“Qüdrəti niyə xüsusən gördüm - kəşf etdim demirəm - çünki elə həmin yaş qrupunda oğlum da oynayırdı. Elə oğlumun oyununa baxanda, Qarayevi görərək diqqətimi çəkmişdi. Ümumilikdə ”Kəpəz"in aşağı yaş qruplarından ibarət komandalarının oyunlarını müəyyən zaman kəsiyində, boş vaxtlarım olanda gedib izləyirəm. Oğlum da “Kəpəz”in U-15-də çıxış etdiyindən, daha çox bu komandanın oyununa baxıram".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Etibar İbrahimov deyib.
Misli Premyer Liqasında cari mövsümün son dövrəsi başlayanda Gəncə təmsilçisinin əsas komandasının məşqlərinə cəlb olunan 15 yaşlı qapıçı Qüdrət Qarayevin potensialı haqda danışan PRO kateqoriyalı mütəxəssis ilk olaraq onun futbola gec gəlməsinə toxunub: “Sözün açığı, Qüdrət futbola gec başlayıb. Bilirik ki, müəyyən istedadlar var. Bir istedad odur ki, uşaq digər həmyaşınından bir neçə göstəricidə fərqlənsin. İkinci istedad odur ki, bir uşaq digər həmyaşınından tez öyrənirsə, bu da istedaddı. Qüdrətin məşqlərə gec başlamaları oldu. Xüsusən də peşəkar məşqlərə. Əslən Goranboydandı, uşaqlıqda təməl məşqlərini, təməl texnikasını görməmişdi. Belə deyək ki, peşəkar məşqlərə adətən 15 yaşına keçəndən başlamışdı. Ancaq onun bu müddətdə belə inkişafı qeyd olunmalıdı. Oyunlarda da izlədiyim kimi, çıxışlarda çox yaxşıdı, çox cəsarətlidi. Artıq refleksləri, qeyri-adi çıxarışları, qurtarışları var. Bu, həqiqətən də istedadının, tez öyrənməyinin göstəriciləridi. Bəli, təməl texnikasında hiss edirəm ki, müəyyən səhvlər var. Amma baxıram ki, öz üzərində çox çalışır”.
İbrahimovun sözlərinə görə, “Kəpəz”in U-15 komandasının “1 nömrə”sinin 1 ildə böyük irəliləyişində atası, keçmiş idmançı, dünya və Avropa çempionu Yalçın Qarayevin ona göstərdiyi dəstək də böyük rol oynayıb: “Həm də bilirəm ki, individual məşqlərə də çox fikir verirlər. Bu işdə atasının oğluna xüsusi diqqətini qeyd etməyə bilmərəm. Bilirəm ki, peşəkar qapıçı məşqçiləri onunla çalışır. Bu da Qüdrətin daha tez inkişaf etməyilə bağlıdı. Hiss olunur ki, oyunda Qüdrətin xüsusi liderliyi var. Komandasını arxadan cəsarətlə oyuna başlamasına, arxadan oyun qurulmasına köməklik edir. Eyni zamanda komanda yoldaşlarına arxadan göstərişlər verir, dayaq olur. Bu gün də etiraf edək ki, Qarayev xüsusən boy fərqinə görə digər qapıçılardan aşkar üstündü. Eyni zamanda onu da bilirik ki, xüsusən dünya futbolunda alman və italyan qapıçıları daim xüsusi olaraq fərqlənib. Buna Buffon, Noyer kimi qapıçılar nümunədi. Bildiyim qədər Qüdrət bu ilin avqust-sentyabr aylarında İtaliyaya - konkret olaraq ”Peruca" futbol klubunun akademiyasına yollanacaq. Həmin vaxt Azərbaycanı tərk edərək böyük bir italyan futbol məktəbinə daxil olacaq. Əminəm ki, Qüdrət orda da tez bir zamanda daha da inkişaf edərək, sonradan Azərbaycan millisinə də dəvət alacaq. Çünki statistik göstəricilərinin buna gətirib çıxaracağına əminəm".
Məlumdu ki, 48 yaşlı İbrahimov uzun müddət xaricdə işləyib, beynəlxalq təcrübəsi böyükdü. Bu mənada 15 yaşlı bir futbolçunun bu yaşda Vətəndən kənara çıxmasının hansı üstünlüklərinin, digər tərəfdən, psixoloji planda hansı sıxıntılarının olmasını həmsöhbətimizdən daha yaxşı bilən ola bilməz: "Bəli, düz vurğuladınız ki, beynəlxalq təcrübəm daha çoxdu. Bu yaş qruplarında da işləmişəm - U-15, U-16 yığmalarından başlayaraq. Həm Azərbaycan, həm də Hindistan millisini U-15-dən başlayaraq U-17-ə apardım. Dünyanın hər yerində olduğum üçün yanaşmalar bir az fərqli olsa belə, ən önəmli məqsəddi. Bu uşaqda həqiqətən böyük bir məqsədə çatmaq üçün çox əziyyətli yollara qatlanmağını gördüm. Çünki sözün açğı, baxdım ki, həmin uşaq daim meydanda məşq edirdi. Baxıram ki, öz məşqlərindən əlavə, daim günün digər 3-4 saatını həmişə individiual məşqlərlə keçirir. Bu, həqiqətən onun inkişafında böyük təkandı. Ən başlıcası məqsəddi. İnsan qarşısına məqsəd qoyanda, həmin o müəyyən darıxmalardı, müəyyən çətinliklərdi, təbii ki, onlara sinə gəlir. Düşünürəm ki, Qüdrətdə yaxşı xarakter var. Xüsusən bu keyfiyyəti ona imkan verəcək ki, Avropa ölkəsində adaptasiya dövrünü tez keçsin. Bəli, ola bilər ki, yaxınları barədə müəyyən bir zaman darıxmalar olsun. Amma sizə əminlikə deyirəm ki, orda yaradılan şərait, oranın mühiti, ab-havası elədi ki, adaptasiya dönəmini tez keçirsən. Fikrimcə, Qüdrət bu mərhələni qısa bir periodda keçəcək, qısa bir vaxtda qət edəcək. İtaliyaya bu mərhələni arxada qoyanda artıq inkişaf yolunda addımlarını atacaq. Əvvəl də vurğuladığım kimi, Qarayevin xaraketi ona imkan verəcək ki, bu çətinlikləri aradan qaldırsın".
Təbii ki, hər bir qapıçı üçün boy amili vacibdi. Qüdrətdə bu, artıq 1,90 civarındadı. Bu isə cəmi 15 yaşı olan qolkiper üçün çox yaxşı göstəricidi. Təcrübəli mütəxəssislə söhbətimizdə bu üstünlüyün fonunda ucaboylu qapıçının koordinasiyasına məsələsini necə tənzimlənə bilməsinə də toxunduq: “Təbii ki, bu yaş üçün Qüdrətin boyu həqiqətən çox yaxşıdı - 1,88 metr. Fikrimcə, bu, onun çox üstün tərəfidi. Çünki etiraf edək ki, qapıçılar xüsusilə ucaboy olanda daha yaxşı səviyyədə olur. Avropada da qapıçının boy məsələsinə daha çox önəm verirlər. Bilirik ki, bugünkü gün qapıçılar həm də arxadan oyun qurulmasında böyük rol oynayır və İtaliya bu yöndə Qüdrət üçün yaxşı məktəb olacaq. Boy üstünlüyü ilə yanaşı, Allahın izniylə ayaqla oynamağı da düzəldər. Bəli, ucaboylu futboçular, ucaboylu qapıçılar adətən bir az koordinativ keyfiyyətdə geri qalır. Ancaq onu da qeyd edək ki, xüsusi individual məşqçilər var, hansılar ki həmin koordinativ keyfiyyətləri futbolçulara aşılayır. Təbii ki, bu yöndə müəyyən çalışmalarından, həmin koordinativ məşğələlərdən sonra Qarayevin həmin o problemləri də geridə qoyacağını düşünürəm. Hesab edirəm ki, boy faktoru ona yalnız və yalnız uğura gedəcək yolda yoldaş olacaq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC