"Turan" - "Fənərbaxça" matçının iştirakçısı: "Ona yaxınlaşıb dedik ki, bəlkə, penaltini vurmayasınız?"

“Turan Tovuz” bu gün yoldaşlıq oyununda “Fənərbaxça” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Tərəflər 1994-cü ildə avrokubokda üz-üzə gəlmiş və hər iki oyunda “Fənərbaxça” qələbə qazanmışdı – 2:0, 5:0.

Həmin görüşdə forma geyinən keçmiş futbolçu Məqsəd Yaqubəliyev açıqlamasında tarixi oyunla bağlı bunları dedi:

“O vaxt Azərbaycan futbolu adına avrokuboklarda ilk çıxışımız idi. Püşkatmada “Fənərbaxça” düşməmişdən əvvəl planımızda Türkiyəyə getmək var idi. Sonra bəlli oldu ki, bu komanda ilə öz meydanında qarşılaşacağıq. Bu da bizim üçün ikiqat motivasiya yaratmışdı.

O vaxt heyəti gücləndirmək üçün digər komandalardan da futbolçular dəvət olunurdu. Bizim də heyətimizə başqa klublardan bəzi oyunçular qoşulmuşdu. Sonra komandanın daxilində “hava” pozuldu. Vidadi Rzayev və Eldar Əhmədov heyətdən çıxarıldı. Bu qərar atmosferə təsir etmişdi. Artıq yalnız oyunu deyil, insidenti də düşünürdük. Hər birimiz “Fənərbaxça”ya qarşı meydana çıxmağa çalışırdıq.

Bu görüşdən əvvəl yoxlama matçı keçirdik, 5:2 hesabıyla qalib gəldik, iki qolu da mən vurdum. Həmin matçda bir neçə futbolçumuz zədələnmişdi. Məndə də yüngül ağrılar var idi. Amma bildirmədik, çünki hamımız “Fənərbaxça” ilə matçda oynamaq istəyirdik. Fikirləşirdik ki, bura vəsiqəni biz qazanmışıqsa, biz də çıxış etməliyik. Musa Qurbanovun da ayağında zədə var idi, amma meydana çıxdı. Nə qədər çalışsaq da, oyunda bunun öhdəsindən gələ bilmədik. Yekunda böyük hesabla uduzduq”.

Veteran futbolçu oyundakı maraqlı məqamlardan söz açdı:

“Fənərbaxça ilə cavab oyununu Sumqayıtda keçirdik. Başabaş oynayırdıq. Xatırlayıram, matçın sonları idi, topu aldım və irəli getdim. Yaxşı hücum şansımız yarandı, amma çox yorulmuşduq, epizodu sona çatdıra bilmədik. Elə bu məqamda “Fənərbaxça” irəli çıxdı və qolu vurdu.

Birinci qol da hücuma keçmək istəyəndən sonra oldu. Dayaq yarımmüdafiəçisi olduğum üçün geri qayıtmalıydım, amma çatdırmadım. Uşaqlara nə qədər desəm də, “ortanı tütün”, olmadı. “Fənərbaxça” sonra penalti qazandı. Onların kapitanı Oğuz Çetin idi. Ona yaxınlaşıb dedik ki, bəlkə, penaltini vurmayasınız? Cavabında bildirdi ki, “Yox, abi, peşəkarıq, vurmalıyıq”. Birinci qolu da belə vurdular”.

Mütəxəssis bu gün baş tutacaq matçdan da danışdı:

“Fənərbaxça” kimi komandaya qarşı oyun keçirmək qürurvericidir. Yoldaşlıq görüşüdür, dostluq əlaqələri üzə çıxa bilər. Amma “Turan Tovuz” da adına uyğun oyun keçirməlidir. Klub bu mövsüm avrokuboklardan kənar qaldı. İndi göstərməlidirlər ki, həmin səviyyədə oynamağa layiq kollektivdir” (futbolpress.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC