Tyaqo Silva yenə məharətini göstərməyə hazırdı: "O, Azərbaycanda öz adından söz etdirib, stabilliyi ilə yadda qalıb"

“Əlbəttə, hələ avrokuboklarda ilk duelimizdə - ”Şerif"lə Bakıdakı oyunda da oyunsonrası penaltilərə hazırlaşmışdıq. Əfsuslar olsun ki, həmin görüşdə istədiyimiz alınmadı. Buna baxmayaraq, yenə də işimizi davam elədik. Çalışmağın da sonda bəhrəsini gördük. Əlbəttə, penaltilərdən qabaq Tyaqoya uğurlar arzuladıq və söylədim ki, mən sənə inanıram, biz sənə inanırıq. O da əlindən gələni elədi, qəhrəmana çevrildi".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Zirə”nin qapıçılarla işləyən məşqçisi Fərhad Vəliyev deyib.

Braziliyalı əsas qapıçıları Tyaqo Silvanın Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiya “Osiyek”iylə matçsonrası penaltilər seriyasında qəhrəman olmasına toxunan 44 yaşlı mütəxəssis gənc həmkarının möhtəşəm qurtarışlar etdiyini vurğulayıb: “Dazdü, "Şerif"lə qarşılaşmada heç bir zərbəni dəf edə bilməmişdi. Onda ya zərbələr güclü olmuşdu, ya küncə gedirdi. Bir sözlə, çox qüvvətli olub dəqiq olmuşdu. Bu oyunda Silva əlindən gələni etdi, tapşırıqları yerinə yetirdi və yekunda dediyim kimi, oyunun qəhrəmanına çevrildi".

Maraqlıdı, Tyaqoya əsas tapşırıqlar nə olub? Vəliyev bunun ilk növbədə rəqib komandanın futbolçularının zərbələri hara vurmalarıyla bağlı olduğunu deyib: "Onunla bağlı tapşırıqları qapıçımıza çatdırmışdıq. Analiz edib həm Tyaqoya göstərmişdik, həm də penaltilər vuruşunda nömrələrlə yazıb vermişdik. Bəzi nömrələr vardı ki, futbolçularda dəyişiklik etdilər. Lakin qalanları hansı nömrə nöqtəyə yaxınlaşmışdı, baxıb zərbəni qaytarmışdı. Silvaya demişdik ki, ən çox zərbəni hara vurur. Bütün qurtarışları möhtəşəm idi. Əlbəttə ki, sonuncu qurtarışından və ardınca Rafael Utsix qələbə topunu vurandan sonra da qələbənin gəlməyi daha yaddaqalan oldu".

Millimizin sabiq üzvü 24 yaşlı Silvanın qapıçı kimi keyfiyyətlərinə də toxunub: “O, 1 il Azərbaycanda oynadı, bu, 2-ci mövsümüdü. Fikrimcə, yaxşı təsir bağışlayır, Azərbaycan futbilunda öz oyununu göstərib, stabilliyi ilə yadda qalıb. Keçən mövsüm də az top buraxan “Zirə” olub, qolkiperlərdən məhz Tyaqo qapısında ən az top görüb. Düşünürəm ki, ölkəmizdə öz adından söz etdirib. Doğrudu, ”Osiyek"lə cavab matçında bəzi tələskinlikləri vardı. Baş məşqçimiz də bu zaman ona tapşırıqlarını verdi ki, tələsməsin, ötürmələrdə dəqiq olsun".

Vəliyevlə söhbətimizdə Silvanın qurtarışlarından sonra azərbaycanlı komanda yoldaşlarının zərbələri boşa verməsinə də toxunduq: “Təbii ki, penalti lotereyadı. İnşallah, düşünürəm ki, gələcək oyunlarda bizimkilər çox işləyib bu boşluğu da aradan qaldırar. Bu, futboldu, hər şey ola bilər - yenə penaltilərin olması mümkündü, yaxud başqa şey də. Hər şeyə hazır olmalıyıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC