Beynəlxalq Cüdo Federasiyası Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-Pridən sonra dünya reytinq cədvəlini yeniləyib.
Presssport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.
Olimpiya çempionları Zelim Kotsoyev (100 kiloqram) və Hidayət Heydərov (73 kiloqram) üç pillə irəliləyərək, öz çəki dərəcələri üzrə müvafiq olaraq, 2-ci və 3-cü sırada qərarlaşıb.
Balabəy Ağayev (60 kiloqram) 10-cu sıradan 6-cı, Ruslan Paşayev (66 kiloqram) 15-ci yerdən 4-cü pilləyə yüksəlib.
Murad Fətiyev (90 kiloqram) 13, Uşanqi Kokauri (+100 kiloqram) isə 7 pillə irəliləyərək 7-ci yerləri tutub.
Xatırladaq ki, Qran-Pri yarışında Balabəy Ağayev, Ruslan Paşayev, Hidayət Heydərov, Vüsal Qələndərzadə (81 kiloqram), Zelim Kotsoyev və Uşanqi Kokauri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram) və Murad Fətiyev isə bürünc mükafatla kifayətlənib.
Yekunda Azərbaycan yığması 9 mükafatla ümumi medal sıralamasında 1-ci olub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC