"Qarabağ" Londonda niyə tıxacda qaldı? - Təfərrüatlar açıqlandı

Xəbər verdiyimiz kimi, Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda "Tottenhem"lə oyundan əvvəl "Qarabağ" problemlə üzləşib.

Ağdam təmsilçisi matça gedərkən 2 saatdan çox tıxacda qalıb. Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlanmalı oyun, 35 dəqiqə gec - 23:35-də start götürüb.

Presssport.az xəbər verir ki, Britaniyanın "Daily Mail" nəşri bu problemin yaranmasının səbəbləri barədə yazıb. Qəzet bildirir ki, "Qarabağ" Londonun vahiməli tıxacına görə, oyunun əvvəlcədən nəzərdə tutulan başlama vaxtına (Bakı vaxtı ilə 23:00) yalnız 15 dəqiqə qalmış stadiona gələ bilib. 

"Azərbaycan çempionu stadiondan 12 mil uzaqda bir oteldə yerləşmişdi. Amma Londonda dəmiryolu və avtomobil yollarının bağlanması səbəbindən yollar hamı, o cümlədən oyuna gedən minlərlə azarkeş üçün xaos yaratdı"- deyə yazıda bildirilib.

Həmçinin qeyd edilir ki, yayımçı şirkətin oyunu şərh etməli olan ekspertləri Piter Krauç və Qlen Hoddl maşından düşərək, güclü yağış altında stadiona piyada getməli olublar. 

"Biz məcburən maşının xidmətindən imtina etməli olduq. Başımızı aşağı salıb yol aldıq. Piter qaçır, mən isə axsayaraq gedirdim" - deyə Qlen Hoddl bildirib.

"Qarabağ" Londonda tıxaca düşən  ilk Avropa komandası deyil...

"Daily Mail" nəşrinin yazdığına görə, "Qarabağ" "Tottenhem Hotspur"un ətrafında tıxaca düşən ilk Avropa komandası deyil. Qəzet yazır ki, 2023-cü ildə (9 mart - red.) Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem"lə oyundan əvvəl İtaliyanın "Milan" klubu da belə bir problemlə rastlaşıb.

Qəzet yazır ki, uzun illərdir "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov bu durumdan razı deyildi. Çünki onun komandasının hazırlaşması üçün cəmi 40 dəqiqə vaxtı qalmışdı.

"Təsəvvür edin, siz tıxacda 2,5 saat yarım ilişib qalırsınız. Mən bunu məğlubiyyətə bəhanə kimi gətirmək istəmirəm. Amma belə hal baş verməməli idi. Bizi müşayiət edən polis yox idi. Bu isə açıq-aşkar futbolçularımıza çox təsir etdi. Lakin baş verənlər rəqibin qələbəsinə kölgə salmır. Onlar yaxşı komandadır. Amma tıxaca görə oyuna lazımınca hazırlaşa bilmədik" - deyə oyundan sonra Q.Qurbanov bildirib. 

Xatırladaq ki, "Tottenhem" - "Qarabağ" oyunu 3:0 hesabı ilə yekunlaşıb (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC