Elgiz Abbasov: "Bu qəza bizi çox böyütdü"

PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov geniş müsahibə verib.

Presssport.az müsahibənin I hissəsini təqdim edir. 

- Azərbaycan futbolunda 2023/24 mövsümü maraqlı keçdi. Bunu ictimaiyyət, jurnalistlər öz yazılarında bildirirlər. Bəs, PFL rəsmisi olaraq “futbol ili”ni necə dəyərləndirərdiniz?

- İlk növbədə sizin vasitənizlə mediaya təşəkkür edirəm. Biz çox sayda işlər görsək belə, bunun işıqlandırılması, gün üzünə çıxarılması olmasa, bütün işlər kölgədə qalar.  Bilirik ki, jurnalistlər bizim gördüyümüz işləri ön plana çəkərək işıqlandırırlar.Təşəkkür edirik ki, media nümayəndələri bu müddət ərzində bizimlə əməkdaşlıq etdi. Gələk 2023/24 mövsümünün dəyərləndirilməsinə. Biz bu müddət ərzində AFFA ilə sıx əməkdaşlıq etdik. Xüsusən Əvəzedicilər Liqasının I Liqadan ayrılması, daha sonra II  Liqanın təsis olunması vacib məqamlardan idi. Bilirsiniz ki, yeni çempionat AFFA İcraiyyə Komitəsi tərəfindən təsis olundu və birbaşa yarışların keçirilməsi PFL-ə həvalə olundu. Biz əvvəlki ilərdən fərqli olaraq 5 turnir keçirdik. Çox sevindirici haldır ki, bütün kollektivimiz, əməkdaşlar bu işin həyata keçməsi, davam etməsi, bütün tədbirlərin normal qaydada yekunlaşması üçün can-başla çalışdılar. AFFA İcraiyyə Komitəsinin qərarlarından sonra PFL-də işlərin sürətlənməsi prosesi tez bir zamanda baş tutdu. Həqiqətən də əməkdaşlar bu müddət ərzində təkcə işçi kimi davranmadılar. Onlar öz evlərində, ailəsində necə canfəşanlıq göstərirlərsə, biz bunu iş mühitində də hiss etdik. PFL bir ailədir. Biz də onun bir üzvü kimi davranırıq ki, bütün bu məsələləri həll etmiş olaq. Təbii ki, bizim gördüyümüz işlərə kənardan jurnalistlərin, futbol ictimaiyyətinin, qiymət verməsi daha yaxşı olardı. Sizin dediyiniz bu müsbət çalarlar, məqamlar varsa, bizim üçün xoşdur, əlavə motivasiya və stimuldur.

- Bəzən bir şeyi xəyal edirsən. Bunun baş verməsini arzulayırsan. Çox canfəşanlıq edirsən. Amma nəsə olur və istəyin həyata keçmir. Fikrimcə, PFL rəsmilərinin ən çox arzuladığı məqam Xankəndidə Azərbaycan Kubokunun 1/4 final mərhələsini həyata keçirmək idi. Lakin məlum qəza hər şeyi korladı. Bununla bağlı nə hisslər keçirirsiniz? 

- Qəza çox ani baş verdi. Mən bu barədə çox danışıb, yazmışam. Əvvəllər bu haqda danışmaq bir az çətin idi. Bir növ həmin günə, saatlara qaydırdım. Amma indi həyatımızın bir hissəsi kimi qəbul edirəm. Ali Baş Komandanın rəhbərliyi  altında Ordumuz şanlı tarix yazıb. Həqiqətən də xəyal etdiyimiz işlər həyata keçirildi. 30 ildir arzuladığımız Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Xankəndi adını ancaq futbolla uzlaşdırmağı doğru hesab etmirəm. Çünki bu, həqiqətən də Ordumuzun göstərdiyi şücayətin nəticəsində bu torpaqlara biz qayıtmışıq. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunmasını arzulayırdı. Şəhidlərimiz son damla qanlarına qədər döyüşdülər, vuruşdular. Biz də onlara borcumuzu qaytarmalıyıq. Öz sahəmizdə faydalı işlər görərək ölkəmizin daha da inkişaf etməsinə kömək olmalıyıq. Əlbəttə, oyunun Xankəndidə keçirilməsi ideyası yarananda həm MOİK, "Qarabağ", həm Gənclər və İdman Nazirliyi, həm AFFA, həm PFL, həm də bu işlə birbaşa, dolayı yolla əlaqəsi olan bütün təşkilatlar bir amal ətrafında cəmləndi. Hadisədən öncə də  Xankəndi stadionunda müəyyən təftişlər olunmuşdu. İldirim sürəti ilə işlər görüldü. Ən azından bədnam qonşularımızdan azad olduqdan qısa müddət sonra arena hazır vəziyyətə gətirildi. Biz də təşkilatı işlərin müəyyən bir hissəsində olduq. Mən xoşlamıram ki, bütün işləri biz öz tərəfimizə çəkək, PFL-in adı altında birləşdirək. Bu, Azərbaycan idman ictimaiyyətinin birgə həyata keçirdiyi bir plan idi. Biz həmin işin bir hissəsiydik. Bir dəfə səfərdə olmuşduq. Xankəndindən böyük təəssüratlarla qayıtmışdıq. Çox həvəslə işləyirdik. Çalışırdıq ki, bu işdə müəyyən qatqımız olsun. Axırıncı təftişə yollanarkən qəza baş verdi. Hadisənin baş vermə anı indi də gözümün qabağındadır. Hər şeyi çox rahat şəkildə beynimdə canlandırmaq iqtidarındayam. Dərhal ayıldım, bir neçə saniyə sonra nə baş verdiyini anladım. Qapını açmağa çalışırdıq, amma, mümkün olmadı. Kənardan müdaxilə oldu və biz maşından çıxa bildik. Daha sonra Bərdə Mərkəzi Kliniki Xəstəxanasına çatdırıldıq. Bizə dərhal ilkin yardımlar göstərildi. Mən öz, bütün PFL kollektivi, Elxan Səmədovun, Aslan Şahgəldiyevin adından onlara təşəkkür edirəm. Həqiqətən də ən kritik məqamda, lazımlı müdaxilələr etdilər. Şükür Allah ki, hamımız həyatdayıq. Düzdür, hələ Elxan müəllimin və Aslan müəllimin müalicələri davam edir. Biz qısa müddət sonra işə çıxdıq və həyatımıza davam edirik. Ən böyük arzumudur ki,  Elxan və Aslan müəllim də ən qısa zamanda kollektivə qayıtsınlar, işlərinə əvvəlki qaydada davam etsinlər. Çünki həqiqətən görəcəyimiz işlər çoxdur. Bu qəza bizi çox böyütdü. Futbol ictimaiyyətinin bizim ətrafımıza birləşdiyini gördük. Bakıdakı xəstəxanaya gələn insan izdihamı var idi. Nəinki həmin, sonrakı günlərdə də, hələ də bizimlə maraqlanırlar. Gələn-gedən qonaqların ardı-arası kəsilmir. Bizimlə maraqlananların, mənəvi dəstək olanlar saysız-hesabsız idi. Buradan mənəvi güc aldıq. Bu kritik anlarda həm AFFA rəhbərliyi, həm bütün aidiyyatı qurumlar çox ciddi şəkildə dəstək oldular. Bu da çox vacib idi. Toparlanmağımıza kömək oldu. Artıq hadisənin səhəri günü xəstəxanadakı otaqda mini iclas etdik. Çalışdıq ki, ən azından PFL-in üzərinə düşən işlərdə axsamalar olmasın. 

- Bu sual şəxsi ola bilər. Amma həmin an nə düşündünüz? “Artıq həyat bitdi”, - deyə bir fikir formalaşdı? Ağlınıza ilk kim gəldi? Ailə üzvləriniz, sevdikləriniz?

- Açığı, həmin anda belə şeylər ağlımdan keçmədi. Yəni, övladlar və ya ailə haqda düşünmədim, buna vəziyyət  imkan vermirdi.  Əlbəttə, adamda qəribə hissləri olur. Həmin vəziyyətdə Sənan Abdullayevlə mən ayıq idik. Əsas məqsədimiz o idi ki, ağır yaralıları maşından çıxaraq, evakuasiya edək. Həmin məqamda biz ancaq və ancaq düşünürdük ki, necə edək ki, bu vəziyyətdən çıxa bilək? Yəni digər tərəfini düşünmürdüm. Həmin məqamda həssaslıq göstərsəydik, vəziyyətdən çıxmaq əvəzinə, oturub dizlərimizin üstündə ağlasaydıq, bəlkə də başqa şeylər olardı. Bilmirəm. Bunlar xəyali şeylərdir. Düşünürəm ki, həmin məqamda daha çox fəal olmalı, vəziyyətdən çıxmalı idik. Biz də bunu etdik. Həmin ağır dəqiqələrdə bizimlə birgə yolda  olan “Qarabağ” klubunun İdarə Heyətinin üzvləri Əmrah Çəlikəl, Asif Əsgərov və klubun digər  əməkdaşları yanımızda  idilər, çox dəstək oldular.

- Oyuna qayıdaq. Xankəndində möhtəşəm matç keçirildi. Fantastik hadisələr baş verdi. Prezidentin topa toxunuşu oldu. Yəqin ki, matçı televizordan izləyirdiniz. Nə hisslər keçirdiniz həmin anda?

- Gözlərim dolmuşdu. Azərbaycan Respublikasının Dövlət himni səslənəndə, cənab prezident topa ilk zərbəni vuranda, böyük bayraqlar meydana daxil olanda, ümumiyyətlə, ölkə başçısının şəhid övladları ilə səmimi görüşü zamanı hisslərimə hakim ola bilməmişdim. Ona görə deyirəm ki, bu, təkcə futbol hadisəsi deyildi. Bu, Azərbaycan xalqının birliyinin nümunəsi idi. Azərbaycan xalqının qarşısına qoyduğu hədəfə çatmağının nümunəsi idi. Biz də bu tədbirin bir hissəsi olduqsa, xoşbəxtik. İnsanın boğazında düyünlənən şeylər olur, yəni ifadə edə bilmirsən, elə bir vəziyyət idi sadəcə. PFL-in digər əməkdaşları isə fiziki olaraq orda idilər, o tarixi ana şahid oldular.

- Deyirlər ki, ilklər həmişə unudulmaz olur. İkinci dəfə belə oyun keçirilsə, eyni hissləri yaşayarsınız?

- Ümumiyyətlə, Xankəndində keçirilən oyunun mənəvi tərəfi bir başqa idi. Çünki adi matçlardan deyildi. Təsəvvür edin ki, Ordunun komandası və bizi illərdir ön planda tutan "Qarabağ"ın qarşılaşması idi. PFL olaraq biz yenə hazırıq ki, belə məsuliyyətli işin bir parçası olaq (offsideplus.az)


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC