Yeni mövsümün başlanğıcında “Başlandı…” (https://presssport.az/example.php?id=29363) sərlövhəli yazımda kobud hakim səhvinin və bunun yenə "Turan Tovuz"un başında çatladığını yazmışdım. Bundan heç 1 ay keçmədi ki, həmin “konsert”ə yenə şahid olduq. Sadəcə, bu dəfə Tovuz klubunun ev yox, səfər matçı idi.
Şamaxıda “Araz-Naxçıvan”ın qonağı olan Kurban Berdiyevin komandası qələbəyə çox yaxın olduğu bir vaxtda sona az qalmış qapısına penalti təyin olundu. Elə onda biz media əhli tribunadan gördük ki, bu, penaltilik qayda pozuntusu deyil. Sadəcə, gözlədik ki, görək AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bu epizodu necə şərh edəcək, gənc həmkarının (həmkarlarının) tərəfini saxlayacaqmı?
Əslində, bu, elə bir epizod idi ki, komitə sədri də orda baş hakimin qərarının doğru olduğunu deyə bilməzdi. Baxmayaraq ki, Şamaxıdakı matçı idarə edən ən yaxşı hakimlərimizdən olan FİFA referisi Elçin Məsiyev idi. VAR-da oturan da FİFA referisi idi və o, yəni Kamal Umudlu həmkarını VAR monitoruna çağıraraq 11 metrlik cərimə zərbəsinin olmadığına işarə etmişdi. O da məlumdu ki, VAR monitoruna gedirsənsə, çox vaxt VAR-dakıların dedikləri təsdiqlənir. Amma Məsiyev bunu etmədi və öz fikrində qaldı. Onun sədri də AFFA-nın mətbuat xidməti vasitəsilə qərarın doğru olmadığını rəsmən təsdiqlədi.
Ay, Elçin bəy, bu, sizə lazım idi? Yoxsa siz də həmkarınız Əliyar Ağayev kimi VAR-dan gələn mesajı özünüzə sığışdırmayaraq qərarınızı dəyişmirsiniz? Hər halda, Ağayevdə bunu bir neçə dəfə görməmişik və qüvvədə saxladığı qərarının səhv olmasına da şahid olmuşuq. Həmin Əliyar bəyin keçən mövsüm “Turan Tovuz”un Azərbaycan Kubokunun ilk yarımfinal matçında necə kobud, nəticəyə təsir edən səhvlərinə yol verdiyini də unutmamışıq.
Cənab Məsiyev, onu da unutmayaq ki, əslən Tovuzdusunuz. Yox, əsla onu nəzərdə tutmuram ki, mütləq yerlilərinizə simpatiya göstərməlisiniz. Hər halda, hakim ədalət təmsilçidirsə, ədalətli olması onun üçün hər şeydən üstün olmalıdı. Amma nə hikmədirsə, sizdə Tovuz klubuna qarşı sanki antipatiya var. Buna görə də açıq desək, tovuzlular sizi heç də sevmir və hər dəfə oyunlarına təyinatınız gələndə, onlara qarşı pis idarəçiliyinizin olacağınıza hazır olurlar.
Maraqlıdı ki, ən yaxşı hakimlərimiz olan Ağayevlə Məsiyev “Turan Tovuz”a qənim kəsilib. Biri UEFA-nın elit, digər I kateqoriyalı hakimlər sırasındadı. Hər ikisinin də səhvi birbaşa nəticəyə təsir edib. Bunun təsdiqlənməsi isə komandanın "yarasına məlhəm olmur”. Çünki birində finala gedən yolu bağlandı, digərində qələbə əldən çıxdı. Tovuzluların bu mövsümün əvvəlində, konkret olaraq 2-ci turda “Şamaxı”yla ev matçında qapı xəttini keçən təmiz qolunun sayılmadığını da nəzərə alsaq, 2 oyuna artıq vacib 4 xal itirib. Bu, olmasaydı isə hazırda turnir cədvəlində 5-ci yox, "Sabah"la “Neftçi”ylə birgə 12 xalla şərikli lider idi. Həmin mühüm xallar geri qayıtmayacaqsa, ona səbəbkar olan hakimləri çox ağır cəzalandırmaq və üstəlik, böyük məbləğdə cərimələmək lazımdı ki, bir daha buna yol verməsinlər. Hər halda, bizlər haqda “qılınc müsəlman” ifadəsi əbəs yerə deyil və xətamıza qarşılıq olaraq cərimələndiyimizdə özümüzə çəki-düzən veririk.
Ən əsası, niyə hər dəfə "Turan Tovuz" nişangahdadı? Sizi əmin edirəm ki, misal üçün "Sabah"ın qapısına belə penalti təyin olunmazdı? Axı, nə qədər olar tovuzluların hakim səhvlərindən əziyyət çəkməsi? “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyev həm səxavətli, həm də səbrli insandı. Amma onun da səbrinin bir yeri var, səbr kasası daşır. Onu da futbolumuzdan iyrəndiirb qaçırsaq, bundan tək “Turan Tovuz” yox, bütün Azərbaycan futbolu itirəcək .Səhvlər sistematik olanda, isə bu, artıq qərəzdən xəbər verir. Etməyin, eləməyin belə, cənablar! Sonrakı peşmançılıq isə fayda verməz…
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC