Komanda yoldaşı Mehman Hacıyevin qəfil ölümündən danışıb: "Səhər yatdığı otağa keçəndə görüblər ki, rəngi göyərib, həkimlər özlərini çatdıranda..."

“Mehman 3-4 ay idi Rusiyadan gəlmişdi. Orda yıxılaraq ayağı qırılmışdı. Gəlib burda əməliyyat olundu. Bundan sonra sağalmışdı, hətta əlindəki çəliyi də tullamışdı".

Bu fikirləri Presssport.az-a açıqlamasında dünyasını dəyişən gəncəli veteran futbolçu Mehman Hacıyevin “Kəpəz”də komanda yoldaşı olmuş Firuz Qulami deyib.

Dünən 52 yaşında qəfil vəfat edən Hacıyevlə bağlı xatirələrini bölüşən həmsöhbətimiz ölümün səbəbin beyinə qan sızması olduğunu vurğulayıb: “Mehmanın ailəsi təxminən 3 aydır Bakıya köçmüşdü. Oğlu paytaxtda işləyir. Bir həftə öncə Gəncəyə qohumlarının xeyir işi ilə əlaqədar gəlmişdi. Bütün günü yanımızda idi. Elə ölümündən 1 gün əvvəl də bizimləydi. Bir neçə gündü özünü pis hiss etdiyindən, sistem qoşdurmuş, müalicə almışdı. Bizimlə olanda dedi ki, özümü pis hiss edirəm. Biz də maşınla bacısıgilə yola saldıq. Ertəsi gün yaxın qohumlarından biri mənə zəng edərək, vəfat xəbərini çatdırdı. Bacısıgil də Rusiyadan qayıtmışdı və qohumlar ora onunla görüşə gəlib. Mehman gecəni otaqda tək yatıb. Səhər yatdığı otağa keçəndə görüblər ki, rəngi göyərib. Təcili yardım çağırıblar, amma xeyri olmayıb. Həkimlər özlərini çatdıranda görüblər ki, insult vurub, keçinib. Bax, belə…"

Qulami bu üzücü olayın onlar üçün gözlənilməz olduğunu gizlətməyərək, mərhumun özünün də ağrılarını büruzə verən insan olmadığını sözlərinə əlavə edib: “Əvvəlcədən bir problem yox idi ki, üstünə düşəsən. Hər şey 1-2 günün içində baş verdi. Qohumları səhhətinin ağırlaşdığını bilməyib. Bilirsiniz, Mehman bu sarıdan bir az çətin, bir az qapalı insan idi. Evdə xəstəliyini deyəsi adam deyildi”. 

54 yaşlı keçmiş yarımmüdafiəçi mərhumun futbolçu karyerasına da toxunub: “Yaxşı futbolçu, yaxşı müdafiəçi idi. 2 dəfə Azərbaycan çempionu, 2 dəfə də ölkə kubokunun sahibi olub. Bunu qazandığı “Kəpəz”lə avrokuboklarda da çıxış edib. Eyni zamanda Olimpiya yığmamızın (U-21) üzvü olub. Futbolçu karyerasını başa vurduqdan sonra “Kəpəz”in əvəzedici heyətində və əsas komandada məşqçi işləyib. O, ömrünü demək olar ki, “Kəpəz”ə həsr edib, onun məktəbini keçib. Uşaq komandasından əsas kollektivədək çıxış edib. O da mənim kimi Fuad İsmayılovun tələbəsi olub. Allah rəhmət eləsin!”.

Onu da bildirək ki, Hacıyev doğulub boya-başa çatdığı Gəncədə bu gün dəfn olub. Gəncəli futbol veteranları mərhumun xatirəsinin Misli Premyer Liqasının V turunda sentyabrın 12-də olacaq “Kəpəz” – “Qəbələ” matçından əvvəl 1 dəqiqəlik sükutla anılması arzulayır. Gəncə klubunun rəhbərliyi də bunu planlaşdıraraq PFL-ə qarşıdakı günlərdə bununla bağlı rəsmi müraciət edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC