Tahir Gözəl "Qarabağ" - "Dinamo" matçını izləyə bilməyəcəyinə üzülür, heyətin gücləndirilməsinə toxunur: "Futbolçularla qürur duyuram, onlar mənim üçün qəhrəmandı"

“Komandamın hər bir futbolçusu, heyətin hər bir üzvü mənim üçün qəhrəmandı. Onlarla qürur duyuram". 

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Xorvatiyada "Dinamo" (Zaqreb) klubuna 0:3 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə klubunun rəsmi saytına danışarkən deyib.

Funksioner klubun hər bir futbolçusunun qəhrəmancasına mübarizə apardığını söyləyib:

"Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyif ki, şans bizim tərəfdə olmadı. Azərbaycan klubunun Avropanın futbol ölkəsi sayılan Xorvatiya çempionuna qarşı sərgilədiyi oyun, rəqibdən çəkinməməsi, qorxmadan həmişə hücuma keçməsi kimi dəyərlər bizi çox qürurlandırdı. Komandamın yanında idim. “Qarabağ” klubunun bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu “Qarabağ”lı olmaq və “Qarabağ”la yaşamaq lazımdır”.

O, heyətin gücləndirilməsi məsələsinə də toxunub: "Hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun lazım olan transferləri gerçəkləşdirməyə hazıram”.

Gözəl "Dinamo" ilə keçiriləcək cavab görüşünü izləyə bilməyəcəyini söyləyib: “Təəssüflənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacam. Mənim də öz öhdəliklərim var və COP-29-la bağlı görüşlər çərçivəsində ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun göstərəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq”.

Xatırladaq ki, “Qarabağ” "Dinamo"yla cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC