Azərbaycan Cüdo Federasiyası regional təhsil mərkəzi statusu aldı

Bu gün Azərbaycan Cüdo Federasiyası (ACF) Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının regional mərkəzi statusu alıb. 

Presssport.az xəbər verir ki, bununla bağlı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BCF Akademiyasının sədri Envik Qalea, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Olimpiya çempionları Zelim Kotsoyev və Hidayət Heydərov, Milli Olimpiya Komitəsinin nümayəndələri, ekspertlər və digər rəsmilər iştirak edib.

Rəsullu çıxışında ACF-yə BCF tərəfindən regional mərkəz statusu verilməsindən çox məmnunluğunu bildirib: “BCF Akademiyası ilə əməkdaşlığımız əvvəldən güclü və qarşılıqlı faydalı olub. Bu günə qədər 130 cüdo məşqçisi akademiyanın proqramını uğurla başa vurub. Təhsil həmişə federasiyamızın missiyasının əsas hissəsi olub və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Beynəlxalq Cüdo Federasiyası Akademiyasının regional mərkəzi olaraq seçilməyimiz, Azərbaycan Cüdo Federasiyasının regionda cüdo idmanının inkişafında aparıcı rol oynadığını təsdiqləyir. Bu uğur, ölkəmizin idmançılarına və məşqçilərinə beynəlxalq səviyyədə ən yüksək təlim imkanlarını təqdim etməyə imkan verəcək”. 

O, çıxışının sonunda ölkə rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, Beynəlxalq Cüdo Federasiyasına Azərbaycanda cüdonun inkişafına verilən dəstəyə görə minnətdarlığını bildirib.

Qalea federasiyanın nailiyyətlərini yüksək qiymətləndirib: “Azərbaycan Cüdo Federasiyasını Paris 2024 Olimpiya Oyunlarında qazandığı iki qızıl medal münasibətilə təbrik edirəm. Federasiya ilə davam edən əməkdaşlığımız olduqca uğurlu olub. BCF-in prezidenti Marius Vizer Azərbaycan Cüdo Federasiyasına regional status verməkdən məmnundur. Hazırda yalnız iki digər federasiya - Türkiyə və Gürcüstan bu nüfuzlu statusa sahibdir. Bu nailiyyətlər dövlətin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi və güclü komandanın fəaliyyəti sayəsində mümkün olub”. 

Qonaq həmçinin Olimpiya mükafatçısı Rüstəm Orucovun BCF Akademiyasına ekspert kimi qoşulduğunu da tədbir iştirakçılarına elan edib.

Qayıbov Olimpiya Oyunlarında yüksək nailiyyət münasibəti ilə ACF-ni təbrik edib, Prezident İlham Əliyevin dəstəyinin Azərbaycanda cüdonun inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Akademiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edərək, cüdo məşqçilərinin peşəkar mütəxəssis kimi tanınmasının vacib olduğunu bildirib.

Tədbir BCF Akademiyasında təlim keçmiş daha 50 məşqçiyə iştirakçı sertifikatlarının təqdim edilməsi ilə başa çatıb. İndiyə qədər akademiyanın təhsil proqramlarında 187 məşqçi iştirak edib, onlardan 130-u artıq məşqçilik diplomu alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC