“Araz-Naxçıvan”ın qapıçısı özünü qınayır: “Bəlkə də düzgün addım atmadım”

“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avram müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir:

- “Neftçi” ilə görüşdə sonda qələbəni əldən verdiniz. 1:1 hesablı görüş barədə nə deyə bilərsiniz?

- Çox təəssüf ki, son dəqiqələrdə qələbəni əldən verdik. Halbuki 3 xal qazanmağa çox yaxın idik. Amma bu, futboldur. İndi irəliyə baxmalı, artıq növbəti oyunları düşünməliyik.

- Rəqib fərqlənməmişdən öncə topu auta çıxardınız. Halbuki rəqib futbolçu artıq ayağa qalxmışdı. Həmin epizodu necə şərh edərdiniz?

- Futbolda belə hallar olur. Bəlkə də mən düzgün addım atmadım. Belə epizodlarda daha diqqətli olmaq lazımdır. Qarşıdakı oyunlarda qalib gəlməklə bu xal itkisini unutdurmalıyıq.

- Sözlərinizdən belə başa düşdüm ki, vurulan qola görə “Neftçi”ni günahlandırmırsınız...

- Hər insanın seçim ixtiyarı var. Onların da seçimi belə oldu. Mən bunu müzakirə etmək istəmirəm. Meydanda soyuq başla düşünmək lazımdır.

- Meydanı tərk edərkən “Neftçi”nin qolunu vuran Ramil Şeydayevlə aranızda hər hansı dialoq oldu?

- Xeyr, heç kimlə dialoq aparmadım. Dediyim kimi, kimisə günahlandırmaq fikrində deyiləm.

- Zamanı geri qaytarmaq mümkün olsaydı, yenə də o epizodda topu auta çıxarardınız?

- Həmin vaxtı “Neftçi” uduzurdu. Onları anlamağa çalışıram. Mən diqqətli olmalı, sonadək konsentrasiyamı itirməməli idim.

- 3 oyun və 4 xal. Bu nəticənin “Araz-Naxçıvan” üçün qənaətbəxş saymaq olar?

- Deməzdim ki, bu nəticə çox pisdir. Sadəcə nəzərə almaq lazımdır ki, hələ mövsümün əvvəlidir. Biz daha da irəli getməliyik. Daha çox qələbələr qazanmalı, xal ehtiyatımızı artırmalıyıq.

- Növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Səfərdə oynayacağıq. Elə alındı ki, bu, bizim cari mövsümdəki ilk səfər matçımız olacaq. Ciddi hazırlaşacağıq. Məşqçilər korpusu da bizə lazımi məlumatları verəcək. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC