Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan turnirin 3-cü yarış günündə səhər seansı maraqlı və gərgin mübarizəyə səhnə olub.
Presssport.az ASF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə və Yeqor Maynitski ümumilikdə 8 növdə bacarıqlarını nümayiş etdiri.
Səhər seansı çərçivəsində bir final baş tutub. Söhbət qadınların 800 metr məsafəyə sərbəst üsulla yarışından gedir. 32 dövrəlik mübarizədə hər kəsdən sürətli olan sinqapurlu üzgüçü Çin Hvi Qan(8:15,73) 1-ci olub. Onu Yeni Zelandiya təmsilçisi Keytlin Dins(8:17,51) izləyib. Yaponiya idmançısı Vaka Kobori (8:21,11) 3-cü yerə çıxıb.
Anastasiya Boborıkina 50 metr məsafəyə brass üsulu ilə yarışda (0:33,48), Yeqor Maynitski isə 200 metr məsafəyə brass üsulu ilə yarışda (2:13,64) Azərbaycan rekorduna imza atıb.
100 metr məsafəyə kəpənək üsulu ilə yarışda çıxış edən təmsilçimiz Mehri Abdurəhmanlı finala vəsiqə qazanıb. Onunla yanaşı axşam seansında 200 metr məsafəyə arxası üstə üsulla yarışda Fatimə Alkərəmova, Vlastilina Xasyanova və Anastasiya Qnusina iştirak edəcək. Fatimə Alkərəmova eyni zamanda 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında da qüvvəsini sınayacaq.
Bugünkü səhər seansını izləyənlər arasında Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marian de Yonq və ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon da olub.
Yarışın axşam seansı saat 18:00-da start götürəcək. Saat 17:20-də “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalın çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakıyla Bakı Su İdmanı Sarayında keçirilir. Biletləri iTicket.az platformasında və şəhərin kassalarında əldə etmək mümkündü.
Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır. Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Ruslan Hətəmxanov, Rəşad Əliyev, Teymur Quliyev.
ASF-nin tərəfdaşları Botanica Residence, RCT, Universal Hospital, Bənövşə Aptek, Haval, Volvo, Maserati.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC