Rəşad Sadıqov: "İstəyirik ki, gözlədiyimizdən daha rahat oyun olsun"

"Zirə" Avropa Liqası I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşıdakı matç haqda danışıb.

- Oyundan öncə danışmaq həmişə çətindir. Qarşımızdakı rəqibin gücünü başa düşürük. Səfərdə qalib gəlmişik. Rəqib bura fərqli motivasiya ilə gələcək. İlk oyundakı nəticəni dəyişməyə çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Futbolçuların hazırlığı məni qane edir. Oyunçularım hazırlığımızı və bacarıqlarını sabah meydanda göstərməlidirlər. Bizi Tiraspoldakından daha gərgin oyun gözləyir. İlk matçda uduzsaydıq da, belə olacaqdı. Avrokuboklarda ikinci matçlar gərgin keçir. İlk hissədə hesabda irəli çıxmaq istəyirik. İstəyirik ki, gözlədiyimizdən daha rahat oyun olsun. Hər şeyə hazır olmalıyıq. Allah qoysa, sabah mərhələni keçən tərəf biz olarıq.

- Penaltilər seriyasına hazırlaşmısız?

- Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. Azərbaycan Kuboku oyunlarında belə ehtimal olanda da, penaltilərə hazırlaşmamışıq. Hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır. İlk oyunda uduzsaydıq da, eyni fikirləri səsləndirəcəkdim. Başqa səbəbi yoxdur. Müasir futbolda avrokuboklarda ev-səfər oyunlarında fərq yoxdur. Səfərdə biz qalib gəldik. Amma komanda olaraq mütləq şəkildə hər ssenariyə hazır olmalıyıq. İstəyərdik ki, oyun 90 dəqiqədə həll olunsun. Bizim xeyrimizə təbii ki. Mövsümün əvvəlidir. Hər iki komanda optimal formada deyil.

- Bir çoxları fikirləşir ki, komanda daha çox bu hesabı qorumağa çalışacaq. Bunun əks təsirləri də ola bilər. "Zirə" turu keçmək, yoxsa qalib gəlmək üçün meydana çıxacaq?

- İkisi də eyni nəticədir. Oyun planı ilə bağlı suallardan məcburiyyətdən yayınacam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür. Rəqib açıqlamalarımıza diqqət yetirəcək. Biz də həmçinin. Təbii ki, üstünlüyümüz var. Bu hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, yaxşı düşünsünlər, təhlil etsinlər. "Şerif" təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də öz düşüncələrimiz, planlarımız var. Oyun planı ilə bağlı məsələləri matçdan sonra danışarıq. 

- İlk matçda müdafiədə pis görünmədiz, amma hücumda dişsizlik var idi. Problem nədə idi?

- Problem olduğunu düşünmürəm. Bir neçə təhlükəli hücumumuz var idi. Qapıya bir zərbə endirdik, qolla nəticələndi. İlk yarıda Ceyhun Nuriyev topu yaxşı ram etsəydi, epizod olacaqdı. Razıyam ki, son ötürmələrdə daha dəqiq olmalıydıq. Biz də rəqibə 100 faizli epizod vermədik. Daha çox uzaqdan zərbələr vururdular. Hər iki komanda bir-birinə son fazada fərqlənməyə imkan vermirdi. Bütün komandalar yaxşı, kollektiv şəkildə müdafiə olunurlar. Nəzərə almalıyıq ki, qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı, kəsəri daha çox olsun. Necə alınacaq, zaman göstərəcək.

- İlk oyunda futbolçularda həyəcan hiss edilirdi. Heyətdə rotasiya gözlənilir?

- Mövsümün ilk oyunu idi. Fiziki, taktiki, texniki baxımdan futbolçularımdan çox razı qaldım. Sabah uğurlu olmaq, mərhələ keçmək niyyətindəyiksə, meydanda daha yaxşı olmalıyıq. Ola bilsin ki, Tiraspolda göstərdiyimiz oyun bizə kifayət etməsin. Hamımız bunu başa düşürük. Daha yaxşı "Zirə" olmağa çalışırıq.

- Zədəli olan oyunçular var? 

- Narahat edən məqamlar var.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC