“Qəbələ”nin yeni baş məşqçisi şimali makedoniyalı mütəxəssis Yeton Bekiri olub.
Klub onunla 1+2 illik müqavilə bağladığını bu gün rəsmən açıqlayıb.
44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya”ya olub və 2024-2025-ci illər mövsümündə onunla Şimaili Makedoniya çempionu olub.
Qəbələnin eyniadlı klubunun idman direktoru Səbuhi Səfiyarlı Presssport.az-a müsahibəsində təyinatla bağlı bir sıra məqamlara aydınlıq gətirib.
– Yeni baş məşqçiylə bağlı demək olar heç kimin gözləmədiyi seçim oldu. Başqa variantlar var idi və niyə məhz bu mütəxəssis?
– Variant çox idi, lap çox - 50-60 namizəd vardı. Biz özümüz üçün müəyyən meyarlar qoymuşduq: yaşı 50-dən aşağı, cavan, karyerasında nəsə qazanmış biri, oyun stili bir az hücumameyilli olsun. Belə bir neçə meyar müəyyənləşdirmişdik. Bəzi bəndlər də var idi ki, mentalitet baxımından bizə yaxın olsun. Klub rəhbərliyi tərəfindən bu cür meyarlar müəyyənləşdirilmişdi və biz də namizədləri məhz bu çərçivədə axtarırdıq. Ən sonda bir çox məşqçi ilə rəhbərlik səviyyəsində görüşlər, danışıqlar oldu. Bu, neçə vaxt idi gedirdi. Onların hamısının futbol fəlsəfəsi, futbola baxışı, komandamız haqqında fikirləri, klub olaraq “Qəbələ”yə, ümumiyyətlə futbola münasibəti və bir çox bu kimi məsələlər müzakirə edildi. Hər şeyi götür-qoy etdikdən sonra klub rəhbərliyi seçimini bu namizədin üzərində saxladı. Həm irəli sürülən meyarların əksəriyyətinə cavab verməsi, fikirlərinin rəhbərliyin baxışı ilə üst-üstə düşməsi, futbola baxışlarının uyğun gəlməsi bu addımı atmağımıza kömək oldu, təsir etdi.
– Çoxsaylı namizədlər arasında əsasən əcnəbilər yer almışdı, yerlilər olmayıb. Düzdür, yoxsa yanılıram?
– Əvvəlcə istədik ki, əcnəbilərə baxaq. Onlar arasından tutarlı bir namizəd çıxmasaydı, ondan sonra yerli mütəxəssisləri nəzərdən keçirəcəkdik. Çünki yerli seçim imkanımız onsuz da elə çox deyildi. Ona görə də düşündük ki, əcnəbilərin arasından uyğun bir mütəxəssis tapmasaq, yerli bazara yönələrik.
– Deməli, adı çox hallanan sabiq baş məşqçiniz Elmar Baxşıyevlə ümumiyyətlə, ünsiyyət qurulmamışdı?
– Yerli məşqçilərin heç biri ilə əlaqə saxlanılmamışdı.
– Müqavilə “1+2 il" bağlanıb. Yəni, bu mövsüm baxılacaq, inşallah uğurlu olsa, ən əsası Premyer Liqada qalsanız, anlaşma avtomatik 2 illik uzadılacaq…
– Təxminən belədi. Gəlin, birinci il ərzində bir-birimizi tanıyaq. Görsək ki, rəhbərliyin layihələrini və planlarını həyata keçirə biləcək meyarlara sahibdi, bəli, daha 2 il də davam edəcəyik.
– Qarşıda qoyulan minimal vəzifə birmənalı olaraq Premyer Liqada qalmaq, imkan daxilində isə ortalarda qərarlaşmaqdır?
– Klub rəhbərliyinin fikri belədir: ötən mövsüm istəyirdik ki, akademiyanın uşaqları daha çox oynasın və əsas məqsəd Premyer Liqada qalmaq olsun. Bu mövsüm isə daha yaxşı heyət qurub oynamaq istəyirik. Premyer Liqada qalmaq əsas məqsəddi, ancaq bunu çətinliklə, sonuncu tura qədər saxlamamaq şərtilə. Məqsədimiz bunu daha rahat bir şəkildə həll etmək və imkan olsa, ortalarda məskunlaşmaqdı. Söhbət belə qoyulub və həmin istiqamətdə də işləyəcəyik.
– Yeni baş məşqçi heyəti yetərli sayırmı? Çünki “transfer pəncərəsi” bağlanıb, amma sərbəst futbolçu gətirə bilərsiniz. O da hansı keyfiyyətdə olacaq, bunun özü bir sualdı. Ehtiyat qüvvəniz nə dərəcədə onun istəyinə imkan verəcək?
– Hələ ki əsasən onun istəyinə cavab verir. Bu da yeni baş məşqçiylə bağlı əsas meyarlardan biri idi ki, hazırda transfer üçün çox da imkanımız yoxdu. Cəmi 2 transferimiz ola bilər, çox yeni oyunçu götürməyəcəyik. İndi 10 legionerimiz var, son anda kimi götürə bilsək, onu götürə bilərik. Hələ ki bu heyətlə dekabra qədər davam etməyə çalışacağıq.
– Böyük rüsum ödəməmək üçün legionerlə bağlı 2 boş yeri doldurmaq məsədələ qışda gündəmə gələcək?
– Çox güman ki. Mövqelərə və ümumi vəziyyətə baxılacaq.
– Hazırda klubda olanlardan demək olar ki, hamı qalacaq. Yəni fiziki hazırlıq üzrə mütəxəssis Yevtiç, qapıçılarla işləyən Amil Ağacanov və Asif Məmmədov qalır. Özüyləsə 2 nəfər gətirir - biri analitik, digəri isə köməkçi məşqçidi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC