Dünya futbolunun canlı əfsanəsi, Kamerun millisi ilə üç dünya çempionatında tarix yazan Roje Millanın oğlu peşəkar futbolda adından söz etdirməyə başlayıb. Onun 20 yaşlı oğlu Germain Milla hazırda İspaniyanın "Selta Fortuna" klubunun şərəfini qoruyur.
Presssport.az "Marca" nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu artıq Sequndada ("LaLiga Hypermotion") ardıcıl oyunlara çıxaraq diqqət mərkəzinə düşüb.
"Bizim dövrümüzdə akademiyalar yox idi, bircə məşqçimiz olurdu. İndiki şəraitlə o vaxtkını müqayisə etmək belə mümkün deyil", – deyə Roje Milla oğlunun yetişdiyi bazanı görərkən heyrətini ifadə edib. Germain 2022-ci ildə sabiq futbolçu Miçel Salqadonun Dubaydakı "Fursan Hispania" klubu ilə əməkdaşlıq çərçivəsində "Selta"nın akademiyasına cəlb olunub.
Milla soyadı dünya futbolunda xüsusi çəkiyə malikdir. Bu ad ilk növbədə 1982-ci il İspaniya mundialını xatırladır. Maraqlıdır ki, həmin turnirdə qrup mərhələsini məğlubiyyətsiz başa vuran Kamerun millisi sonradan çempion olacaq İtaliya ilə məhz Viqodakı "Balaidos" stadionunda qarşılaşmış və Roje Milla komandasının yeganə qoluna assistentlik etmişdi. Karyerası boyunca "Monako", "Sent-Etyen" və "Monpelye" kimi klublarda parlayan, iki dəfə Afrika Millətlər Kubokunu qazanan veteran hücumçunun mirası bu gün də unudulmur.
İndi isə tarix başqa cür təkrarlanır. "Selta" ilə 4 illik yeni müqavilə imzalayan və komandanın Sequndaya yüksəlməsində pay sahibi olan 20 yaşlı Germain atasının vaxtilə oynadığı şəhərdə parlamağa çalışır. Klubun saytında müdafiəçi kimi göstərilsə də, o, əsasən cinahda çıxış edir və hücuma meyli ilə seçilir. Gənc istedad cari mövsümdə keçirilən 6 oyunun hamısında meydana çıxaraq etimadı doğrultmağı bacarıb.
Oğlunun inkişafını qürurla izləyən atanın da sevinci böyükdür. "Selta"nın məşhur şüarında deyildiyi kimi: "Voltarei" (Geri qayıdacağam). Və onlar qayıtdılar — Millalar ailəsi düz 44 il sonra yenidən Viqodadır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC