"Evdə böyük hesabla məğlub olmağımızın əsas səbəblərdən biri əksər futbolçularımızın Türkiyə çempionatında çıxış etməsidi" - Əsgərov

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda bu gün “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, mütəxəssis 0:5 hesablı məğlubiyyətin onlar üçün gözlənilməz olduğunu deyib: “Təəssüf ki, nəticə belə oldu. Rəqib çox keyfiyyətli komanda idi. Düzdür, onlardan səfərdə 1 xal ala bilmişdik. Düşünürəm ki, evdə böyük hesabla məğlub olmağımızın əsas səbəblərdən biri əksər futbolçularımızın Türkiyə çempionatında çıxış etməsidi. Orda mövsüm mayın 5-də başa çatıb. Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq. Eyni zamanda, oyun praktikasından əziyyət çəkirdilər. Bunu oyun zamanı da hiss etdik. Üstəlik, Manə Mollayeva və Peritan Bozdağ cəzalı olduqları üçün bizə kömək edə bilmirdil. Esra Manya da son məşqdə zədələndiyi üçün riskə getmədik. Bu futbolçuların boşluğunu doldura bilmədik”.

Əsgərov son tur öncəsi millinin pley-off mərhələsinə vəsiqə şansını qoruduğunu sözlərinə əlavə edib: “Bu gün xal və ya xallar qazana bilsəydik, qrupu 2-ci pillədə də tamamlaya bilərdik. Ancaq qarşıda hələ bir oyun var. İsveçrə ilə səfər matçında heç-heçə pley-offa vəsiqə şansımızı artıra bilər. Hətta 4 xalla belə, bunu reallaşdırmaq şansımız var. Təbii ki, bu, digər qruplardakı nəticələrdən də asılı olacaq. Pley-offa vəsiqə qazanmaq şansını itirməmişik”.

Baş məşqçi A milli komandada debüt edən gənc futbolçu Xanım Əsədovanın çıxışından razı qalıb: “Xanım azsaylı istedadlardan biridi. O, çoxdan nəzərimizdə idi. İki futbolçumuz cəzalı olduğundan, Xanımı görüşün iştirak ərizəsinə daxil etmək qərarına gəldik. Düşündük ki, bu, onun üçün stimul olar. Əsədovanın gələcəyi naminə bu addımı atdıq. Matçın gedişində də şans vermək qərarına gəldik. Xanımı gələcək illərdə tez-tez milli komandada görə biləcəyik”.

Xatırladaq ki, milli komandamız qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC