Hər bir futbol klubunda əsas komanda piramidanın zirvəsi sayılır. Onun baş məşqçisi də əslində, bütün komandalara rəhbərlik etməlidi. Yəni, təkcə əvəzedici heyətlə kifayətlənməyib digər komandalara da ümumi nəzarət etməlisən.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov bu baxımdan yaxşı nümunədi. Əslində, onun qayğıları yetərincədi. Çünki çətin bir vaxtda - sonuncu yerdə gedən komandanın “sükanı arxası”na keçərək xal ehtiyatını artırmağa başladı. Məqsəd də bir idi - “Kəpəz”i Premyer Liqada saxlamaq. Bu mənada nəticə qazanmaq üçün ən yaxşı futbolçuları meydana buraxmaq şərtdirsə, Bağırov gəncləri də diqqətdə saxladı. Bu da onun iş prinsiplərindən biridi. Axı, Azər müəllim hələ məşqçilikdə ilk addımlarını atarkən “Qəbələ” Futbol Akademiyasında işlədiyi vaxtda uşaq futboluna önəm verən, burda təcrübə qazanan bir mütəxəssisdi.
Misli Premyer Liqasında son dövrə “Kəpəz”ə Premyer Liqada qalmaq baxımından həlledici mərhələ idi. Həmin vaxt da Bağırovun yeniyetmə futbolçuları düşərgəyə dəvət etdi. Həmin futbolçular ki, cəmi 15 yaşları var - qapıçı Qüdrət Qarayevlə müdafiəçi Səccad Quliyev. “Kəpəz”in 44 yaşlı çalışdırıcısı vaxt tapan kimi U-15 komandasının da Gəncədəki matçlarını izləyərək adıçəkilən oyunçuları gözaltı etmişdi. Onların əsas komandada olması həm o ab-havanı hiss etmək baxımından faydalı idi, həm də böyük komandayla böyük meydanda, yaşıl otda məşq etmək baxımından.
Qüdrət üçün əsas komandada olmaq ona görə yerinə düşdü ki, burda qapıçılarla işləyən məşqçi Vüqar Məmmədovla birgə çalışıb. Axı, adıçəkilən təcrübəli mütəxəssis perspektivli qapıçıya mövsümün əvvəlindən diqqət yetirərək onunla indiyədək fərdi məşq keçir. Bağırovu da istedadlı, ucaboylu (1,88 metr) yetirməsi haqda elə Məmmədov məlumatlandırıb.
Bəli, mövsüm başa çatmaq üzrədi və “Kəpəz” demək olar yenə Premyer Liqada yerini qoruya biləcək. Bu dəfə isə həmin missiyanı yerinə yetirmək heç də asan olmadı. Axı, gəncəlilər Bağırovun gəlişinədək 1 xal belə toplamamış, məğlubiyyətləri sıralaya-sıralaya gedirdi. Düzdü, yeni baş məşqçiylə də bu uğursuz seriya bir müddət davam etsə də, ilk dövrənin son turunda “Neftçi”ylə Tovuzdakı matç dönüş nöqtəsi oldu. Belə ki, Bağırov yeni komandasına ilk xalları 4:3 hesablı qələbəylə qazandırdı. Ən maraqlı məqam ondadı ki, “Neftçi” məhz bu məğlubiyyətdən sonra mövsüm başlamamış gətirdiyi təcrübəli ukraynalı baş məşqçi, vaxtilə “Qəbələ”də uğurlu işiylə yadda qalaraq onu 2 il dalbadal Avropa Liqasının qrup mərhələsinə çıxaran Roman Qriqorçuku istefaya göndərdi.
Bağırovlu “Kəpəz”ə məhz Tovuzda məğlubiyyətdən sonra növbəti yola salınan rəqib baş məşqçi isə təcrübəli azərbaycanlı həmkarı, millimizi də çalışdırmış Şahin Diniyev oldu. Həmin Diniyev ki, Gəncədə vaxtilə futbol da oynayıb, baş məşqçi də olub və ən əsası, bu mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizədə keçmiş komandasının əsas rəqibi idi. Onda “Səbail” turnir cədvəlində “Kəpəz”dən 8 xal qabaq idisə, Bağırov gəlişindən sonra elə bir sürət yığdı ki, nəinki “dənizçilər”i keçərək son pilləyə yuvarladı, indi öz “ordu”siyla həmin 8 xallıq fərqiylə onu qabaqlayır. Qış fasiləsindən sonra isə “Kəpəz” nominal meydan sahibi olduğu Tovuzda məğlubedilməzdi. Hətta çempionluğun bir addımlığında olan lider “Qarabağ” da ordan qələbəylə qayıda bilməyib. Azər müəllimin qurduğu düzgün taktikanın və təbii ki, futbolçularının meydanda düzgün oyununun nəticəsi idi ki, Ağdam klubu III dövrədə Tovuz şəhər stadionunda 2 xal itkisinə məruz qaldı - 0:0.
Bütün bunlarla Bağırov sübut etdi ki, yaxşı məşqçidi və heç zaman vaxtı bəhanə etməyərək elə işin gedişində nəticə verə bilir. Necə ki, Region Liqasından Premyer Liqaya gətirdiyi ”Araz-Naxçıvan"ı mövsüm öncəsi 2 həftənin içində yığaraq necə bir döyüşkən komanda yığdı və onu turnir cədvəlində uzun müddət 2-ci pillədə saxlayaraq “Qarabağ”ı da məğlub etməyi (3:1) bacardı. “Kəpəz”də hazırkı işiylə isə göstərdi ki, növbəti mövsüm də bu postda qalmağa layiqdi, onu haqq edir və yaxşı büdcəylə avrokuboklar zonasında ola biləcək komanda da qura bilər. Bunun üçün lazım olan uğurlu seleksiya işini də Azər müəllim yaxşı bacarır.
Onun göz qoyduğu həmin gənclərsə - Qarayevlə Quliyev karyeralarında yeni mərhələ keçərək bu yay ölkə xaricinə, konkret olaraq İtaliyaya üz tutacaq. Bununla da onlar inkişaf etmək, karyeralarında irəliləmək üçün artıq əcnəbi məşqçilərlə birgə çalışacaq. Amma Gəncədə əllərindən tutub ayaq üstə durmalarına kömək edən azərbaycanlı məşqçiləri də unutmayacaqlar. Xüsusilə də Azər Bağırovu…
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC