“Neftçi” Misli Premyer Liqasının 2024/25 mövsümündə səfərdə qələbə qazanmayıb.
Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu 9 qarşılaşmada 5 heç-heçə edib və 4 dəfə uduzub.
“Ağ-qaralar” rəqib meydanında sonuncu dəfə ötən mövsümün son səfər oyununda 3 xal qazanıb. Mayın 18-də “Səbail”lə görüşən “Neftçi” 3 cavabsız qol vurub.
Ardınca “Səbail” (1:1), “Araz-Naxçıvan” (1:1), “Şamaxı” (0:0), “Zirə” (0:2), “Qarabağ” (0:4), “Kəpəz” (3:4), “Sabah” (0:0), “Sumqayıt” (0:2) və “Turan Tovuz”un (1:1) qonağı olan paytaxt təmsilçisi 9 matçdan ibarət qələbəsizlik seriyası yaşayıb. Bu, klubun tarixində yeni antirekorddur.
“Neftçi”nin səfərdəki ən uzun qələbəsiz oyunlar seriyası 8 matçdan ibarət idi. 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qədər olan müddətdə 8 qarşılaşmada 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınmışdı.
Xatırladaq ki, “Neftçi” qış fasiləsinə evdə 3 qələbəylə və ümumilikdə 17 xalla 8-ci pillədə yollanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC