Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcək

Bu gün - oktyabrın 2-də FİFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Presssport.az xəbər verir ki, İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək.

Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidi.

Onu bildirək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıb.

Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər. Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC