İtaliya Super Kubokunun qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, "Milan" "İnter"lə Milan derbisində 0:2 hesabından geridönüş edərək 8-ci dəfə bu titulu qazanıb.
Qarşılaşma Ər-Riyadda (Səudiyyə Ərəbistanı) neytral “Əl-Əvval Park” stadionunda keçirilib. Matçın baş hakimi italiyalı Simone Sodza olub.
Hesabı 45+1-ci dəqiqədə "İnter"in kapitanı Lautaro Martines açıb. 48-ci dəqiqədə Mehdi Taremi ev sahiblərinin üstünlüyünü ikiqat artırıb. 52-ci dəqiqədə Teo Hernandes buraxılmış qollardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə Kristian Pulişiç hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə "Milan"ın sonradan meydana çıxan hücumçusu Temmi Abraham qələbə topunun müəllifi olub.
Onu da bildirək ki, İtaliya Super Kuboku 2-ci dəfə 4 komandanın iştirakı ilə pley-off sistemi ilə keçirilib. Bu dəfə bütün oyunlar Səudiyyə Ərəbistanda keçirilib. Yarımfinalda "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib. "Milan" isə öz növbəsində "Yuventus"u turnirdən kənarlaşdırıb - 2:1. Özü də maraqlıdı ki, onda da əzmkar qələbə qeydə alınıb.
"Rossoneri" İtaliya Super Kubokunu 2016-cı ildən bəri ilk dəfə qazanıb. Bunadəksə 3 il dalbadal bu kubok həmşəhərliləri "İnter"ə qismət olub. Ümumilikdə “Milan” İtaliya Super Kubokunu 8 dəfə qazanıb. Bu göstəriciyə görə rekordçu isə 9 dəfə kubok qazanan "Yuventus"du.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC