AFFA-nın texniki direktoru Edmond Klaus və onun köməkçisi Ramiz Kərimov "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyasının qonağı olub.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları səmimi qəlbdən salamlayan "Kəpəz" PFK İB-nın sədri Anar Abdullayev bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən futbolun inkişafına önəm verilir: "Bu ayın sonlarında Bakıda 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı keçiriləcək. Dövlət başçımız bu mötəbər yarışın yüksək səviyyədə təşkil olunması üçün müvafiq tapşırıqlarını verib. Bu məqsədlə paytaxtın Hövsan qəsəbəsində 10 meydança inşa olunur. Festival şəklində keçiriləcək və əsl futbol bayramına çevriləcək bu yarış zamanı Azərbaycan dünya futbolunun diqqət mərkəzində olacaq. Həmçinin gələn il U-20 dünya çempionatının oyunları ölkəmizdə təşkil ediləcək".
Gəncədə müasir standartlara uyğun stadion tikildiyini söyləyən A.Abdullayev AFFA-nın "Kəpəz"ə göstərdiyi dəstəkdən, eləcə də akademiyanın planlarından söz açıb: "AFFA ilə çox yaxşı əlaqələrimiz mövcuddur. "Kəpəz" Futbol Akademiyasının lazımi inventarlarla təmin olunması üçün AFFA tərəfindən daima dəstək göstərilir. Ümumiyyətlə, Gəncə, "Kəpəz" Azərbaycan futbolu tarixində ən mühüm yerlərdən birini tutur. Təsadüfi deyil ki, böyük futbol ənənələrinə malik bu bölgədə saysız-hesabsız ulduzlar yetişib, futbolumuzun inkişafına töhfə verilib. Hazırda "Kəpəz" Futbol Akademiyasının 13 komandasında 260 uşaq futbolla məşğul olur. Akademiyanın inkişafı, gələcəkdə "Kəpəz"in heyətində məhz yerli futbolçuların oynaması bizim üçün prioritet təşkil edir. Aşağı yaş qruplarından ibarət çempionatlarla bağlı yeni təkliflərinizlə tanışıq, bu barədə akademiyanın koordinatoru və məşqçilərlə müzakirələr aparmışıq. AFFA rəhbərliyinin, o cümlədən tövsiyələrinizi, layihələrinizi həyata keçirməyə məmnuniyyətlə hazırıq. İnanıram ki, birgə planlarımız Azərbaycan futbolu, xüsusilə ölkəmizin ən köklü klublarından sayılan "Kəpəz" üçün səmərəli olacaq".
Görüşün təşkilinə görə minnətdarlığını bildirən AFFA-nın texniki direktor Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı ideyalarından danışıb. Niderlandlı mütəxəssis vurğulayıb ki, məqsəd yaxın gələcəkdə ölkəmizdə yeni futbolçu nəsli yetirdirməkdir: "Kəpəz"də gördüyünüz işlər səbir, əzm, güc tələb edir. Burda əsas komandaya futbolçu yetişdirmək çətindir. Ona görə aşağı yaş qruplarından ibarət çempionatlarda format dəyişikliyini irəli sürmüşəm. Qarşımıza uzunmüddətli ekosistem yaratmaq vəzifəsi qoyulub. Əlbəttə, bu sistemin ilkin cücərtilərini yaxın zamanlarda görməliyik. Albert Eynşteyn demişkən, nə etmisənsə, artıq nəticəsini görmüsən, belə davam etsən, heç nə dəyişməyəcək. Deməli, nələrisə dəyişməliyik. İnkişafa nail olmaq üçün AFFA və klublar arasında vəhdət işin aparılması məqsədəuyğundur".
Daha sonra "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri qonaqları akademiyadakı şəraitlə, Gəncə Şəhər Stadionu və ehtiyat meydançalarla tanış edib.
Ardınca Klaus "Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev, eləcə də məşqçi və texniki heyətlə görüş keçirib, onlara aşağı yaş qrupları üzrə çempionatların təşkili, fəaliyyət konsepsiyası barədə danışıb, yarışların yeni formatı ətrafında tərəflər arasında fikir mübadiləsi aparılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC