“Zirə”nin futbolçularıyla maraqlananlar var - Rəşad Sadıqov onları satmağa hazır olduqlarını açıqlayıb

“Zirə”nin baş məşqçisi Presssport.az-a müsahibə verib.

42 yaşlı mütəxəssis “Şamaxı”yla yoldaşlıq görüşündən sonra (2:1) bir sıra maraqlı mətləblərdən söz açıb.

- Bu oyun sizə nə verdi?

- Bu dəfə cəmi 28-29 gün vaxtımız var idi. Proqramı müəyyənləşdirmək bir az çətinlik yaradırdı. Futbolçulara 11-12 gün istirahət imkanı yaradıb, 15-17 gün birlikdə olmağı nəzərdə tutduq. Toplanış dövründə ilk oyunumuz idi. Buna baxmayaraq, hər 2 komandanın futbolçuları məsuliyyətli görünürdü. Fikrimcə, həm “Zirə”, həm də “Şamaxı” üçün faydalı matç oldu.

-Yoldaşlıq görüşlərini ölkə daxilində, mövsüm ərzində azı 4 dəfə üz-üzə gəldiyiniz rəqiblərə qarşı keçirmək planlarınıza nə dərəcədə təsir edir?

- Hazırlıq üçün yanvarın 3-4-də ölkə xaricinə getsəydik belə, ən geci ayın 12-si Bakıda olmalıydıq. Çünki ayın 18-də rəsmi matçımız var. Xaricdə 7-8 gün ərzində 2-3 yoldaşlıq görüşü keçirmək mümkünsüz idi. Eyni səbəbdən komandaların əksəriyyəti təlim-məşq toplanışı üçün Vətəni seçdi. Nə dərəcədə effektli olacağını zaman göstərəcək. Təbii ki, başqa ölkələrin komandaları ilə 3-4 oyun keçirmək daha yaxşı olardı. Sadəcə, vaxt amili imkan vermirdi.

- Fasilə dönəmində yalnız Abbas İbrahimlə yolları ayırdınız. Belə çıxır ki, hazırkı heyət sizi tam qane edir?

- Futbolçularımdan razıyam. Abbasın da komandamızda qalmasını istəyirdim. Lakin az şans qazanırdı deyə, getmək istədiyini bildirdi. Məyusluğunu görürdüm deyə, ona daha çox şans qazanacağı yerə getməsinə imkan yaratdıq. “Pəncərə”nin bağlanmasına vaxt var. Bəzi futbolçularımızla şifahi maraqlanırlar. Hansısa futbolçumuza yaxşı təklif olsa, dəyərləndirə bilərik. Heyətimiz buna imkan verir.

- Dekabrda verdiyiniz açıqlamada bildirmişdiniz ki, “Zirə” qış fasiləsində transfer etməyəcək. Həmin fikirdə qalırsınız?

- Bu gün üçün belə bir planımız yoxdu. Hansısa transfer olsa belə, bu, gələcəyə hesablanmış plan ola bilər. Tutaq ki, istədiyimiz futbolçudur, yayda gətirə bilmərik və buna görə qışda gerçəkləşdirək.

- Hansı mövqeyə?

- Hücum xəttinə.

- Azərbaycan klublarında vəziyyət elədir ki, qış fasiləsində transfer etmək üçün mütləq kimsə göndərilməlidir. Abbas İbrahimin gedişi ilə “Zirə”də bir yer boşaldı…

- Yer boşalmadı, əksinə, heyət geniş idi. Xüsusən də yarımmüdafiənin mərkəzində. Bəzən Abbasın adını “23-lüy”ə sala bilmirdim və bu, mənə pis təsir edirdi. Onun gedişi ilə say məsələsində heyət tam formalaşdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC