Rusiyalı şahmatçı Yan Nepomnyaşi və norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionatında 1-ci yeri bölüşüb.
Presssport.az xəbər verir ki, ABŞ-nin Nyu York şəhərində keçirilmiş final qarşılaşmasının ilk 2 partiyasında Karlsen qələbə qazanıb.
Daha sonra Nepomnyaşi 2 dəfə onu məyus edib. Üç əlavə görüşdə isə heç-heçə qeydə alınıb.
Ardınca norveçli şahmatçı rəqibinə dünya çempionu titulunu bölüşməyə dəvət edib. Beləliklə, Beynəlxalq Şahmat Federasiyası ilk dəfə iki qrossmeysterin blits üzrə dünya çempionu olacağını açıqlayıb.
Daha əvvəl Karlsen geyim qaydalarını pozduğu üçün rapid üzrə yarışdan kənarlaşdırılıb. O, biltsdə mübarizə aparmayacağını açıqlasa da, sonradan fikrindən daşınıb.
Xatırladaq ki, Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunub. Onlardan heç biri blitsdə 1/4 finala yüksələ bilməyib. Rapiddə ən yaxşı nəticəni kişilərdən Məhəmməd Muradlı (12-ci yer), qadınlardan isə Günay Məmmədzadə (23-cü yer) göstərib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC