Gəncənin futbol veteranları Adil Şükürovla görüşüb, narazılıqlarını çatdırıb: "Bizə bildirdi ki, rəhbərliyə demişəm, heç olmasa 3-4 transfer lazımdı"

Gəncənin futbol veteranları “Kəpəz”in baş məşqçisi Adil Şükürovla görüşüb.

Bu haqda Presssport.az-a danışan Gəncə İctimai Futbol Veteranları Birliyinin sədr müavini Firuz Qulami görüşün komandanən qaldığı “Gəncə” otelində baş tutduğunu deyib: “Dünən axşam “Kəpəz”in məşqindən 1 saat sonra qurumumuzun sədri Tofiq Məmmədov və mən, Adil müəllimlə görüşümüz oldu. Təxminən 1 saat davam edən bu görüşdə komandanın bugünkü durumu haqda fikirlərimizi bildirdik. Söhbətin də əsas məqsədi biz veteranlara azarkeşlər tərəfindən olan zənglər, sosial şəbəkələrdə olan müraciətlərdi ki, ”Kəpəz"lə bu vəziyyətdən çıxarmaqla bağlı bir addım atın. Sözün açığı, veteranlarda elə bir səlahiyyət yoxdu komanda haqda nəsə etməyə. Amma görüşməyimiz lazım idi və bunu da etdik. Tofiq müəllim də öz sözünü dedi ki, bu gün biz hamımız “Kəpəz”in belə bir vəziyyətdə, bu cür çıxışınını narahatıq. Bizimlə bərabər azarkeşlər də bizə müraciət edir ki, komandanın bugünü durumundan narazıyıq. Doğrudan da komandanın oyunundan, futbolçuların seçimindən narazılığımızı bildirdik ki, hazırkı vəziyyətdən çox narahatıq".

Qulami Şükürovla bəzi məsələlər haqda danışdıqlarını söyləyib: "Onun da bəzi fikirləri oldu ki, rəhbərliyə demişəm, heç olmasa 3-4 oyunçu transfer etmək lazımdı. Onu da hələ bilmirik ki, bu, olacaq, ya yox. Bu, daxili işləridi - necə, kimləri transfer edəcəklər, laızm olan oyunçuları tapa biləcəklərmi. Bu haqda da məlumat yoxdu. İstəyirik ki, görüşümüzü “Kəpəz” azarkeşləri də bilsin, onları narahat etdikləri məsələlər haqda söhbətlər oldu. Yəni, fikrimizi ona çatdırdıq ki, hamı komandanın bu durumundan narahatdı. Gətirilən legionerlər haqda da danışdıq. Misal üçün o barədə dedik ki, əksəri ilk dəfə legioner yaşamış, gənc futbolçulardı, komandaya kömək edə bilmirlər. Təcrübəli legionerlər olmadıqlarından nə azarkeşlər, nə də veteranlar onlardan heç nə gözləmir. Bir daha deyirəm ki, Adil müəllim əlavə futbolçular axtardıqlarını, hazırkı heyətlə nəsə etməyə çalışdıqlarını da vurğuladı".

Xatırladaq ki, “Kəpəz” ilk 3 turdan sonra aktivində xalı, qolu omayan tək komanda olaraq turnir cədvəlində son pillədə qərarlaşıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC