Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.
Presssport.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb.
O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.
Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıb.
Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın 6-cı günündə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.
Xatırladaq ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC