Premyer Liqamızda yeni mövsümdə artıq 3 tur arxada qalıb və hər 3 turda bölgədə oyunda iştirak etmişəm. Bunlar öz maddi vəsaitim hesabına olub. Məlumdu ki, 2022-ci ildən olan bölgə layihəsi hələ ki yoxdu. Son turda təqvim hər 3 bölgə matçında olmağa imkan verirdi və səfərə çıxanda da bu planə həyata keçirmək fikriylə yollanmışdım. İlk olaraq Qəbələdə oldum, sonra Gəncəyə üz tutdum və bundan sonra Qəbələyə dönməyi nəzərdə tutmuşdum. Sadəcə, Gəncə Beynəlxalq Avtovağzalında olarkən şəxsi səbəblər üzündən Qəbələyə yox, Bakıya gedən nəqliyyat vasitəsində yer alası oldum. Beləliklə, futbol diliylə desək, het-trik edə bilmədim.
Yekunda belə oldu ki, həmin gün Qəbələdə keçirilməli olan “Araz-Naxçıvan” - “Sabah” matçında jurnalist olmadı və baş məşqçilər mətbuat xidmətlərinə danışmalı olub.
Əslində, Qəbələdə ilk matçda da belə mənzərə olacaqdı. Orda idman mediamızı demək olar tək təmsil edirdim. İdman jurnalistikasında maddi durum bəllidi və bizim sahəyə dəstək olmayacaqsa, baş məşqçilər boş zallarda PFL-in və klubların videokameralarına danışıb gecəcək. Bu isə sponsoru olan Premyer Liqamıza yaraşmayan mənzərədi. Nəhayət, buna əlac tapılmalıdı ki, medianın da çempionarımıza diqqəti artsın, böyük ajiotaj yaransın. Oyunlara hələ ki gedən gedir öz cibinin pulunu xərcləməklə, amma bunun davamlı olması real deyil.
Olduğum Qəbələ və Gəncədə səfər təəssüratlarım fərqli oldu. O mənada ki, “Qəbələ” - “Şamaxı” görüşündə 90 dəqiqədə qol görə bilmədik. Düzdü, “qırmızı-qaralar” yeni çempionatda ilk xalını qazansa da, hələ də nə qol vura bilib, nə də qələbə qazanıb. Kaxaber Tsxadadzenin komandası keçən mövsüm də autsayder olsa da, heç olmasa baxımlı oyun səgirləyirdi, indisə bundan əsər-əlamət qalmayıb. Bu da klub rəhbərliyinin haqlı olaraq səbr kasasını daşdırdı və təcrübəli gürcü mütəxəssislə yollar ayrıldı. Bu isə 2026/27 mövsümündə ilk istefa kimi tarixə düşdü. Maraqlıdı ki, əvvəlki klublarında ( “Araz-Naxçıvan” və “Kəpəz”də) rəqib baş məşqçiləri istefaya göndərən “Şamaxı”nın hazırkı çalışdırıcısı Azər Bağırov yenə bu ənənəsini davam etdirdi.
Turun Qəbələdəki ilk qarşılaşmasını stadiondan izləyən millimizin baş məşqçisi Ayxan Abbasovun halına acımamaq olmur. O mənada ki, meydanda yerli futbolçular azmış kimi, onlardan xüsusi bir oyun görmədik. Gəl, belə bərbad oyundan milliyə futbolçu seç də..
Gəncədə isə bayram-bayrama qarışmışdı. Axı, Premyer Liqamız 3 illik fasilədən sonra Nizami yurduna qayıdırdı. Özü də belə gözəl arenada Qərb derbisiylə. Gəncə şəhər stadionu inanılmaz gözəldi və mənə görə, son illərdə inşa olunan yeni arenalarımız arasında ən möhtəşəmidi.
Bu sözləri elə gəncəli azarkeşlər haqda da demək olar. Onlar say çoxluğu, sonadək möhtəşəm dəstəkləriylə açılış matçına əlavə rəng qatdı və qələbədə (1:0) böyük pay sahibi oldu. Özü də bütün milli çempionatlarımızın iştirakçıları olan “Neftçi”ylə "Qarabağ"da hərədə 2 fan-klub varsa, “Kəpəz”in azarkeş qruplarının sayı bundan çoxdu. Fikrimcə, hazırkı “Kəpəz”in ən böyük üstünlüyü rəqiblərini məhz öz stadionunda öz azarkeşləri qarşısnda qəbul etməsidi. Yəni, sizi əmin edirəm ki, cari mövsümdə “Kəpəz”lə səfər matçında büdrəyən tək ddialı komanda “Turan Tovuz” olmayacaq.
Tovuz klubu isə cari çempionatda çempionluq vəzifəsini qarşıya məqsəd qoysa da, uğursuz start göz qabağındadı. İlk 3 turda təqvim onlar üçün çox münasib, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan rəqiblərlə görüşlərdə maksimum nəticə göstərməli olsa da, 5 xal itirdi. Bunun da əsas səbəbi kimi Kurban Berdiyevin oynatdığı futbolu göstərmək olar. Gəncəyə gələn tovuzlu azarkeşlər də haqlı olaraq final fitindən dərhal sonra 74 yaşlı rusiyalı baş məşqçini istefaya səslədi. Berdiyev oyun planında köklü dəyişiklik etməsə də, komandasının Avropaya yolu yenə bağlanacaq. Bu uğursuzluq isə Ehtiram Quliyev kimi səxavətli rəhbəri olan klubda olmamalıdı…
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC