"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə maraqlı açıqlamalar verib.
Presssport.az xəbər verir ki, klub rəhbəri ilk olaraq Türkiyədə keçdikləri təlim-məşq toplanışını dəyərləndirib: "Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, hələ komandanı tam komplektləşdirmək olmadı. Çünki etdiyimiz transferlərdə yanılmaq istəmirik. Nəzərə alsaq ki, büdcəmiz o qədər də böyük deyil. Əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür. Komandaya fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Bundan başqa, tibbi personalımızı gücləndirdik".
Quliyev transfer çalışmalarını davam etdirdiklərini söyləyib: "Azarkeşlərə bildirmək istəyirəm ki, yeni futbolçuların alınması barədə müzakirələr aparırıq. Bundan sonra minimum 2-3 futbolçunu da heyətə cəlb etməyi planlaşdırırıq. Skaut heyətimiz bu işin üzərində ciddi çalışır. Transfer etdiyimiz futbolçulardan razıyıq. Baxmayaraq ki, sonradan qoşulan oyunçulardan bəzilərinin fiziki hazırlıq səviyyəsi bizi tam qane etmir. Bununla belə, onlar öz üzərlərində işləyir və artım müşahidə olunur. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz rahat olsun, komandamız yeni mövsümə var gücü ilə hazırlaşır".
İdarə Heyətinin sədri azarkeşlərin onlar üçün çox önəmli olduğunu vurğulayıb:
"Azarkeşlərimiz olmasa, Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdu. Həyat fəlsəfəm onan ibarətdir ki, bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/26 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsun, onları dəstəkləsin. "Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub".
Quliyev komandanın infrastrukturunun gücləndirilməsi işlərinə önəm verdiklərini bildirib:
"Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdi. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadı və mülkiyyəti kimə qalacaq. Yəni etdiyimiz hər şey "Turan Tovuz"un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində, bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyününün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində, bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qədər bitirə bilərdik. Sadəcə, ot örtüyünün özünün yetişmə sezonu olur. Məhz buna görə sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orda ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktyabr ayında ot örtüyünün dəyişidirlməsi işləri yekunlaşmalıdı. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkir. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC