdursa, bu, haqqı yeyilən komandanın problemi deyil. VAR-dakında görüntü və peşəsinə uyğun olaraq ədalətlik hissi VARsa, doğru qərar verəcək. Bunun olmamasının isə qərəzlilikdən başqa adı yoxdu. “Uzaq sahillərdə” filmindən baş qəhrəman Mixaylonun (Mehdi Hüseynzadənin) dilindən səslənən və bu gün də xalq arasında kinayəli məqamlarda tez-tez işlədilən məşhur sitatı xatırlasaq - "Qurtarın bu komediyanı!”. Ya işinizlə məşğul olub ədalət təmsilçisi olun, ya da ədalətli oyun olan futboldan uzaq olun!
Maraqlıdı ki, VAR-da oturan Vüqar Həsənli əslən Tovuzdandı. Rəqib tərəfi deyə bilərdi ki, o, “Turan Tovuz”a simpatiya göstərəcək. Ancaq göründüyü kimi, simpatiyadan söhbət gedə bilməz. Yeri gəlsə, onun yerlilərinə, doğma rayonunun təmsilçisinə antipatiyasının olduğu haqda hətta düşünə bilərsən. Matçın 4-cü hakimi olan Nicat İsmayıllının nəticəyə təsir edən səhvi olmasa da, onun da tovuzlu olduğunu demək yerinə düşür.
Və son olaraq məsələyə futbol tərəfinə yanaşsaq, “Turan Tovuz” qələbə qazana bilmədiyi son matçda yaxşı da oynamadı. Xüsusilə ilk hissə bərbad alındı. Birinci 45 dəqiqəyə baxanda, adamda elə təəssürat yaranırdı ki, meydan sahibləri Tovuz yox, Şamaxı təmsilçisidi. Qonaqlar topa daha çox sahib olur, meydanda dominant tərəf idi. Qərb klubunun təcrübəli baş məşqçisii Kurban Berdıyevin seçdiyi taktikayla, oynatdığı futbolla bu mövsüm hətta bürünc medala (keçən mövsüm buna nail ola bilmişdi-müəllif.) ümid etmək çox çətin olacaq. Hər halda, çempionluğa aşkar favoritlər “Sabah”la "Qarabağ" və 90 illik yubileyinə çempionluğu hədiyyə etmək istəyən, xeyli canlanan və hazırkı lider "Neftçi" olan yerdə…
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC