"Belə qarşılaşmalar həmişə çətin keçir. Ümumiyyətlə, “Qarabağ”a qarşı asan oyun olmur. Meydana qələbə qazanmaq əzmi ilə çıxmışdıq. Təəssüf ki, alınmadı. Səhvimizdən qollar buraxdıq. Bu da nəticəyə təsir etdi”.
Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Misli Premyer Liqasının 31-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyun haqda danışarkən deyib.
O, “Neftçi”nin bütün komponentlərdə “Qarabağ”dan geri qalmasına belə münasibət bildirib: “Razıyam ki, çətinliklər oldu. İstədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə toparlanmağa çalışsaq da, yaxaladığımız epizodları dəyərləndirə bilmədik. Halbuki, şanslarımızdan istifadə etsəydik, hesab fərqli hesab olardı".
“Ola bilərmi ki, “Neftçi”nin hazırda fikri daha çox kubokdadır?” sualını Camalov belə cavablandırıb: “Deməzdim. Hər oyuna ciddi hazırlaşırıq. Bəli, avrokuboklara ən real yol bizim üçün kubokdur. Lakin “Qarabağ”la matçlar derbi xarakteri daşıyır. Azarkeşlərin gözlədiyi oyundu. Çalışırdıq ki, yaxşı mübarizə aparaq və azarkeşləri sevindirək. Təəssüf ki, alınmadı. Ümid edirik ki, kubokda azarkeşlərimizi sevindirəcəyik”.
30 yaşlı futbolçu qeyd edib ki, əzəli rəqibə böyük hesablı məğlubiyyət kubok matçının hazırlığına problem yaratmamalıdı: “Bu, səbəb ola bilməz. Çünki “Qarabağ”ın da kubok oyunu var. Vaxt az olsa da, əsas psixoloji hazırlaşmadı. Yanaşmamız ciddi olsa, hazırlaşmaq problem deyil, belədə bərpa prosesini rahat keçəcəyik. Bu, əsasən beyinlə əlaqəlidi".
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC