“Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib

AFFA-nın inzibati binasında “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində növbəti seminar təşkil olunub.

Presssport.az xəbər verir ki, tədbirdə gənc hakimlər, veteran futbolçular, beynəlxalq dərəcəli hakimlər və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Seminarın reallaşmasında əsas məqsəd gənc hakimlərə Tofiq Bəhramovun və digər beynəlxalq dərəcəli hakimlərimizin uğurları barədə məlumat vermək və onları gələcəkdə daha yüksək uğurlar əldə etmək üçün motivasiya etmək olub. Gənc hakimlərə Tofiq Bəhramov haqqında olan kitab təqdim olunub.

Seminarda Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabarov çıxış edərək, əfsanəvi hakim Tofiq Bəhramovun zəngin irsindən, onun Azərbaycan və dünya futboluna verdiyi töhfələrdən danışıb, həmçinin müasir futbol qaydaları və hakimlik mövzusunda iştirakçılara məlumat verib. Layihə rəhbəri Rauf Cabarov öz növbəsində Tofiq Bəhramovun adının yaşadılması istiqamətində görülən işlərin önəmini vurğulayıb.

Tədbirdə beynəlxalq dərəcəli hakim Asim Xudiyev, FİFA referiləri Əliyar Ağayev və Rəhim Həsənov, eləcə də, milli dərəcəli hakim Ceyhun Həşimov da çıxış edərək, Tofiq Bəhramovla bağlı öz fikirlərini və xatirələrini bölüşüb.

Tədbir çərçivəsində Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş kitabçanın təqdimatı keçirilib.

Onu da bildirək ki, layihə Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC